Babacan, Bağırbəyli, Bağçalı, Babacan çay toponimi – türk tarixinin izi - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “Dədə Qorqudun adını çəkdiyi yaşayış məskəni” adlı süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Babacan, Bağırbəyli, Bağçalı toponimi və Babacan çay hidronimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan ərazisinə süni şəkildə köçürülən ermənilər tarix boyu bəd əməllərlə məşğul olaraq, saxta toponim dəyişiklikləri apararaq əsl həqiqəti unutdurmağa çalışıblar.
Babacan – Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonda kənd adıdır. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. 1919-cu ilin yazında kənd sakinləri deportasiya olunub. 1920-ci ildən sonra sakinlər geri qayıtsa da, 1988-ci ildə tamamilə yenidən qovulublar. 1978-ci ildə adı dəyişdirilib Qızılkənd, 1991-ci ildə yenidən dəyişdirilib Tsapatağ qoyulub.
Bağırbəyli – Zəngəzur mahalının Gorus rayonu ərazisində kənd olub. Burada 1907-ci ildə 836 azərbaycanlı yaşayıb. 1918-ci ildə onlar erməni təcavüzünə məruz qalaraq qırğınlarla qovulublar. 1920-ci ildə kənd ləğv edilib və indi xarabalığa çevrilib.
Bağçalı – Ağbaba mahalının Amasiya rayonu ərazisində kənd olub. Burada yaşayan azərbaycanlılar 1918-1920-cı illərdə erməni soyqırımına məruz qalıblar. Sonra kənd ləğv edilərək xarabalığa çevrilib.
Babacan çay – Göyçə mahalının Basarkeçər, sonralar Vardenis adlandırılan rayonun Babacan kəndində, Göyçə gölü hövzəsində çay adıdır.
Sonda vurğulanır ki, Qərbi Azərbaycanın silinən izləri, tarixi toponimlərimizin acı taleyi hamımızın nisgilli varlığımızı göynədir: “Bu gün duyğularımız tarıma çəkilsə də, qəlbimizdəki Vətənə qayıdış ümidi heç vaxt sönməyib. Təbii ki, günbəgün böyüyən bu umud həqiqət üçün doğulmayan erməniləri narahat edir. Çünki heç nə təəccüblü deyil, tarixi torpaqlarımıza qayıdış danılmaz və qaçılmaz faktdır”.
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlədə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet teleaparıcı Ramin İbrahimovun təqdimatında oktyabrın 7-də saat 20:40-da Baku TV-nin efirində və saat 21:30-da Youtube kanalında yayımlanıb.