Müctəbadan sonra İranın rəhbəri Pezeşkian deyilsə, kimdir? – TƏHLİL
2025-ci ilin yayında, ABŞ-İsrailin İrana birinci hərbi əməliyyatı, həmin ilin dekabrın sonundan 2026-cı il yanvarın ortalarınadək davam edən etiraz aksiyaları, habelə fevralın 28-də başlayan ikinci hərbi əməliyyatlar zamanı Tehran hakimiyyəti internetə girişi məhdudlaşdırmış, qapatmışdı.
İslam Respublikası rəhbərliyi elə hesab edirdi ki, bu yolla ölkənin təhlükəsizliyini təmin edə biləcək. Ancaq sosial şəbəkəyə giriş qadağan olduğu günlərdə İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei, SEPAH-ın onlarla yüksək rütbəli zabiti, atom fiziki öldürüldü.
İslam Respublikası əhalisini informasiya blokadasına aldığı günlərdə ABŞ-İsrail birgə hərbi əməliyyatı nəticəsində ölkə ərazisində onlarla hərbi, strateji obyekt məhv edilib, yaxud ciddi zərər görüb. Nətənz və Fordoda ən böyük nüvə obyektlərində, o cümlədən sentrifuqa salonlarında yeraltı və yerüstü tikililər dağılıb. Habelə İsfahandakı nüvə texnologiyaları mərkəzi və Xondabdakı ağır su istehsalı zavodu ciddi ziyan görüb.
Konarakdakı hərbi-dəniz bazasına və Bəndər-Abbas liman şəhərindəki obyektlərə hücumlar nəticəsində azı İranın 11 hərbi gəmisi məhv edilib və ya zərər görüb.
Kirmanşah, Təbriz və Şirazdakı obyektlər daxil olmaqla çoxsaylı hərbi zavodlar, dronlar üçün qaz turbinləri istehsal edən istehsalat müəssisələri, həmçinin raket buraxılış meydançaları sıradan çıxarılıb.
Enerji obyektləri, o cümlədən Cənubi Parsdakı neft terminalı, mərkəzi qaz anbarı və Tehrandakı neft emalı zavodu kimi əsas enerji qovşaqlarına ciddi ziyan dəyib.
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, əməliyyat nəticəsində, 15 hava limanı daxil olmaqla, 150 min mülki obyekt zərər görüb.
Ancaq nə qədər qadağalar olsa da, bu xəbərlərin hamısı yayıldı. İranda, xaricdə, dost da, düşmən də olanlardan xəbər tuta bildi.
Tehran hakimiyyəti ölkədə olanları gizli, məxfi saxlaya bilmədi.
İranda dərman preparatlarının qiyməti günü-gündən artır. Vətəndaşlar bildirir ki, dərmanların yüksək qiyməti və çatışmazlığı, ağırlaşan dolanışıq böhranı və davam edən işdənçıxarma prosesi, habelə gündəlik tələbat mallarının az qala hər gün bahalaşması cəmiyyətdə inamsızlıq, məyusluq, hakimiyyətə etimadsızlıq yaradır. Əlavə olaraq, bu kimi çatışmazlıqların gizlədilməsi, problemlərin həll edilməməsi perspektivdə sosial vəziyyətin ağırlaşacağını və nəticələrin daha ağır olacağını ehtimal etməyə əsas verir.
İranda işçiləri, özəlliklə podratçı şirkətlərdə, işdənçıxarma və mütəxəssislərin ixtisarı davam edir. Kərəc yaxınlığındakı Əştəhard sənaye parkının əməkdaşı “Iran International”-a bildirib ki, bəzi şirkətlər pulsuz nahar və nəqliyyat xidmətlərini ləğv edib, əmək haqqının yalnız yarısını ödəyirlər.

Mayın ortalarında yayılan başqa bir xəbər isə İslam Respublikasının informasiya siyasətinin ölkənin təhlükəsizliyini təhdid etdiyini göstərir.
Məlumatlara əsasən, Prezident Məsud Pezeşkian hökumətin iclasında enerji infrastrukturunun çökməsini və iqtisadi çıxılmazlığı etiraf edib.
O, enerji infrastrukturuna dəyən böyük ziyanı, istehsalın azalmasını və gündəlik 50 milyon litr benzin kəsirini, neft ixracının çətinliyini, qarşıdan gələn qiymət artımını etiraf edərək, hücumların səmərəsizliyi ilə bağlı rəsmi açıqlamanı şübhə altına alıb və danışıqların əleyhdarlarına deyib: “Danışıqlar aparmasaq, onda nə edə bilərik?”
O, çıxışlarından birində müharibənin ölkənin həyati əhəmiyyətli infrastrukturuna, iqtisadiyyatına və idarəetmə qabiliyyətinə zərərinin aydın mənzərəsini təqdim edərək, gerçək vəziyyətin hakimiyyətin rəsmi açıqlamalarından əhəmiyyətli dərəcədə fərqli olduğunu bildirmişdi.
Məsud Pezeşkian mayın ortalarında “İran şərhçiləri” adlı toplantısında müharibənin vurduğu ziyandan danışarkən deyib: “Onlar 230 milyon kubmetr qazımızı, elektrik stansiyamızı, neft-kimya və “Mübarək” poladəritmə zavodlarımızı əlimizdən aldılar. Biz iddia edə bilmərik ki, heç bir problemimiz yoxdur və onlar məhv edilməyiblər”.
Hökumət başçısı İslam Respublikasındakı vəziyyəti normal və ya yaxşılaşmış kimi təsvir edən xəbərləri rədd edərək, bildirib: “Düşmənin məhv edildiyini və bizim çiçəkləndiyimizi deyə bilmərik”.
