Gündəm 05.06.2026 17:32

“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO

Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə sözləri Sevda Əsgərovaya məxsus “Bir Məhərrəm yarası var ürəyimin” və sözləri Elşad Barat olan “Salam, alın yazısı” mahnılarının klipləri təqdim edilib. Həmçinin Məhərrəm İbrahimovun xatirəsinə həsr edilən “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabının təqdimatı olub.

Mərasimdən əvvəl iştirakçılar AZƏRTAC-ın inzibati binasında Məhərrəm İbrahimovun xatirəsinə yaradılmış guşədə onun barelyefi önünə tər gül dəstələri düzüb, şəhidin xatirəsini ehtiramla yad ediblər.

Tədbir şəhid jurnalistin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Mərasimdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev Məhərrəm İbrahimovun həm peşəkar jurnalist, həm də fədakar bir vətəndaş kimi keçdiyi qısa, lakin şərəfli ömür yolundan söz açaraq deyib: “Məhərrəm İbrahimov AZƏRTAC ailəsində hər zaman öz işinə sadiqliyi, yüksək məsuliyyəti və nəcib insani keyfiyyətləri ilə seçilib. O, işğaldan azad edilmiş torpaqlarımızdakı real vəziyyəti, mənfur düşmənin törətdiyi vəhşilikləri dünyaya çatdırmaq kimi müqəddəs bir missiyanı yerinə yetirərkən şəhadət zirvəsinə ucalıb. Məhərrəmin və onunla birlikdə şəhidlik məqamına qovuşan digər soydaşlarımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Biz onun hər zaman ən çətin, ən təhlükəli tapşırıqların öhdəsindən qorxmadan, böyük bir peşə sevgisi və həvəslə gəldiyinin şahidi olmuşuq. Məhərrəm öz peşə borcunu canı və qanı bahasına yerinə yetirərək milli jurnalistika tariximizə silinməz bir imza atıb.

Bu amansız xəbəri ilk dəfə eşidəndə inanmaq çox çətin idi. Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki, bəlkə cavab verər, bəlkə xəbər yalandır deyə… Amma təəssüf ki, reallıq çox acı idi. Məhərrəm kimi mərd oğullar canları bahasına qəlbimizdə və tariximizdə silinməz izlər qoyublar. Onlar öz ömürlərini bu Vətənə, bu xalqa xidmətə fəda ediblər. İnanıram ki, Məhərrəmin əmanəti olan övladları hər zaman qəhrəman ataları ilə fəxr edəcək, onun adını uca tutacaqlar. Ən böyük arzumuz və təsəllimiz odur ki, şəhidlərimizin canı bahasına qazanılan bu qələbə daimi olsun və gələcək nəsillər bir daha müharibə ağrısı görməsinlər”.

AZƏRTAC-ın İdarə Heyətinin sədr müavini Dağbəyi İsmayılov şəhid jurnalistin əziz xatirəsini ehtiramla yad edərək, onun peşə fəaliyyətindəki fədakarlığından və cəsarətindən söz açaraq bildirib: “Məhərrəm cismən yanımızda olmasa da, ruhu hər zaman bizimlədir, qəlbimizdədir. O, peşəsinə olan sonsuz bağlılığı, fədakarlığı və əməli ilə öz adını tarixə əbədi həkk edib. Bu gün hər birimiz fəxr edirik ki, işğaldan azad olunan müqəddəs torpaqlarımızın hər qarışında Məhərrəmin ayaq izi, alın təri var. O, təhlükələrə baxmayaraq, hər tərəfi qarış-qarış gəzir, şəkillər çəkirdi. Həmin müqəddəs günlərdə agentliyimizin xəbər lentində Məhərrəmin imzası ilə önəmli informasiyalar işıq üzü görürdü. Mənim oğlum Elgün də Birinci Qarabağ müharibəsində Kəlbəcərdə, Murovdağda şəhidlik zirvəsinə ucalıb. Bir şəhid atası olaraq mən Məhərrəmlə də məhz öz oğlum kimi fəxr edirəm, onun da xatirəsini eyni acı və qürurla qəlbimdə daşıyıram”.

