ABŞ hərbiləşdirilmiş şiə qruplaşmasını terror təşkilatları siyahısına əlavə etdi
ABŞ Dövlət katibi Mayk Pompeo “Əsaib Əxl əl-Hakk” hərbiləşdirilmiş şiə qruplaşmasını ABŞ-ın tərtib etdiyi xarici terror təşkilatları siyahısına əlavə edib, onun iki liderini isə xarici terrorçu kimi tanıyıb.
Rakus.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı məlumatda bildirilib.
“Əsaib Əxl əl-Hakk” və onun liderləri amansız qüvvələrdir və İran tərəfindən nəzarət olunur. Özlərinin Tehrandakı ağaları adından hərəkət edirlər, onlar güc və terrordan İran rejiminin İraqın suverenliyini pozmaq cəhdlərini dəstəkləmək üçün istifadə edirlər”, – deyə Amerika diplomatiyasının rəhbəri qeyd edib.
Dövlət Departamentinin fikrinə görə, “Əsaib Əxl əl-Hakk” “yaradıldığı 2006-cı ildən bəri 6 mindən çox ABŞ və koalisiya qüvvələrinə hücumlara məsuliyyəti öz üzərinə götürüb”. Ötən ilin dekabrında ABŞ-ın Maliyyə Nazirliyi sözügedən qruplaşmaya və onun liderlərinə qarşı sanksiya tətbiq edib.