Vətən yanğısı sönməyən Ardanış İcmasının Novruz tədbiri - FOTO
Martın 15-də Bakıda, “Şahənşah” Şadlıq Sarayında Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış Kənd İcmasının Novruz bayramı münasibətilə tədbir keçirilib.
Rakus.az xəbər verir ki, əvvəlcə “Gəl Novruz” manısının sədası altında foyedə Novruz adətləri ilə bəzədilmiş süfrə ilə tanışlıq olub.
Tədbiri Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvü, jurnalist ƏSGƏR İBRAHİMOV açaraq iştirakçıları, məclisin dəyərli qonaqlarını salamlayıb və deyib ki, bu gün Ardanış Kənd İcmasının təşkilatçılığı ilə bayram süfrəsi arxasında, Azərbaycana yazın gəlişini simvolizə edən, çox qədim zamanlardan ənənəyə çevrilən Novruz bayramı münasibətilə toplaşmışıq: “Tədbirimizi açıq elan etməzdən əvvəl, bayram ərəfəsində şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmək hamımız üçün böyük şərəfdir. Bilirik ki, VƏTƏN yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi hər zaman əzizdir. Gəlin, şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edək və ardınca Azərbaycanın Dövlət Himnini oxuyaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun, Müstəqil Azərbaycanımız isə daha da güclənsin, qüdrətlənsin və çiçəklənsin!”
Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycanın Dövlət Himni oxunub.
Sonra Ardanış Kənd İcmasının sədri, professor MƏHƏMMƏD KƏRİMOV icmanın yaranması, fəaliyyəti, gördüyü işlər və gələcək planları ilə bağlı məruzə edib:
“Əziz ELLİLƏR, hörmətli qonaqlar!
Xanımlar və cənablar!
Təbiətin dirçəliş və oyanış fəsli sayılan baharın gəlişi ərəfəsində, əzəmətli Bakımızın ən möhtəşəm saraylarından biri olan “Şahənşah” şadlıq sarayında Sizləri salamlayır, xoş gəlmisiniz deyirəm. Bu görüşümüz tarixi minilliklərə söykənən və ən müqəddəs bayramlarımızdan olan Novruz bayramı ərəfəsinə təsadüf edir. Sizin hər birinizi Ardanış İcmasının İdarə Heyəti adından və şəxsən öz adımdan təbrik edir, ən xoş diləklərimizi çatdırıram.
Əziz ELLILƏR, bu tədbirə təşrif buyuran hər kəsi ruhən, qəlbən birləşdirən müqəddəs bir amal var. O amal ki, bizi kökümüzdən qopmamağa, bu günümüzü məğrur yaşamağa və gələcəyə doğru inamla addımlamağa sövq edir. Bunun təməlində isə doğma yurd, el-oba sevgisi dayanır. Bu amalla məclisimizə təşrif buyurmuş qonaqlarımıızı salamlayır və icazənizlə onları təqdim etmək istəyirəm:
Qərbi Azərbaycan İcmasının sədri hörmətlı millət vəkilimiz Əziz müəllim Ələkbərli, Çəmbərək Rayon İcmasıbıb sədri professor Əvəz müəllim Ələkbərov, çox hörmətli deputatımız Məlahət xanım İbrahimova, Azərbaycan Tibb Universitetinin professoru Sabir müəllim Əliyev, Basarkeşər Rayon İcmasının sədri, dəyərli dostum akademik Nuru müəllim Bayramov, İcmanın Mərkəzi Aparatın əməkdaşları Qalib müəllim, İman müəllim və Çəmbərək rayonunun Cil, Şorca, Toxluca, Ağbulaq, Gölkənd, Yanıq Pəyə kənd icmalarının sədrləri.
Bir daha dəvətimizi qəbul edib təşrif buyurduqlarına və vaxt ayırıb Novruzu bizimlə birlikdə qarşılamalarına görə hər birinizə şəxsim və bütün Ardanış kənd əhli adından dərin təşəkkürümü bildirirəm. Var olasınız.
Əziz Ellilərim, artıq 36 ildir bütün Qərbi Azərbaycanlılar kimi ulu Göyçənin, oğuz diyarı məmləkətimizin bir parçası olan Ardanış kəndinin sakinləri də vətən həsrətilə, yurd, ocaq nisgili ilə yaşayırlar. Bu nisgillə dünyasını dəyişən həmkəndlilərimizə uca Allahdan rəhmət diləyirik! Həyat davam etdiyi kimi bu həsrət də davam edir.
Ardanış hər birimiz üçün əziz və müqəddəsdir. Çünki əcdadlarımızın yaşadığı və bizlərin pərvəriş tapdığı bir məkandır Ardanış. Analarımızın bizi dünyaya gətirdiyi, nənələrimizin bayatı deyərək layla çaldığı, babalarımızın müdrik sözlərini yaddaşımıza hopdurduğu, müəllimlərimizin təlim-tərbiyə verdiyi, yeniyetməlik dövründə hər birimizin sevdalandığı məkandır Ardanış! Oranın torpağı da, daşı da, otu, çiçəyi, qanqalı da, yollarının tozu da, yazda yaşıllaşan, payızda xəzələ dönən yarpağı da Vətəndir. Ardanışın dağlardan qalxan dumanı-çəni, qızmar günəşi, leysan yağdıran, dolu tökdürən, qışda bəyaz qara bürüdən buludlu səması, dağların qucağında nazlanan dağlar gözəli Göyçə gölü də Vətəndir. O əsrarəngiz diyarda dünyaya gələn, böyüyüb püxtələşən, kamilləşən insanlar da Vətənin bir hissəsi, bir parçasıdır. Təbii ki, insan olmasa Vətən məfhumu da olmaz. Bu mənada hamımızın bir yerdə olması hər birimizə hazırda sözlə təsvir edilə bilməyəcək qədər gözəl hisslər yaşadır.
Tarixi Böyük Azərbaycanın qərb bölgələrini – Göyçə, Zəngəzur, İrəvan, Vedibasar, Dərələyəz, Ağbaba, Zəngəzur mahallarını, hər qarışında türkün böyük tarixinin izləri yaşayan qutsal torpaqlarımızı, yad əllərdə qalmış aranlı-yaylaqlı yurdlarımızı düşünərkən ilkin xatırladığım və ruhumu yerindən oynadan bu ifadə olur: Ağır ellər! Ağır, çox ağır ellərimiz qopdu yerindən… Kiçik Qafqazın o təkrarsız mənzərələrini kim görməyibsə, Göyçəni dörd dolanıb Ələsgər ocağında sazın və sözün sehrində, necə deyərlər “varından yox olmayıbsa”, oraların biri-birindən gözəl kəndlərində şah süfrəsindən seçilməyən süfrələrində çörək kəsməyibsə, o ellərin bal kimi şirin ləhcəsini dinləməyibsə nələri itirdiyini təsəvvürünə gətirə bilməz! O illər də, o ellər də indi bizdən zaman və məkan məsafəsi baxımından uzaqlardadır… O ağır ellər yerindən tərpəndi… Dağlar yerindən oynayan kimi, min illərin palıdı, çinarı kökündən qopan kimi… Kim nə deyir-desin, insan hara gedir-getsin, bir içindəki ağrı-acını, bir də Vətənini özü ilə birlikdə getdiyi yerə aparır. Yurd həsrəti ağır daşa dönüb sinəmizə çırpılsa da, yumruq kimi boğazımıza dirənsə də nə yaxşı ki, ruhdan düşmədik, soyumuza-kökümüzə daha dərindən bağlandıq, adət-ənənələrimizi və mənəvi varlığımızı qürurla qoruduq, gələcəyə inam bəslədik. Ona görə də o abı havanı, o mühitin dəyərlərini özlərində yaşadan və bu günə daşıyan dəyərlı ağsaqqalllarımız, yaşlı nəslin nümayəndələri son 35 il ərzində doğulub böyüyən gənclərə ötürməli, onlarda həmin şövqün, vətən yanğısının sönməsinə imkan verməməlidirlər. Bir həqiqət də var ki, tarix öyrənmək və ibrət götürmək üçündür, inkişaf üçünsə bu günün və gələcəyin ab-havasına köklənməliyik.
İnzibati ərazi baxımından Ardanış kəndinin daxil olduğu Çəmbərək rayonu keçən əsrin 37-ci ilində yaradılarkən rayonun ilk prokuroru Məhəmməd Həsən oğlu Bayramovun, rayon məhkəməsinin ilk sədri Xaliq Tanrıverdi oğlu Verdiyevun bu vəzifələrə təyin olunması Ardanış əhalisinin intellektual səviyyəsindən, təşkilatçılıq qabiliyyətinin yüksək olmasından xəbər verir. Ümumilikdə, Cəmbərək rayonunun mövcud olduğu 1937-1988-ci illər ərzində 30-dan çox ardanışlı rayon mərkəzində idarə, müəssisə və təşkilatlarda, redaksiyada, eləcə də rayon partiya komitəsində müxtəlif vəzifələrdə çalışıb.
XIX əsrin ikinci yarısında dini təhsil üçün Yaxın Şərqə üz tutan Hacı Rəhimdən başlanan təhsil yolu nə qədər ardanışlının XX əsrin əvvəllərində Seminariyalar və ali məktəblərdə, indi isə dünyanın qabaqcıl ölkələrinin universitetlərində təhsil almalarına gətirib çıxardı. Hər xalqın, dövlətin inkişafının təməlində təhsil dayanır. Bu gün Ardanış əsilli gənclər dünyanın əksər ölkələrinin təhsil ocaqlarında oxuyur, işləyirlər. Bu isə səbəbsiz deyil. Məhz bu Ardanış kənd orta məktəbində qoyulan təhsil ənənəsinin məntiqi davamı, nəticəsidir. Qürurla deyə bilərik ki, ali təhsil almış və hazırda təhsil alan ardanışlıların sayı yüzlər-minlərlədir və onlar müxtəlif sahələrdə bizləri layiqincə təmsil edirlər.
Ardanış kənd orta məktəbinin yetirmələri arasında 1 akademiyanın müxbir üzvü, 6 kafedra müdiri, 8 professor, 10 elmlər doktoru, müxtəlif elm sahələri üzrə 38 fəlsəfə doktoruı Azərbaycan və dünya elminin zənginləşməsinə töhfə verməkdədirlər. Azərbaycanın bir sıra universitetlərində və elm ocaqlarında pedaqoji, elmi fəaliyyətlə yanaşı, həm də müxtəlif vəzifələr daşıyaraq həmin müəssisələrin idarəçilik sistemində də yer alırlar.
Dövlət idarəçilik sistemində, hüquq mühafizə orqanlarında müxtəlif məsul vəzifələr tutan həmkəndlilərimizin uğurları da sevindiricidir. Sovetlər dönəmində bir neçə rayonda uzun illər prokuror vəzifəsində çalışmış Əli Hacıyev, Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş Məcid Ələşrəf oğlu Vəliyev adlarını fəxrlə çəkdiyimiz həmkəndlilərimizdən olmuşlar. İndi də həmkəndlilərimiz müxtəlif sahədə məsul vəzifələr tutmaqdadırlar və onların sayı zaman getdikcə artır. Azərbaycan parlamentinin I vitse-spikeri Əli Hüseynov, ölkəmizin İran İslam Respublikasında və Tacikistanda səfiri olmuş Abbasəli Həsənov, indi Çin Xalq Respublikasında Azərbaycanın səfiri Bünyad Hüseynov, Daxili Qoşunlar Komandanının birinci müavini – Qərargah rəisi general-mayor Tofiq Hüseynov, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işləmiş general-mayor Şahvələd Əliyev, Quba rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışmış Ziyəddin Əliyev, Nizami rayon Məhkəməsinin sədri İlham Kərimli, Şirvan şəhər məhkəməsinin sədri Etibar Hümbətov, Xızı rayon Polis İdarəsinin rəisi işləmiş Nurəddin Həsənli, hazırda İmişli rayon Polis İdarəsinin rəisi Azər Tağıyev və Şabran rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışan Məhəmməd İbrahimov, kəndimizin təmsilçiləri olaraq müstəqil Azərbaycan dövlətinin inkişafında öz töhfələrini əsirgəmirlər.
Təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də elm, idarəçilik və biznes sahəsində kifayət qədər irəli getmiş həmkəndlilərimiz hər birimiz üçün sevincli hisslər yaşadır. Atom fizikası üzrə böyük alim, Özbəkistan SSR Elmlər Akademiyasının müxbir üzvü olmuş mərhum Eldar Məhəmməd oğlu Həsənovun nailiyyəti təkcə Ardanışın, Göyçənin adına deyil, bütün millətimizin adına yazılan uğurdur. Hazırda Ukraynada yaşayan, Kiyev “Aerostar” Aviasiya Şirkətinin təsisçisi və rəhbəri, texnika elmləri doktoru Şöhrəddin Əsgərov öz fəaliyyəti ilə hər birimizə qürur hissi yaşadır.
Əziz ELLİLƏR!
Hələ İkinci dünya müharibəsində Ardanış kəndinin igid oğulları qəhrəmanlıq salnaməsi yazmağa müvəffəq olmuşlar. 300-dən çox həmkəndlimiz cəbhədə qəhrəmancasına həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizədə Ardanış əsilli zabitlərin rolu danılmazdır. Ali hərbi məktəblərdə, Hərbi Akademiyada müəllim kimi də çalışan həmkəndlilərimiz var. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, ardanışlılar arasında istər 20 yanvar terrorunun, istər I Qarabağ, istərsə də II Qarabağ savaşlarının şəhidləri var və onların bir çoxunun ailə üzvləri bu gün bizimlədir. Onların hamısına bir daha allahdan rəhmət diləyir, qazilərimizə uzun ömür, cansağlığı arzu edirəm.
Azərbaycan Ordusunun ilk şəhid tibb bacısı məhz ardanışlı Rəhilə Əli qızı Orucova olmuşdur. Bu faktın özü bilavasitə ardanışlılarda vətənpərvərlik ruhunun səviyyəsindən xəbər verir. Bu yolun, bu ənənənin təməli də genetik yaddaşımızdan, ardanışlı igid babalarımızın mübarizə salnaməsindən başlanır. XX əsrin əvvəlində Məşədi Hümbət başda olmaqla, ardanışlıardan ibarət olan və daşnaklara qarşı mərdliklə mübarizə aparan kişilərin nəvə-nəticələri yalnız qəhərman kimi vuruşmalı idilər və belə də oldu. Hazırda iki həmkəndlimiz general-mayor rütbəsi daşıyır. Leytenantdan tutmuş polkovnik rütbəsinə qədər müxtəlif rütbəli zabitlərimiz var və onlar hər birimiz üçün qürur mənbəyi, fəxarət ünvanıdır.
Danılmaz həqiqətdir ki, Ardanış kəndi mədəni, ədəbi-bədii mühiti, ozanlar və folklor məkanı, eləcə də öz lətifələri bütün Göyçədə tanınan, seçilən kəndlərdən olubdur. Bədii yaradıcılıqla məşğul olan ziyalılarımız Ələkbər Həsənlinin, Əhməd Paşanın, Abbasəli Kərimovun, Məcid İbrahimovun, Rəşid Əhmədin yaradıcılıq yollarını davam etdirən şair və yazıçılarımız yetişmişdir. Onların qoyub getdiyi mənəvi və mədəni irs yaradıcı həmkəndlilərimiz tərəfindən bu gün daha da zənginləşdirilir. Azərbaycanda fəaliyyət göstərən yaradıcılıq birliklərinin, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin, Aşıqlar Birliyinin, Rəssamlar İttifaqının üzvü olan həmkəndlilərimiz də qürur mənbəyimizdir. Kənddə yaşamış insanların dağlardan aşaraq şəhərə gətirdiyi mədəniyyətin koloriti, şirəsi olmasaydı, bu günkü şəhər mədəniyyəti də yeknəsəq olardı. Qazax şairi Oljas Suleymenov Daşkəsən dağlarında saz ifasını dinləyərkən demişdir ki, Azərbaycanın mədəniyyəti təkcə Bakıda formalaşmayıb. Azərbaycan mədəniyyəti dağlardan və tarixin gədiklərindən aşıb gələn bu sazın üstündə pərvəriş tapıb.
