AĞSTAFA: Eynallı kəndində problemlər həll olunur - FOTO
Ölkə rəhbərliyinin müvafiq tapşırığına uyğun olaraq Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev sakinlərlə səyyar qəbul-görüşlərini davam etdirir.
Rakus.az xəbər verir ki, müvafiq qrafikə uyğun olaraq növbəti görüş Eynallı kəndində keçirilib. Səyyar görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib. Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı, ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, höküm sürən ictimai-siyasi sabitliyindən geniş söz açıb. Həmçinin Ağstafada son illərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələr, yeni-yeni tikilib istifadəyə verilən sənaye, emal, istehsal və xidmət müəssisələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, görülən bütün bu işlər Ağstafanın sosial-iqtisadi inkişafını ən yüksək həddə çatdırmaqla yanaşı son illərdə rayonda minlərlə yeni iş yerləri açılmasına səbəb olmuşdur. Təbii ki, bu addımlar əhalimizin sosial-rifah halının yüksəldilməsi üçün atılır. Ümumilikdə bütün bunlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ağstafaya və ağstafalılara göstərdiyi yüksək dövlət qayğısının bariz nümunəsidir.
Sonra səyyar görüşdə iştirak edən kənd sakinlərinin təklif və müraciətləri qəbul olunub. Çıxış edən sakinlər, kəndi içməli su ilə təmin edən kəhriz quyularının təmir olunmasını, suvarma arxlarının betonlanmasını, “Göl yeri” adlanan ərazidə 1 ədəd subartezian quyusunun qazılmasını habelə mərkəzi avtomobil yolundan kəndin mərkəzinədək olan yola asfalt örtüyünün salınmasını təklif etmişlər. Rayon İcra hakimiyyətinin başçısı sakinlərin qaldırdıqları digər məsələlərin həlli istiqamətində aidiyyəti üzrə konkret tapşırıqlarını verdi.