Anım mərasimində çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev media nümayəndələrinin işindən danışaraq, onların çətin, təhlükəli, lakin eyni zamanda, olduqca şərəfli peşə fəaliyyətlərindən söz açıb. Bildirib ki, bu gün dünyanın müxtəlif qaynar nöqtələrində, münaqişə ocaqlarında çalışan, həqiqətləri və reallıqları ictimaiyyətə çatdırmaq missiyasını daşıyan jurnalistlər öz peşə borclarını böyük məsuliyyətlə yerinə yetirirlər. Lakin təəssüf ki, neçə-neçə jurnalist peşə fəaliyyətini yerinə yetirərkən həlak olub. Deputat vurğulayıb ki, Məhərrəm İbrahimovun timsalında öz vəzifə borcunu yerinə yetirərkən, Vətən uğrunda şəhidlik zirvəsinə ucalan bütün mətbuat fədailərinin qəhrəmanlığı xalqımızın yaddaşından heç vaxt silinməyəcək, onların xatirəsi hər zaman uca tutulacaq və jurnalistlər üçün əsl örnək, fəxr mənbəyi olacaq.

Deputat Rizvan Nəbiyev “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabından da danışaraq qeyd edib ki, bu nəşr təkcə Məhərrəm İbrahimovun deyil, bütövlükdə Azərbaycan jurnalistlərinin Vətən naminə göstərdiyi qəhrəmanlığın salnaməsidir.

Anım mərasimində çıxış edən şəhid jurnalistin qardaşı, kitabın müəllifi Əsgər İbrahimov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib. O, fikirlərinə belə davam edib: “Məhərrəm haqqında yazmaq, onun keçdiyi şərəfli ömür yolunu kitaba köçürmək mənim üçün bir qardaş olaraq həm olduqca ağır, həm də qürurverici bir vəzifə idi. O, hər zaman ailəmizin fəxri, baş ucalığı olub. Bu gün isə bütün Azərbaycan onun qəhrəmanlığı ilə fəxr edir. AZƏRTAC-ın rəhbərliyinə və kollektivinə qardaşımın əziz xatirəsini uca tutduqları, onun adını əbədiləşdirdikləri və göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm”.

Kitabın ərsəyə gəlməsi barədə danışan Əsgər İbrahimov nəşrdə Məhərrəm İbrahimovun peşəkar hərbi jurnalist kimi keçdiyi şərəfli yoldan bəhs olunduğunu bildirib. Qeyd edib ki, qardaşının Vətən müharibəsindən sonra Ermənistanın müharibə cinayətlərini, mülki insanları hədəf almasını, işğaldan azad edilmiş ərazilərdə Ermənistan silahlı qüvvələrinin viran qoyduğu qədim yurd yerlərimizin dəhşətli mənzərəsini əks etdirən, birbaşa hadisə yerindən hazırladığı informasiyaların hər biri tarixdir. Ə.İbrahimov kitabda AZƏRTAC-ın materiallarından və fotolarından geniş istifadə olunduğunu da diqqətə çatdırıb.

Sonda çıxış edən şəhidin bacısı, “Bir Məhərrəm yarası var ürəyimin“ mahnısının sözlərinin müəllifi Sevda Əsgərova qardaşı ilə qürur duyduğunu vurğulayaraq söyləyib: “Fəxr edirəm ki, Məhərrəm Azərbaycan mətbuatının şanlı və şərəfli məbədi olan AZƏRTAC-da çalışıb. Mən hər zaman müəllim və jurnalist adı qarşısında baş əymişəm. Çünki onların yolu çox çətin və şərəflidir. Sizlərə bu yolda uğurlar arzulayıram. Həmçinin arzu edirəm ki, dünyanın hər tərəfindən ancaq xoş xəbərlər gəlsin. Məhərrəmi bu qədər sevdiyiniz üçün hər birinizə təşəkkür edirəm. O, bizim qəlbimizdə yaşayır və yaşayacaq. Şəhidlər ölmürlər, onlar yalnız unudulanda ölürlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xatırladaq ki, işğaldan azad edilmiş Kəlbəcər rayonunda peşə fəaliyyətini yerinə yetirən media nümayəndələrini daşıyan avtomobil 2021-ci il iyunun 4-də saat 11 radələrində Susuzluq kəndi istiqamətində tankəleyhinə minaya düşüb. Ermənistan hərbçiləri tərəfindən basdırılmış minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

