Hərbi 04.06.2026 16:04

Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO

2021-ci il iyunun 4-ü. Bu gün həmin o dəhşətli tarixdən 5 il ötür. Zaman bəlkə bəzi yaralara məlhəm olur, amma Vətən naminə yarıda qalan ömürlərin acısını əsla azaltmır.

Jurnalist Məhərrəm İbrahimovun Kəlbəcər dağlarında erməni vəhşiliyini ifşa edib həqiqətləri tarixə köçürərkən şəhidlik zirvəsinə ucalmasının beşinci ildönümündə onunla çiyin-çiyinə çalışmış AZƏRTAC-ın əməkdaşları Müşfiqabad qəsəbəsindəki qəbiristanlığa gedərək unudulmaz həmkarlarının məzarını ziyarət ediblər.

Anım mərasimində AZƏRTAC-ın əməkdaşları ilə bərabər, Binəqədi Rayon İcra Hakimiyyətinin, rayonun M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin nümayəndələri və şəhid jurnalistin ailə üzvləri də iştirak ediblər.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov, bacısı Sevda Əsgərova, AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov və M.Ə.Rəsulzadə qəsəbəsi bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək, Məhərrəm İbrahimovun şərəfli ömür yolundan, onun hərbi jurnalistika tariximizə yazdığı qəhrəmanlıq salnaməsindən söz açıblar.

Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərindən etibarən daim ön cəbhədə, hadisələrin ən qaynar nöqtələrində olan Məhərrəm işğaldan azad edilmiş torpaqlarımızın hər qarışını addım-addım gəzərək erməni vandallarının törətdiyi vəhşilikləri yazıya çevirir, tarixləşdirirdi. Onun yazdığı hər bir sətir bu gün düşmənin iç üzünü dünyaya göstərən təkzibolunmaz tarixi sənədə çevrilib. Lakin təəssüf ki, doğma yurdun salnaməsini yaratmaq kimi müqəddəs amalı canı bahasına yerinə yetirən cəsur jurnalistin ömür yolu elə Kəlbəcər dağlarında yarıda qaldı.

Belə ki, peşə fəaliyyəti ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan avtomobilin Susuzluq kəndi istiqamətində 2021-ci il iyunun 4-də saat 11 radələrində tankəleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak oldular.

Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş İbrahimov Məhərrəm Əli oğlu Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Həmçinin Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki küçələrdən birinə şəhid jurnalistin adı verilib. AZƏRTAC-ın inzibati binasında Məhərrəm İbrahimovun xatirəsi əbədiləşdirilib, barelyefi açılıb.

Vurğulanıb ki, Məhərrəm Ermənistanın xain mina terroru nəticəsində şəhadətə qovuşsa da, onun əziz xatirəsi, göstərdiyi peşə şücaəti və adı xalqımızın qan yaddaşına əbədi həkk olunub.

Ailə üzvləri şəhid jurnalistin xatirəsini hər zaman uca tutan və bu anım günündə yanlarında olan hər kəsə dərin minnətdarlıqlarını ifadə ediblər.

Mərasimin sonunda şəhid jurnalistin ruhuna dualar oxunub, məzarı üzərinə tər güllər düzülüb.

Ziyarətdən sonra Məhərrəm İbrahimovun xatirəsinə ehsan süfrəsi açılıb.

Zaman sürətlə axıb keçir… İndi Məhərrəmin qarış-qarış gəzdiyi Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. İrimiqyaslı quruculuq işləri, ucalan yeni binalar və salınan yollar otuzillik işğalın və amansız vandallığın izlərini silir, insanlar böyük qürurla öz doğma yurdlarında yeni ömür salnaməsi yazırlar. Lakin illər, əsrlər keçsə də, gələcək nəsillər bu torpaqların hansı çətinliklərlə azad olunduğunu, düşmənin vurduğu yaraların miqyasını və 2021-ci il iyunun 4-də yarımçıq qalan o müqəddəs missiyanı əsla unutmayacaqlar. Onlar bu acı, həm də şərəfli tarixi məhz Məhərrəm kimi qələmini silaha çevirən fədakar oğulların bizə miras qoyduğu, min bir əzabla arxivləşdirdiyi təkzibolunmaz materiallar əsasında öyrənəcəklər.

Ruhun şad olsun, Məhərrəm!

Müxbir – Gülay Nəzərova
Foto – Səfiyar Məcnun
 

Yarımçıq qalan müqəddəs missiya - Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür VİDEO

 

XƏBƏR LENTİ
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO