Suriyanın inteqrasiyası – Trampın Şaraa sevgisi – TƏHLİL - FOTO
ABŞ Suriyanı terroru maliyyələşdirən dövlətlər siyahısından çıxarır. Prezident Donald Tramp suriyalı həmkarı Əhməd əş-Şaraaya yazdığı məktubda vurğulayıb: “Bizim Suriyaya investisiya qoymağa və ölkənizi həmişəkindən daha böyük, çiçəklənən etməyə hazır olan şirkətlərimiz var”.
Suriyaya qarşı sanksiyaların ləğvi haqqında fərmanı Tramp daha əvvəl, Ağ Evdəki ikinci görüşlərindən sonra imzalamış, o zaman dövlət katibi Marko Rubioya ölkənin terroru maliyyələşdirən ölkələr siyahısından çıxarılması məsələsinə baxmağı tapşırmışdı.
Yeri gəlmişkən, ABŞ Suriyaya qarşı ilk sanksiyaları 1979-cu ilin dekabrında tətbiq etmişdi. Onda ölkə terrorizmi dəstəkləyən dövlətlərin siyahısına daxil edilmişdi. Bu qərar Dəməşqin Fələstindən olan radikal qruplaşmalarla sıx əlaqələrinə, həmçinin Vaşinqtonun terrorçu hesab etdiyi hərəkatları dəstəklədiyinə görə qəbul olunmuşdu. Bundan başqa, o vaxtlar Suriya İsrailə qarşı fəaliyyət göstərən, Yaxın Şərqdən kənarda hücumlar həyata keçirən silahlı qruplaşmalara fəal şəkildə köməklik edir və sığınacaq verirdi.
Hafiz Əsəd və sonralar Bəşşar Əsədin yürütdükləri bu siyasət regionda ABŞ-nin milli maraqlarına, İsrailin təhlükəsizliyinə zidd idi. Xüsusən, Qolan təpələri İsrailin nəzarəti altına keçəndən, İranda 1979-cu il fevral inqilabından sonra rəsmi Dəməşq bu istiqamətdə fəallaşmışdı. O, Livandakı “Hizbullah”ın silah, canlı qüvvə və maddi baxımdan təminatında aparıcı olub.
Həmin dövrdə Suriya ilə İran arasında müttəfiqlik də sanksiyaların tətbiqi amillərindəndir. O zaman Suriyaya tətbiq edilən sanksiyalar sonrakı məhdudlaşdırıcı tədbirlərin görülməsi üçün əsas oldu. 2000-ci illərdə İraqdakı vəziyyətə, daha sonra isə vətəndaş müharibəsi gedişində Suriya hökumətinin vətəndaşlarına qarşı amansız davranışına görə sanksiyalar sərtləşdirildi.
Qanun Suriya həbsxanalarında işgəncə və edamların sübutları olan minlərlə fotoşəkili gizli şəkildə ölkədən çıxarmış “Sezar” təxəllüslü suriyalı hərbi fotoqrafın şərəfinə adlandırılıb.
ABŞ Suriyaya qarşı əsas iqtisadi sanksiyaları 2004–2011-ci illərdə Dəməşqin terrorçu qruplaşmaları dəstəkləməsi, kütləvi qırğın silahları hazırlamaq cəhdləri və hökumət əleyhinə etirazların qəddar şəkildə yatırılmasına görə tətbiq etdi.
2011-ci ildə rəsmi Dəməşqə “Barak Obamanın aktları” adlı məhdudiyyətlər qoyuldu. Suriyanın Xarici İşlər Nazirliyində bu addımın dialoq, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulan Suriya-Amerika münasibətlərində yeni səhifə açdığını bildirdilər. Dəməşq hesab edir ki, bu statusun ləğvi və sanksiyaların sonrakı aradan qaldırılması ölkənin iqtisadi bərpası, investisiyaların cəlb edilməsi və ticarətin inkişafı üçün şərait yaradacaq.
Suriyanın xarici işlər naziri əl-Şibani qərarı ölkə tarixində “qaranlıq fəslin bağlanması” olaraq adlandırıb.
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, Ağ Ev bu barədə Konqresi məlumatlandırıb. 45 gün ərzində aparılacaq yoxlamalar əsasında Prezidentin fərmanına uyğun cavab veriləcək. Rubionun sözlərinə görə, Suriyadan sanksiyaların götürülməsi beynəlxalq ticarət və investisiya sahəsində imkanlar açacaq.
Ölkəyə qarşı məhdudlaşdırıcı tədbirlər aradan qaldırıldıqdan, Bəşşar Əsəd hakimiyyətindən sonra Səudiyyə Ərəbistanından bir neçə şirkət Suriyanın bərpasına sərmayə qoyacağını da vəd edib.
Əhməd əş-Şaraa əvvəllər ABŞ Prezident Administrasiyasının ölkəsi ilə bağlı fəaliyyətini iqtisadi bərpa üçün geniş imkanlarla yanaşı, Suriyanın dünya iqtisadiyyatına reinteqrasiyasına yol açdığını da vurğulamışdı. Hələ 2025-ci il mayın 14-də Donald Tramp Ər-Riyadda Əhməd əş-Şaraa ilə görüşündə bu niyyətini açıqlamışdı.