Əziz ELLİLƏR!
Ölkəmizin bazar iqtisadiyyatı əsasında mövcud olan iqtisadi həyatında da Ardanış kəndinin yetirmələri uğurlu addımlar atmışlar. Böyük şirkərlərin qurucuları olan iş adamlarımız yüzlərlə insanı işlə təmin etməklə yanaşı, ölkəmizin çiçəklənməsi və iqtisadi inkişafı üçün də misilsiz töhfələr vermişlər və verməkdədirlər. Bu gün topalşdığımız “Şahənşah” sarayı bunun bariz nümunəsidir. İş adamlarımızın hər birinə uğurlar arzulayırıq və ən böyük arzumuz isə odur ki, zaman gəlsin, Ardanışın abadlaşmasında iştirak etsinlər. Fürsətdən istifadə edərək bu tədbirin də ərsəyə gəlməsində göstərdikləri maliyyə dəstəyinə görə iş adamları Aqil Kərimova, Rəşid Süleymanova, Azər Kərimova icma adından dərin təşəkkürümü bildirirəm.
Əziz ELLİLƏR!
Ardanış İcmasının fəaliyyəti barədə də bir neçə kəlmə demək istərdim. Bildiyiniz kimi, 2023-cü ildə rəsmi olaraq fəaliyyətə başlayan Qərbi Azərbaycan İcması yaradılmşdır. Bu təşkilat tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məqsədilə yaradılmış, Azərbaycan dövlətinin və şəxsən cənab Prezident İlham Əliyevin qayğısı və dəstəyi sayəsində bir sıra uğurlara imza atmışdır. Belə ki, soydaşlarımızın illər uzunu məruz qaldığı deportasiyalar, soyqırım faktları dünya ictimaiyyətinin diqqətinə mütəmadi şəkildə çatdırılır. BMT-yə, Avropa Birliyinə, Avropa Şurasına, eləcə də çoxsaylı dünya ölkələrinin rəhbərlərinə ünvanlanmış müraciət və tələblər tarixi həqiqətlərə işıq salmaqla bərabər, Ermənistan hökumətini və məkrli erməni diasporunu təşvişə salmışdır. Qərbi Azərbaycan İcmasının struktur bölmələri yaradılmış, eləcə də rayon və kənd icmaları təsis edilərək fəaliyyətə başlamışdır. Cəmbərək rayon İcmasının tərkibində fəaliyyət göstərən icmalardan biri də Ardanış kənd İcmasıdır. İcmanın İdarə Heyəti və digər struktur bölmələrinin fəaliyyəti barədə geniş danışıb vaxtınızı almaq istəmirəm. Müasir informasiya sistemlərinin və sosial şəbəkələrin yaratdığı imkanlar sayəsində həmkəndlilərimiz İdarə Heyətinin iclaslarında müzakirə olunan məsələlər və qəbul olunan qərarlar barədə icma üzvləri geniş məlumat alırlar. Deyə bilərəm ki, konkret iş planlarımız təsdiq edilib və məqsədyönlü şəkildə fəaliyyətimizi davam etdiririk. Bunun əyani nümunəsi bu günkü tədbirimizdir- Ardanış kəndinin tarixində bu qədər insanın bir çatı altında toplanıb Novruzu qeyd etməsi bir ilkdir və arzu edirəm davamlı olsun.
Əziz həmkəndlilərim! Hər birimizin ilk baxışda xırda görsənən fəaliyyəti sonda böyük bir gücə çevirilərək doğma yurda qayıdışımızı bir az da yaxınlaşdırır. Bu baxımdan təkcə bu tədbirdə iştirak edən həmvətənlərimizə deyil, bütün ardanışlılara müraciət edərək icmanın işində yaxından iştirak etməyə çağırıram. Bu sahədə fəal gənclərimizin üzərinə daha böyük məsuliyyət düşür. Həm özlərinin ictimai həyatda tanınması, həm də ümümi məqsəd naminə görüləcək işlərdə gənclər xüsusi canfəşanlıq göstərməlidirlər.
Ardanış kənd İcmasının məqsədlərindən biri də istedadlı gənclərə maddi və mənəvi dəstək göstərməkdən ibarətdir. Ola bilsin ki, yeni fəaliyyətə başladığımız üçün bu sahədə işlərimiz nəzərə çarpacaq dərəcədə deyil. Ancaq iş adamlarının, imkanı olan hər bir şəxsin dəstəyi ilə ehtiyacı olan gənclərimizə dayaq durmağa çalışacağıq. Bir daha qeyd edirəm ki, əsas məqsədimiz Qərbi Azərbaycan İcmasının qəbul etdiyi Qayıdış Konsepsiyasının müddəalarını həyata keçirmək üçün fəaliyyət göstərmək, çalışmaqdır. Ermənilərlə informasiya savaşı qayıdış üçün vacib olan həlledici savaşlardan biridir. Bu savaşın əsgərləri isə intellektual gənclərimizdir. Müxtəlif dillərdə məqalələrin, əsərlərin, arxiv materiallarının yayılması üçün fəal, savadlı gənclərimizi səfərbər olunmağa çağırıram. İnanıram ki, Ardanış kənd İcması Çəmbərək rayonunun, elə cə Qərbi Azərbaycanın ən fəal, ən məhsuldar kənd İcmalarından biri olacaqdır.
