ABŞ Ukraynaya 250 milyon dollarlıq hərbi yardımı təsdiqlədi
ABŞ Nümayəndələr Palatası cümə axşamı Ukraynaya hərbi yardım üçün 250 milyon dollar ayrılmasını təsdiqləyib.
Rakus.az xəbər verir ki, müvafiq bənd federal hökumətin noyabrın 21-dək müvəqqəti maliyyələşdirilməsi haqqında konqresmenlər tərəfindən təsdiqlənən qanun layihəsində göstərilib.
Sənəddə bildirilib ki, Ukraynaya hərbi yardım üçün vəsait ayrılması ABŞ-da oktyabrın 1-də başlayacaq növbəti maliyyə ilində davam edəcək. Kiyevə hərbi yardım üçün maliyyə ayırılması proqramı, millət vəkilləri tərəfindən təxirə salınmazsa, sentyabrın 30-da başa çata bilər. Nümayəndələr Palatasına nəzarət edən demokratlar ABŞ prezidenti Donald Trampın bu maddəyə yenidən baxa və ya onu ixtisara sala biləcəyindən ehtiyat edirlər.
Respublikaçılar tərəfindən idarə olunan Konqres Senatının qanun layihəsini gələn həftə nəzərdən keçirməsi gözlənilir. Maliyyələşdirmə məsələsində iki tərəf arasındakı uyğunsuzluq onun qəbulunu ləngidə bilər, amma mütəxəssislər senatorların sənədi təsdiqləyəcəklərinə və nəticədə onun Trampın masası üzərinə qoyulacağına inanırlar.