Məşhur aktrisanın keşməkeşli həyat yolu – RETRO BAKU
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın “Retro Baku” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, veriliş türk kinosunun tanınmış simalarından biri olan Oya Aydoğana həsr olunub.
Bildirilir ki, o, güclü xarakterli, özünəinamlı qadın obrazları, istedadı və özünəməxsus ifası ilə “Yeşilçam” tarixində silinməz iz qoyub. Uşaqlıqdan aktrisa olmağı arzulayan Oya Aydoğan ailəsinin etirazlarına baxmayaraq, sənət yolundan dönməyib. O, 1976-cı ildə “Ses” jurnalının təşkil etdiyi 8-ci “Sinema Artisti” müsabiqəsində birinci yeri tutaraq kino dünyasına qədəm qoyub.
1970-ci illərin ikinci yarısından etibarən tanınmağa başlayan sənətçi karyerası ərzində 51 filmdə və 13 televiziya serialında rol alıb. O, Kemal Sunal, Cüneyt Arkın, Kadir İnanır, Ferdi Tayfur, Müslüm Gürses, Orhan Gencebay və İbrahim Tatlıses kimi məşhur sənətçilərlə eyni ekranı bölüşüb.
Oya Aydoğanın həyatında Banu Alkanla uzun illər davam edən rəqabət, “Yeşilçam”ın çətin çəkiliş şəraiti və maddi sıxıntılarla yanaşı, şəxsi həyatında yaşadığı uğursuz evliliklər də xüsusi yer tutub.
Aktrisa 1979-cu ildə iş adamı Haluk Ulusoy, 1988-ci ildə isə Latif Demirbağ ilə ailə həyatı qurub. İkinci evliliyindən bir oğlu dünyaya gəlib.
Sonrakı illərdə kino fəaliyyəti ilə yanaşı, televiziya aparıcısı kimi də fəaliyyət göstərən Aydoğan 2011-ci ildə Emel Müftüoğlu ilə birlikdə “Şekerli Kahve” proqramını aparıb. Ömrünün son illərində isə Lerzan Mutlu ilə “Söylemezsem Olmaz” maqazin proqramında çalışıb. 2016-cı ilin mayında qida boğazında ilişdikdən sonra aorta anevrizması diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktrisa mayın 15-də 59 yaşında İstanbulda vəfat edib.
Veriliş noyabrın 15-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














