Azərbaycan-Pakistan münasibətlərinin çox maraqlı tarixi var – AÇIQLAMA
Məlum olduğu kimi, iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfərin yekunları ilə bağlı ölkə rəhbərləri mətbuata bəyanatlara çıxış ediblər.
Rakus.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib.
O deyib ki, Pakistan və Azərbaycan arasındakı münasibətin çox dəyərli və maraqlı tarixi var.
“Azərbaycan Prezidenti cənab İlham Əliyev öz bəyanatında bölgədəki geosiyasi vəziyyət, Azərbaycan-Pakistan münasibətləri, bu münasibətlərin inkişaf meyilləri və qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı tezislər səsləndirmişdir. Əvvəlcə onu qeyd edək ki, ölkələrimiz arasındakı münasibətlərin çox dəyərli və maraqlı tarixi var. Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və Pakistan arasında bölgə və qlobal problemlərin oxşarlığı ilə xarakterizə olunan münasibətlər mövcuddur. Tarixdən bəlli olduğu kimi, hələ Səfəvilər və Əfşarların hakimiyyəti zamanında Azərbaycanın bu regionla çox yaxın hərbi, siyasi-iqtisadi və mədəni-ədəbi əlaqələri mövcud idi. Ötən əsrin əvvəllərində Pakistanın üzləşdiyi ağır epidemiya ilə mübarizəsinə dəstək məqsədilə tanınmış azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvəndi dost ölkəyə göndərməsi bu münasibətlərə yeni mənəvi ruh verdi. Pakistan xaqlı və dövləti bu tarixi heç vaxt unutmayıb. 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu fakt ölkədə tədris olunan tarix dərsliklərinə daxil edilib. Yeri gəlmişkən, Azərbaycan tərəfdən xeyriyyəçilik ənənələri indi də qorunub saxlanmaqdadır. 2016-cı ildə Heydər Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblərin təmir edilməsi və bir sıra humanitar aksiyaların həyata keçirilməsi dostluq münasibətlərinin bu gün də yüksək səviyyədə qorunub saxlanmasına mühüm dəstəkdir. Bu əlaqələrin inkişafına verdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilmişdir”, – deyə parlamentari bildirib.
Ə.Hüseynli vurğulayıb ki, Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci ildə Türkiyə və Rumıniyadan sonra tanıyan ilk üç ölkədən biridir: “Bakı ilə İslamabad arasında diplomatik əməkdaşlığın başlanğıcı 1992-ci ilə təsadüf edir. 1993-cü ildə Pakistanın Azərbaycanda səfirliyi, 1997-ci ildə isə Pakistanda Azərbaycanın daimi nümayəndəliyi təsis edilmişdir. Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin “Heydər Əliyev ili”nə, həm də məhz 15 İyun- Milli Qurtuluş Gününə təsadüf etməsi də rəmzi məna daşıyır. Belə ki, 1993-cü ildə ulu öndərin yenidən Azərbaycana rəhbərliyə qayıtması ilə ölkələrimiz arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1996-cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində 9 mühüm sənəd imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini dəstəklədiklərini bəyan etmişər. 2002-ci ildə isə Azərbaycan Hökuməti və Pakistan Hökuməti arasında “Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş” imzalanmışdır. Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Azərbaycanla düşmən mövqeyində duran Ermənistanı indiyə qədər suveren dövlət kimi tanımır. 2015-ci ildə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2016-cı ilin aprel döyüşləri zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə 200 milyonluq Pakistan xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Cənab İlham Əliyev bir nümunə ilə bu münasibətlərin dəyərini belə ifadə etmişdir: “Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki, xalqlarımız da öz rəhbərlərinin fikrinin bölüşürlər və Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır”.
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişi üzərində hazırda gedən danışıqlarla bağlı Pakistanın Baş nazirinə məlumat verərkən demişdir: “Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində həkk etməlidir ki, Qarabağ – Azərbaycandır”. Baş nazir Məhəmməd Şahbaz Şərifin indiki geosiyasi şəraitdə Azərbaycan səfəri əlaqələrin inkişafını sürətləndirmək və enerji məsələlərində münasibətləri gücləndirmək baxımından mühüm aspektləri əhatə edir. Bəyanatlarda səslənən ən vacib məqamlardan biri də odur ki, Azərbaycan və Pakistan hərbi sahədə də daha önəmli fazaya keçməyi qərarlaşdırmışlar. Beləliklə, bu səfərin nəticələri onu deməyə əsas verir ki, bizim üçün Pakistan demokratik dəyərlərə sahib olan və dünyada ən yaxın müttəfiq ölkələrdəndir. Görünən odur ki, istənilən geosiyasi şəraitdə ölkələrimiz arasındakı tarixi-siyasi və mədəni-mənəvi münasibətlər eyni vüsətlə inkişaf edən xətt üzrə irəliləməkdədir”.