Çıxışımın sonunda möhətərəm Prezidentimiz İlham Əliyevin dediyi sözləri nəzərinizə çatdırmaq istəyirəm: “Bu gün biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıbdır. İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalı bizim tarixi torpağımızdır. Biz azərbaycanlılar o torpaqlara qayıtmalıyıq və qayıdacağıq. Bu gün bir daha demək istəyirəm, əsas məsələ ondadır ki, biz gərək inamımızı itirməyək…, inanmalıyıq və bu müqəddəs günü yaxınlaşdırmaq üçün iş görməliyik, fəaliyyətdə olmalıyıq. Onda istədiyimizə nail olacağıq”.
Bəli, Ardanış bir coğrafi obyekt olaraq, ərazi olaraq bizdən aralıdır. Düşünəndə ki, o kənd yağı əlində inləyir, o zaman ürək az qalır ki, param-parça olsun. Ağır və çəkilməz dərddir o torpaqların, ümumiyyətlə, vətən torpağının hər qarışının itkisi! Əslində, torpaq itmir, yerində durur. Amma o torpağa sahib çıxanda dönüb Vətən olur. Torpaqlarımıza yenidən sahib çıxacağıq. O gün uzaqda deyil. Vətəndə, Ardanışda görüşmək ümidi ilə bir daha hər birinizə uğurlar, cansağlığı, xoşbəxtlik arzu edirəm!
Son olaraq icazə verin bu tədbirin reallaşmasında əməyi keçən hər kəsə Sizin və Şəxsim adından təşəkkürümü bildirib və bunun davamlı olmasını arzu edim.
Diqqətinizə görə təşəkkür edirəm!
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı ƏZİZ ƏLƏKBƏRLİ çıxış edib. O, dəvətə görə təşəkkür edib, ardanışlıları salamlayıb, Novruz bayramı münasibətilə iştirakçıları təbrik edib və bldirib ki, belə tədbirlər qürurvericidir, sevindiricidir və biz ilk dəfə milli bayramlarımızı belə geniş keçirə bilirik. Bütün bunlar məhz Qərbi Azərbaycan İcmasının yaranması sayəsindədir. Cənab Prezident bu icmanı tarixi torpaqlarımıza taybatay açılan qapı kimi bizə bağışlayıb, bu şansı bizə yaradıb. Cənab Prezident 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasına gələndə bizə bir tövsiyə verdi və dedi, hamınız inanın ki, öz torpaqlarımıza qayıdacaqsınız. İlk növbədə hamımız buna unanmalısınız. Çıxışının sonunda qəti şəkildə bildirdi ki, biz belə tədbirlərdən birini də Qərbi Azərbaycan ərazisində, öz doğma torpaqlarımızda keçirəcəyik. Bu bizim üçün böyük şərəf idi. Biz cənab Prezidentin tövsiyəsi ilə sizinlə böyük yola çıxmışıq. O torpaqlar son qarışına qədər bizim ata-baba yurdumuzdur. Burada elə insan olmaz ki, o torpaqların altında onun əcdadlarının, qohumlarının, əcdadlarının məzarları olmasın. Biz o torpaqlara mütləq qayıdacağıq. Son qarışına qədər bizim olan o torpaqlara son qarışı qayıdana qədər, son adamımız qalana qədər bu mübarizəni aparacağıq. Hamınıza uğurlar arzulayıram”.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı MƏLAHƏT İBRAHİMQIZI Qərbi azərbaycanlıları salamlayıb, dəvətə görə təşəkkür edib və deyib ki, Ardanış İcmasının təşkil etdiyi bu tədbir bizim xəyallarımızı öz dədə-baba yurdlarımıza aparır: “Öz dədə-baba yurdumuzda bayramları necə keçiridiksə bu hisləri bizə yaşadan hörmətli Prezidentimiz İlham Əliyevə hamının adından təşəkkür edirəm. O bizi türk soyunun, boyununən əzəmətli, qürurlu hissəsi olan keçmişimizi unutmağa qoymadı. Həqiqətən də 24 dekabr Qərbi Azərbaycanın həyatında silinməz izlər qoydu. Əminik ki, biz öz Vətənizmizə gedəcəyik və getdikdən sonra 24 dekabr Qərbi Azərbaycanlıların tarixində ən müqəddəs günlərdən biri olacaq. Bizi perik düşən ruhlarımız çağırır. Ora bizim yurdumuzdur. Prezidentin icmanın açılışındakı çıxışı hər bir Qərbi azərbaycanlının stolüstü kitabı, yol xəritəsi olmalıdır. Qərbi Azərbaycan Azərbaycanın girovluqda qalan bir parçasıdır. Növbəti yolumuz Qərbi Azərbaycana- Zəngəzura, Göyçəyə, İrəvana olacaq. Bizim duamız odur ki, növbəti Novruz bayramını Qərbi Azərbaycanda keçirək. Bu, mütləq baş verəcək”.
