Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Qədim türk yurdu Arxaşanın erməniləşdirilmə sirri” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, bugünkü süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay toponimi, oronimi və hidronimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan ərazisində yüzlərlə, minlərlə daşınmaz tarix, mədəniyyət, dini abidələr və yurd yerləri ermənilər tərəfindən dağıdılıb, mənimsənilib və vandalizmə məruz qalıb.
Arx qırağı – Şəmşəddin, sonralar Berd adlandırılan rayon ərazisində qışlaq adıdır və 1930-cu ildə ləğv edilib.
Arxac – Dərələyəz mahalının Keşişkənd, sonralar Yeqeqnadzor adlandırılan rayon ərazisində kənd olub və 1940-cı illərdə ləğv edilib.
Arxaşan – Pəmbək mahallarının Böyük Qarakilsə, sonra Quqark adlandırılan rayon ərazisində qışlaq adıdır.
Arxaşan – Dərələyəz mahalının Paşalı, sonralar Əzizbəyov/Vayk adlandırılan rayonda dağ adıdır.
Arxüstü – Zəngəzur mahalının Qafan rayonu ərazisində kənd olub. XX əsrin əvvələrində kənd ləğv edilib və xarabalığa çevrilib.
Arcut – Pəmbək mahalının Böyük Qarakilsə, indiki Quqark rayonunda kənd adıdır. 1831-ci ildən burada yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzü nəticəsində deportasiya olunub. 1920-ci ildə azərbaycanlılar geri qayıtsa da 1988-ci ilin noyabrında sakinlər yenidən qovulub.
Arxaşan çay – Şəmşəddil mahalının Dilican şəhəri ərazisində çay adıdır.
Sonda vurğulanır ki, bu ərazilərdə yaşamış azərbaycanlı əhalinin dərin kökü və irsi adı çəkilən toponimlərdən də bəlli olur: “Məhz bu irsi və tarixi qoruyub saxlamaq, yaşatmaq, mənfur ermənilərin özlərinə məkan saydıqları tarixi oğuz yurdlarına qayıtmaq hər birimizin borcudur və bu, mütləq gerçəkləşəcək”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında aprelin 15-də saat 19:30-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.