Bu açıqlamalar elə bir vaxt verilib ki, İslam Respublikası rəsmiləri, təhlükəsizlik və hərbi qurumlara, xüsusən SEPAH-a yaxın media orqanları son hücumlardan sonra daha çox ABŞ və İsrailin zərər gördüyünü, hücumların səmərəsizliyini vurğulayırdılar.
Məsud Pezeşkian həmin çıxışında enerji və sənaye infrastrukturuna dəyən ziyan, benzin istehsalı gücünün azalması, neft ixracının çətinliyi və qarşıdan gələn qiymət artımı barədə danışıb. Onun çıxışının ən vacib məqamlarından biri ölkədə benzin təchizatı böhranını etiraf etməsi olub: “Benzin istehsalı gücümüz azalıb. Onlar buna zərbə vurublar. Biz gündə 100 milyon litr istehsal edirik. Bizim ehtiyacımız isə gündə 150 milyon litrdir. Bu kəsiri ödəmək və benzin ixrac etmək üçün dollar ödəməliyik? Bəs bizim dollarımız var?”
Dövlət başçısı çıxışının başqa bir hissəsində Hörmüz boğazının ABŞ tərəfindən blokadasına və neft ixracındakı problemlərə toxunub: “Onlar yolu bağladılar və biz neft ixrac etmirik. Biz asanlıqla neft ixrac edə bilmirik. Onların heç bir problem tapmadıqlarını demələri də bunun nəticəsidir”.
Bu deyilənlər daxili benzin istehsalı gücünün azalması ilə, həmçinin valyuta ehtiyatlarının və idxalının təmin edilməsində ciddi məhdudiyyətlərlə üzləşən İslam Respublikası hökumətinə valyuta təzyiqinin əlamətidir.
Çıxışının başqa bir hissəsində Pezeşkian qiymət artımları ilə bağlı xəbərdarlıq edib: “Qiymətlərimiz mütləq yüksək olacaq. Bəzi insanlar ayağa qalxıb “qiymətlərin niyə yüksək olduğunu” soruşacaqlar. O səslər artıq başlayır. Biz döyüşürük və çətinliyi qəbul etməliyik. … Həm Tanrını, həm də xurmanı eyni zamanda istəmək olmaz”.
O, həmçinin su, elektrik enerjisi, təbii qaz və benzin istehlakı ilə bağlı xəbərdarlıq edərək bildirib ki, vəziyyət belə davam edərsə, ölkə yay və qışda problemlərlə üzləşəcək.
Məsud Pezeşkian ABŞ ilə danışıqların davam etdirilməsi fikrini bir daha müdafiə edərək, vurğulayıb: “Onlar (yəni danışığın əleyhdarları -S.S.) şüarlar səsləndirərək deyirlər ki, “gəlin danışmayaq”. Danışmasaq, onda nə etməliyik? Sona qədər müharibə aparaq? Biz ləyaqətlə danışacağıq. Danışmayacağımızı demək məntiqli deyil. Biz xalqın dəstəyi ilə millətin hüquqlarını müdafiə edə bilirik. Biz məntiqi danışmalı və məntiqi cavablar almalıyıq.”
O, dialoqu geri çəkilmə kimi deyil, İslam Respublikasının hüquqlarını müdafiə etmək yolu kimi təqdim edib.
Dərc olunandan bir saat sonra, İRNA da daxil olmaqla dövlət mediası Məsud Pezeşkianın bu açıqlamalarını mənbələrindən silməyə başlayıblar.
İran cəmiyyəti dövlət başçısı Müctəba Xameneinin sağlıq durumu, ümumiyyətlə, səlahiyyətlərini icra etmək imkanları barədə məlumatsızdır, real vəziyyəti hökumət başçısı açıqlayır.
İndi sual yaranır: hansı daha təhlükəlidir – cəmiyyətin bu kimi hallardan məlumatsız qalması, ya həyatında onu görüb etiraza qalxması?
Rəsmi media konstitusiya ilə İranın ikinci şəxsinin, prezidentin açıqlamasını yaymaqdan imtina edir. O zaman sual olunur: Müctəbadan sonra İslam Respublikasının başçısı Pezeşkian deyilsə, kimdir? Sualın cavabı daha çox SEPAH-ı yada salır. Belə çıxır, cəmiyyəti informasiya blokadasında saxlamaqla İranın təhlükəsizliyini təhdid altına atan elə bu hərbi birləşmədir.
Son günlər ayətullah Seyid Əli Xameneinin dəfni ilə bağlı müxtəlif fikirlər səslənir. Habelə Müctəba Xameneinin səhhəti ilə bağlı ölkə ictimaiyyəti məlumatlandırılmır. Bu, İran cəmiyyətinə hörmətsizliklə yanaşı, həm də təhlükəsizliyi təhdid etmək, hakimiyyətə inamsızlıq, etibarsızlığın yaranması ilə də nəticələnə bilər.
Bu kimi örnəklərə əsasən demək olar ki, bəhs etdiyimiz məlumatların yayılmamasının qarşısını alanlar daha böyük təhlükəsizlik mənbəyidir. İnformasiya texnologiyalarının indiki səviyyəsində cəmiyyəti ölkə əhəmiyyətli məlumatlardan xəbərsiz saxlamağa cəhd hakimiyyət üçün təhlükəlidir. Bunu keçmişdə baş verənlər də təsdiqləyib.…
Sədrəddin Soltan