Çəmbərək Rayon İcmasının sədri ƏVƏZ ƏLƏKBƏROV çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib, Ardanış icmasının fəaliyyətinə uğurlar arzulayıb, Prezident İlham Əliyevin ölkəmizin lider bir ölkəyə çevrilməsindən söz açıb, bu tədbirin indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyi yolunda dəyərli nümunə kimi dəyərləndirib: “Azərbaycanlılar, o cümlədən ardanışlılar da zaman-zaman öz yurdlarından qovulub. Ona görə bütün azərbaycanlılar öz yurdlarına qayıtmalıdır. Ardanış İcmasının keçirdiyi Novruz tədbiri bu amala xidmət edir və Qərbi Azərbaycan atət-ənənələrinin yaşadılması baxımından çox əhəmiyyətli sayılmalıdır. Ardanış Göyçənin ən gözəl kəndlərindən biridir. Qərbi Azərbaycanın bütün guşələri kimi, Ardanış kəndi də zəngin irsi ilə seçilir. Ardanış kəndi bizim həyatımızda, təhsilimizdə mühüm rol oynayıb. Ardanış əsilli müəllimlər, ziyalılar çoxdur, o cümlədən Abbasəli Kərimov bizim təhsilimizdə, təlim-tərbiyəmizdə xüsusi rol oynayıb. Bu gün onun övladı olan Aqil Kərimov öz xeyirxah əməlləri ilə bu layiqli irsi yaşadır. Bütün bunlar hər birimizi sevindirən tarixdir. Bu gün ardanışın sakinləri doğma yurdlarına geri qayıdış uğrunda əzmlə mübarizə aparırlar. Bu nümunə hamı üçün örnək olmalıdır. Əminik ki, tarixi ədalət öz yerini tapacaq və hamımız doğma yurdumuza qayıdacağıq və orada görüşəcəyik”.
Azərbaycan Tibb Universitetinin professoru SABİR ƏLİYEV iştirakçıları salamlayıb və qeyd edib ki, Göyçə gözəldi və camaatı da gözəldi, səmimidi, etibarlıdı, hünərli, qoçaq və qonaqpərvərdir: “Çəmbərək rayonu həmişə saflığı, vətənpərvərliyi, alimləri, gözəl insanları ilə fərqlənib. Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi gündür. Məhz bu gün bizlər yazın gəlişini, təbiətin oyanışını yeni ilin başlanğıcı kimi qeyd edib şənliklər keçirmişik. Məhz bugünkü tədbir bu şənliyin bir parçası olmaqla yanaşı, bizi köhnə xatirələrə, öz ata-baba yurdumuza qaytarmaq üçün böyük mənəvi stimul yaradır. Prezidentimizə çox təşəkkür edirik ki, Qərbi Azərbaycan İcmasını yaratdı. Bilirik ki, Qərbi Azərbaycan İcması hər birimizin ümid yeridir. Yarandığı gündən İcmanın fəaliyyəti daim təqdir olunub, gördüyü işlər yüksək qiymətləndirilib. Ardanış icmasının təşkil etdiyi bu tədbirdə bir yerə toplaşmaq, doğulduğumuz məskənləri xatırlamaq, elin-obanın bütün təbəqələrini toplamaq həqiqətən də təqdirəlayiq haldır. Hər birimiz əminik ki, bugünkü siyasət bizi Qərbi Azərbaycana aparır, doğma Vətənə, türk-oğuz ellərinə aparır. Qoy, bu yol hamı üçün uğurlu olsun, ruzili, bərəkətli olsun”.
Professor İBRAHİM BAYRAMOV tədbirin yüksək təşkilinə görə təşəkkür edib və bildirib ki, bu gün Qərbi Azərbaycanın bir parçası olan Ardanış Kənd İcmasının təşkil etdiyi tədbirdə iştirak etmək qürurludur: “Bu gün bütöv Qərbi Azərbaycan burada təmsil olunur. Qərbi Azərbaycan Azərbaycanın tarixi torpağı kimi, azərbaycanlıların da tarixi vətənidir. Qərbi Azərbaycanla bağlı görülən işlər biləvasitə o ərazinin, o yurdun hər bir qarıəşını əks etdirən yer-yurd adlarıdır. Çünki o adların içində Dədə Qorqudun səsi var, Aşıq Ələsgərin sazının səsi var. Göyçə tarixin qədimliyinə şahidlik edir. Bu sahədə gördüyümüz hər iş o torpağa qayıtmaq üçün atılan böyük addımdır. Ardanış Göyçənin sayılıb-seçilən kəndlərindən olub. Ardanışın hər bir qarışı xalqımızın tarixini özündə yaşadan məkandır. Bərəkətli torpaqları, qiymətli sərvətləri, əhəmiyyətli coğrafiyası və toponimləri ilə tarixin yaddaşına hopan Azərbaycan xalqı Qərbi Azərbaycanda da maddi zənginliklərə sahib olmaqla bərabər, bəşər mədəniyyət tarixini zənginləşdirib. Bu nümunələri bəşəriyyətə təqdim edən çox dəyərli ziyalılarımız var. Qərbi Azərbaycanın bir parçası olan Ardanış kəndində yüzlərlə toponim mövcuddur. Ardanış həm qədimliyi, həm zəngin toponimləri, həm coğrafiyası, həm də yerləşdiyi ərazi ilə strateji məna daşıyır. Mən bir daha bu tədbirə görə minnətdarlığımı bildirir və öz yetirmələri ilə qürur duyan ardanışlıların timsalında bütün Qərbi azərbaycanlıların Novruz bayramını təbrik edirəm. Mən o kəndin bütün sakinlərinə və icma üzvlərinə təşəkkür edirəm. İnanıram, zaman gələcək bzim hər birimiz doğma yurdlarımızda Novruz bayramını qeyd edəcəyik”.
