Baş nazir qaydalarda dəyişiklik etdi
“Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişiklik edilib.
Rakus.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib.
Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən bir il müddətinə təyin olunur. Dəyişikliyə qədər bu müddət iki il müəyyən edilmişdi.
Sosial yardım almaq üçün müraciət edilən zaman ailənin sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə tam və düzgün məlumat verməsi və sosial yardım təyin edildikdən sonra gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailənin bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməsi üçün 15 iş günü müddəti müəyyən edilib.
Bu məlumatlar düzgün verilmədiyi aşkar olunduqda həmin ailə bir il müddətinə sosial yardım almaq hüququnu itirir.
Qərara edilən dəyişikliklərə əsasən, ailənin adambaşına düşən kommunal xidmətlərə görə limitinin 10 faizdən 15 faizə artırılır, ailənin orta aylıq gəlirinin hesablanmasında kredit nəzərə alınmır, eləcə də, elektron qaydada əldə olunması mümkün olmayan məlumatlar barədə aidiyyəti qurumların arayışlarının nəzərə alınması imkanı yaradılır.