AZƏRTAC

   

XƏBƏR LENTİ
Gündəm, Mətbuat / 05.06.2026 17:32
“Bir ümidlə dərhal Məhərrəmin telefon nömrəsinə zəng etdim ki…” - FOTO - VİDEO
Hərbi, Mətbuat / 04.06.2026 16:04
Yarımçıq qalan müqəddəs missiya – Məhərrəm İbrahimovun şəhadətindən 5 il ötür - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 13:12
Şəhid jurnalistin məzarı 5-ci ildönümündə ziyarət olunub - FOTO
Gündəm, Mədəni, Mətbuat / 04.06.2026 10:22
“Bir Məhərrəm yarası var ürəyimin” – YENİ MAHNI - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 04.06.2026 08:00
Həqiqət izində həqiqətin axtardığı ADAM - FOTO
Gündəm, Hərbi / 04.06.2026 00:01
“Susuzluq faciəsi” – Şəhid jurnalistlərin minaya düşməsindən 5 il ötür - FOTO - VİDEO
Gündəm / 01.06.2026 00:03
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Gündəm / 28.05.2026 00:01
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Gündəm / 27.05.2026 00:01
Azərbaycanda Qurban bayramıdır
Gündəm / 11.05.2026 10:17
Heydər Əliyev mitinqə necə reaksiya vermişdi? – “Böyük iz” sənədli filmi - VİDEO
Gündəm / 10.05.2026 00:01
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
Gündəm, Səhiyyə / 28.04.2026 00:01
Nur paylayan insan – Akademik Zərifə Əliyevanın doğum günüdür
Siyasi, Sosial / 24.04.2026 23:30
“Qəlbimiz Zəngi çayının sahilində, o bərəkətli torpaqlarda qalıb” - FOTO - VİDEO
Siyasi, Sosial / 24.04.2026 14:22
Zəngi çayının sahilində gəzmək istəyən Aysel Şamilovanın “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Siyasi / 18.04.2026 22:32
Andranik Qarabağı və Cənubi Qafqazı niyə qoyub, qaçdı? - VİDEO
Siyasi, Sosial / 17.04.2026 23:03
“Nənəm danışırdı ki, ermənilər topdan atəş açırdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 17.04.2026 14:22
“Vətənə qayıdışımız tarixi hadisə olacaq” – Müslüm Məmmədovun ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Gündəm, Hərbi, Mətbuat / 16.04.2026 16:44
Zirvədə dayanan 44-cü bahar: sözlər susur, xatirələr danışır… - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2026 11:30
44 yaşı tamam olan Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Hərbi, Mətbuat / 16.04.2026 06:44
Şəhid jurnalisti doğum günü öz məqaləsi ilə anırıq – Əsgər atasından məktub
Gündəm, Mətbuat / 16.04.2026 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Elm və təhsil, Siyasi / 11.04.2026 23:28
“Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi” - VİDEO
Siyasi, Sosial / 10.04.2026 23:14
“Alban kilsəsini bizə Qriqoryan kilisəsi kimi tanıtmışdılar” - FOTO - VİDEO
Siyasi, Sosial / 10.04.2026 14:22
“Bizi Türkiyə tərəfə baxmağa qoymurdular” – Yaqub Rzayevin ”Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
Siyasi, Sosial / 07.04.2026 22:55
Bozgöy, Boznəli, Boyaqçı, Bora dağı, Borçalı arxı, Bostan tala – türk tarixinin izi - VİDEO
Siyasi, Sosial / 07.04.2026 14:22
Ermənilərin adını təhrif etdiyi türk yurdu – ANONS - VİDEO