Tanınmış həkim-cərrah MƏCİD MƏSİMOV Qərbi Azərbaycanımızın çox hörmətli sakinlərini salamlayıb, Ardanış İcmasının Novruz bayramı ərəfəsində belə tədbir təşkil etməsini yüksək dəyərləndirib: “Sovet dövründə vətənpərvər insanlar, alimlər Novruzu “yaz bayramı”, “təbiətin oyanışı bayramı” və digər adlar altında yaşatdılar. Çünki Novruz milli varlığımızın simvoludur. Novruz bayram mərasimi kimi kütləvi şənliklə, sevinc və coşqu ilə bağlıdır. Novruz bayramında kədərlənmək, qəmlənmək, qüssə çəkmək, qaşqabaqlı gəzmək, qüssələnmək olmaz. Düz 30 il qəmli, kədərli, qaşqabaqlı gəzsək də çox şükürlər olsun ki, Prezidentimizin ağıllı siyasəti, ordumuzun şücaəti, şəhidlərimizin qanı bahasına nəhayətində qələbə sevincini yaşadıq və bu sevinci bizə yaşadanlara hər zaman minnətdarıq. Bu gün ürəyimizdə bir yel əsir. Bu külək sanki Bakıdan Göyçəyə, Şorcaya, Ardanış tərəfə əsir. İnşallah, Bakı-Göyçə yolu bizi o gözəl diyarımıza aparacaq və onunla qovuşduracaq, Vətən, yurd nisgili bitməlidir. Vətən, torpaq sevgisi təkcə ata-baba yurdu ilə məhdudlaşmır. Hamımız kimi ardanışlıların da istəyi və ümidi doğma torpağa qayıtmaq, yarımçıq qalmış ömrü yenidən yaşamaqdır. Çünki orada heç vaxt erməni yaşamayıb. Bu gün Vətən həsrəti hər kəsin ürəyində əbədi yurd salıb. İnsan özünü nə qədər toparlasa da yenə də qəhərlənir, səsimiz titrəyir, gözlərimiz yaşarır. İnşallah, bu həsrətin bitiş vaxtı tezliklə yaxınlaşacaq”.
Ardanış Kənd İcmasının Gənclər Şurasının üzvü İLHAM ZÜLFÜQARLI çıxışında deyib ki, gənclər bu tədbirdə daha fəal iştirak edirlər: “Ardanış İcmasının Gənclər Şurasının üzvləri 1990-cı illərdə doğulan gənclərdir. Onlar Ardanışı, Göyçəni, Çəmbərəyi görməyib, orada doğulmayıb, orada böyüməyib, boya-başa çatmayıb, təhsil almayıb. Amma bizim mənəviyyatımız, varlğımız ora ilə bağlıdır. 1988-ci ildə bizimk baba-nənəılərimiz, atalarımız deportasiya olunduqdan sonra çox şükürlər olsun ki, digər toplumlar içərisində erroziyaya uğramadı. Onlar o mənəvi-əxlaqi dəyərləri göz bəbəkləri kimi qoruyub, onları nəsildən-nəsilə keçirən, bir miras kimi biz gənclərə aşılamağı, biz gənclərə ötürməyi bacardılar. Bu gün müstəqil Azərbaycanın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin Böyük Qayıdış istiqamətində biz gənclərə göstərdiyi etimadı Ardanış İcmasının Gənclər Şurası adından, bir Qərbi azərbaycanlı kimi öz fəaliyyətimizlə doğruldacağımıza sizləri əmin edirəm”.
Şəhid atası, şair NİZAMİ ELYANAR tədbir iştirakçılarının Bahar bayramını təbrik edərək, onlara ən xoş arzularını çatdırdı və dedi: “Vətənimizin azadlığı hər birimizin həyatından qiymətlidir. Ona görə də yazıram:
Hər qarış torpağa göz bəbəyini,
İstəsələr verrəm deyildir qəmim.
Silah götürməsəm də köməyini,
Əsirgəyən deyil şair qələmim.
Bir yığın arzum var ürəkdə yenə,
Ata da bilmirəm bu həyacanı,
Birinci yer verim hansı birinə,
Çiçəkli görməkdir Azərbaycanı!
Tər-qönçə güllərdən çələng hörəydim,
Bitirəydi şair burda dastanı.
Böyük dövlət kimi bütöv görəydim,
Güneyli, qüzeyli Azərbaycanı!
O, sonra 1992-ci ildə qələmə aldığı “Qəribdi Göyçə” şerini də oxuyub.
