Qərbi Azərbaycan həqiqətləri: Alagözün əhalisi bir əsrdə necə dəyişdi? - FOTO - VİDEO
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, növbəti material keçmiş İrəvan quberniyasının Dərələyəz mahalının Keşişkənd, indiki Ermənistanın Yeğeqnadzor rayonu ərazisində yerləşən qədim Alagöz (indiki Yeğegis) kəndi haqqındadır.
Kənd bir neçə əsr ərzində Alagöz adını daşıyıb. 1991-ci ilin aprelində Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı dəyişdirilərək Yeğegis qoyulub.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Vayots Dzor vilayətinin tərkibindədir.
Kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Naxçıvan xanlığının Dərələyəz mahalının tərkibində olub.
1827-ci ildə Rusiya Naxçıvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Alagözün əhalisi 98 nəfərdən ibarət olub: 32 yerli türk və 58-i İrandan köçürülmüş 66 erməni.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 223 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 356 nəfər yaşayıb.
Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 412 nəfər yaşayıb.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 524 nəfər yaşayıb.

1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 524 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Alagöz sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür.

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə 271 nəfər yaşayıb, onlardan 180 nəfəri azərbaycanlı olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.
Kənd sovet dövründə müxtəlif illərdə Dərələyəz və Keşişkənd rayonlarının tərkibində olub. Keşişkənd rayonu sonradan Mikoyan və Yeğeqnadzor adlarını daşıyıb.
Erməni mənbələrinin məlumatlarına görə, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində, əsasən, azərbaycanlılar yaşayıblar.

Zaven Korkotyan. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə 268 nəfər yaşayıb, onlardan 267 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 353 nəfər yaşayıb.
Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:
1959-cu ildə kənddə 499 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti:
1970-ci ildə kənddə 884 nəfər yaşayıb.
1979-cu ildə kənddə 963 nəfər yaşayıb.
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 262 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
Azərbaycanlıların qovulmasından sonra kəndin ərazisində ermənilər yerləşdiriliblər.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə məzar daşlarının bir hissəsinin salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkar edilib.
Alagöz kəndinin ətrafında hələ sovet zamanında müsəlman din xadimi Əxi Təvəkküllə bağlı olan abidənin qalıqları tədqiq edilib. Ərazidə onun müxtəlif tədqiqatçıların XIV və ya XVI əsrlərə aid etdikləri məzar daşı qalıb. 2021-2024-cü illərdə aparılmış sahə işlərinin gedişində abidənin izləri aşkar edilməyib.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 33 ayrıca mənbə istifadə edilib. Bunların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Hovannisyanın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, Alagöz ilə bağlı 43 vizual material yerləşdirilib.
Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.
Bu layihənin videomaterialı noyabrın 3-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.