Yeri gəlmişkən, bu, son 25 il ərzində ABŞ və Suriya rəhbərlərinin ilk görüşü olmuşdu. Sonuncu dəfə, 2000-ci ildə Ştatların ovaxtkı Prezidenti Bill Klinton Suriya Prezidenti Hafiz Əsədlə görüşmüşdü. Ondan əvvəl isə liderlər 1994-cü ildə bir araya gəlmişdi.
Xarici medianın məlumatına əsasən, Əhməd əş-Şaraa Ağ Ev rəhbərini ölkənin təbii ehtiyatlarına ABŞ-nin çıxışı qarşılığında sanksiyaları götürməyə çağırmışdı.
2026-ci il aprelin 16-da Suriyanın Xarici İşlər və Mühacirət Nazirliyi “X” sosial şəbəkəsində ABŞ qoşunlarını ölkəsində tamamilə çıxardığını alqışlamışdı. Bununla da ABŞ hərbi obyektlərinin Suriya hökumətinə təhvil verildiyi tamamlanmışdı.
Bununla belə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığından (CENTCOM) bildirilmişdi ki, Amerika hərbçiləri İŞİD-in tam məğlubiyyətinin təmin edilməsi və regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün həlledici əhəmiyyət kəsb edən tərəfdaşların həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləməyə davam edəcəklər.
ABŞ-nin Suriyaya qarşı sanksiyaları ləğv etməsi, ordusunu bu ölkədən çıxarmaq rəsmi Dəməşqə Vaşinqtonun etibarını artmasının göstəricisi olmaqla yanaşı, həm də regiona əməkdaşlıq imkanlarının artmasına şərait yaradır.
Donald Tramp Suriya lideri Əhməd əş-Şaraanın “Hizbullah”la bağlı məsələnin həllində köməklik etməyi öhdəsinə götürdüyünü bəyan edib. Bu, Vaşinqtonun rəsmi Dəməşqə etimadının göstəricisi də sayıla bilər. Tramp prezident təyyarəsində jurnalistlərə açıqlamasında əş-Şaraanı tərifləyərək onun “əla iş gördüyünü”, “Suriyanı birləşdirdiyini” də vurğulayıb.
Şaraa hakimiyyətinin üzərinə götürdüyü öhdəliklərdən biri parlamentin formalaşması və seçkilərin keçirilməsidir. Bir neçə gün öncə o, ölkənin yeni parlamentinin boş qalan yerlərinə 70 üzvü təyin edib. Yeni təyin olunan üzvlərdən 15-i qadın, 13-ü 2024-cü ildə devrilmiş Bəşşar Əsədin hakimiyyəti dövründə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, Suriyanın keçid parlamenti 210 yerdən ibarətdir. Siyasi qüvvələr arasında əldə edilmiş razılığa əsasən ali qanunverici orqanın üzvlərinin üçdə ikisi keçən 2025-ci ilin oktyabrında regional seçki komissiyaları tərəfindən müəyyənləşdirilib, qalan üçdə biri isə prezident tərəfindən təyin edilib.
Suriyanın şimalında Süveyda bölgəsində seçkilər hələ ki keçirilməyib.
Ali Seçki Komissiyasının başçısı bildirib ki, həmin əyalətdə bu siyasi kampaniya üçün münasib şərait yarandıqda seçkiləri keçirəcəklər.
Bu ölkənin regiondakı qonşularla çoxsaylı problemləri mövcuddur. Bununla belə, rəsmi Dəməşq İsrail də daxil olmaqla həmsərhəd dövlətlərlə münasibətlərin qurulmasında maraqlı görünür. Suriya, ilk növbədə, Türkiyə ilə əlaqələrə üstünlük verir. Bunun da əsasını bir sıra tarixi, mədəni bağlar təşkil edir.
Suriya terrorizmi maliyyələşdirən dövlətdən ona qarşı mübarizə aparan ölkəyə çevrilir. Elə Əhməd əş-Şaraa da bu istiqamətdə fəallıq göstərir.
Belə qənaətə gəlmək olar ki, SƏR lideri “ərəb baharı”ndan sonra hakimiyyətə gəlmişlərin səhvlərindən nəticə çıxarıb. Vaxtilə Misir Ərəb Respublikasında ümumxalq səsverməsi yolu ilə hakimiyyətə gəlmiş Məhəmməd Mursi hakimiyyətinin legitimliyini tanımış Qərbin etimadını və etibarını qazana bilmədi. Bu isə ölkəsinə, ona və təmsil etdiyi siyasi qüvvələrə baha başa gəldi.
Əhməd əş-Şaraa isə ölkəsinə tətbiq edilən sanksiyaların ləğvinə, ABŞ ordusunun Suriyadan çıxarılmasına nail olub. Suriya regionda terrora qarşı mübarizə üçün etibarlı tərəfdaşa çevrilir. Suriyanın belə inteqrasiyası, habelə qlobal miqyasda etimad qazanması münaqişə, terror, qarşıdurma tərəfdarı olan bir sıra ölkələr üçün nümunə də sayıla bilər.
Sədrəddin Soltan – “Report”














