“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Bu gün Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın hazırladığı “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı yayımlanıb.
Rakus.az xəbər verir ki, verilişin budəfəki qəhrəmanı baxımsız qalan məzarları könüllü şəkildə təmizləyən və təmir etdirən Rövşən Novruzov olub.
O bildirib ki, qəbiristanlıqlarda ot basmış, çatlamış və çökmüş məzarları gördükdə laqeyd qala bilmirəm: “Bu işə ilk dəfə mərhum meyxanaçı Vüqar Biləcərinin məzarını təmizləməklə başlamışam. Ürəyimdən gəldi, gedib məzarını silib-təmizlədim və sosial mediada paylaşdım. Bundan sonra özümdə bir fikir yarandı ki, gedib kimsəsiz və baxımsız qalan digər məzarları da təmizləyim”.
R.Novruzov təmizlədiyi məzarların sahiblərindən bəzilərinin ona təşəkkür etdiyini, bəzilərinin isə əksinə, narazılıq göstərdiyini söyləyib: “Hətta məzarın vəziyyətini lentə alıb paylaşdığım üçün məni polislə hədələyənlər olub. Ölü yiyəsi dedi ki, videonu silməsən, səni polisə verəcəyəm. Dedim, yaxşı, silərəm. Üç-dörd ay sonra gedib baxıram ki, məzar yenə əvvəlki pis vəziyyətində qalıb. Məzarın o vəziyyətdə olmasından utanmırlar, amma mənim çəkib göstərməyimdən utanırlar”.
O, məşhurlardan mərhum müğənni Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüyünü deyib: “Şəfanın məzarını ilk dəfə görəndə dəhşətə gəldim. Düşündüm ki, belə tanınmış bir müğənninin məzarı necə bu vəziyyətdə qala bilər? Müğənni dostları və sənət yoldaşları gəlib məzarını təmizləyə bilərdilər. Amma onunla duet oxuyan, bacı-qardaş kimi yaxın olan şəxslərin heç biri məzarının yerini belə tanımır”.
Veriliş iyulun 20-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