Ardanış kənd orta məktəbinin müəllimi TAPDIQ QASIMOV bugünkü tədbiri təşkil edənlərə minnətdarlığını bildirib: “Bugünkü yığınacağa baxanda özümü Ardanışda hiss edirəm. El, oba, kənd – bütün hamısı burada gözümüzün qabağındadı. İnşallah, Allahın köməyi ilə biz öz torpağımıza gedəcəyik. Tanrı Prezidentimizə cansağlığı versin, uzun ömür versin. Qarabağ torpaqları 44 gün içində alındı. Bəli, gec-tez Göyçəmiz də, Zəngəzurumuz da Prezidentimizin düşünülmüş siyasəti nəticəsində alınacaq. Onu deyə bilərəm ki, Göyçə də, Zəngəzur da Azərbaycandır. Bunu aşılamaq lazımdır. Allah bizə uzun ömür, cansağlığı versin gedək öz torpağımızda ömrümüzün qalan hissəsini davam etdirək”.
Ardanış kənd orta məktəbinin müəllimi, ağsaqqal QƏDİM NƏBİYEV iştirakçıları Novruz və Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırdı: “Ən bacarıqlı şagirdlərindən biri olan həkim Məhəmməd Kərimovun, icma sədrimizin çıxışı bizi o göyçək Göyçəmizin hər bucağına apardı. Orda hər şey xatırlandı. Çünki orada hər cığıra ayaqlarımız dəyib. Göyçənin gözəl guşələrindən biri də Ardanışdır. Biz çox kövrək anlar yaşayırıq. Novruz bayramı Qərbi Azərbaycanın digər yerlərində olduğu kimi, Ardanış kəndində də xüsusi statusu olan, sakinlərin böyük həvəs və coşqu ilə gözlədiyi və qeyd etdiyi bayram olub. Ardanışda Novruz bayramı bu gün də yaşadılır, ənənələri qorunub saxlanılır. Bu tədbir hər kəsdə nostalji hissləri oyadar. Yetişdirdiyimiz, təhsil, təlim-tərbiyə verdiyimiz şagirdlərimizlə hər zaman qürur duyuruq. Ardanışda hər zaman müəllimə, böyüyə, kiçiyə hörmət olub. Ardanış kəndinin insanları arasında hər zaman birlik və mehribançılıq möhkəm olub. Bu gün onların bir-birinə hörmətlə, izzətlə yanaşmaları, bir yerə yığılmaları, bizlərə diqqət göstərmələri ilə qürurlanırıq. Hər zaman olduğu kimi, Novruz bayramında da ağsaqqallar başda əyləşərlər. Ağsaqqalıq müdriklik, etimad, etibar dərəcəsidir. Yaşından asılı olmayaraq ağsaqqallıq Ardanışda hər zaman fəxr sayılıb”.
Sonra o, Ardanışın və Göyçənin təbiətini, tarixini, təhsil və mədəniyyətini vəsf edən şerlər söylədi.
Musiqi fasilələrindən sonra tədbirin aparıcısı ƏSGƏR İBRAHİMOV məclisə yekun vuraraq dedi: “Çox hörmətli tədbir iştirakçıları. Əsas məsələ hər bir işi yaxşı başlamaq deyil, həm də yaxşı sonlandırmaqdı. Hər işin əvvəli olduğu kimi, sonu da olur. Əlbəttə, istəməzdik tədbirimiz yekunlaşsın. Amma təəssüf ki, hər şey zamana bağlıdır. İnanırıq ki, belə tədbirlər hər birimizin yaddaşında, həyatında iz buraxacaq, gələcəkdə daha fəal, daha səmərəli fəaliyyətimizə töhfə verəcək. Çünki bu iş vicdan, təssübkeşlik işidir. Bu iş köbəyimizin kəsildiyi doğma yurdumuza qayıdış eşqinin təsiri ilə bağlıdır. Bu yolda eşqiniz, həvəsiniz heç zaman azalmasın. Hər birinizə uğurlar arzulayırıq. Novruz bayramımız mübarək olsun! İnşallah, əzəli və əbədi yurd yerlərimizdə gözəl Novruz bayramında tonqal başında görüşəcəyik. Sağ olun, var olun!
Yolumuz Qərbi Azərbaycanadır!
Yolumuz Göyçəyə, Ardanışadır!
Xatırladaq ki, tədbir zamanı 2022-ci il dekabrın 24-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Qərbi Azərbaycan İcması binasını açılışı və dövlət başçımızın oradakı nitqindən ibarət video-fraqment göstərilib, Ardanışın tarixi və etnoqrafiyası haqqında slayd nümayişi olunub, eyni zamanda, musiqi nümunələri, aşıq mahnıları, el havaları səsləndirilib. Ardanış əsilli Əməkdar mədəniyyət işçisi aşıq Bəhmən Kazımov, aşıq İmran Xəlilov, xlaq mahnıların ifaçısı İmran Kazımov, aşıq Rəfiqə Göyçəli, müğənni Könül Elqızı, balamançı Əziz Göyçəlinin ifaları məclisi daha da rövnəqləndirib, hər kəsin qəlbində bayram ovqatı yardıb. Qonaqların iştirakı ilə fərdi xatirə şəklləri çəkdirildikdən sonra tədbir “Baş müxəmməs”aşıq havası ilə yekunlaşıb.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qərbi Azərbaycan İcmasının Çəmbərək rayon icması üzrə koordinatoru İman Məmmədov, Gölkənd Kənd İcmasının sədri Tanrıverdi Mustafayev, Ağbulaq Kənd İcmasının sədri Əli Abbasəliyev, Cil Kənd İcmasının sədri Fərruz Rüstəmov, Yanıqpəyə Kənd İcmasının sədri Zaur Sardarov iştirak ediblər.