ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynaya səfəri başa çatıb. Onlar sentyabrın 5-6-da bu ölkələrin rəsmilərilə görüşüblər.
Trampın elçilərinin Moskva və Kiyevə səfərləri münaqişənin həlli üzrə birbaşa danışıqları yenidən başlatmaq, atəşkəslə bağlı Ağ Evin təkliflərini müzakirə etmək məqsədi daşıyıb. Bu səfəri ABŞ Prezidentinin tərəflər arasında növbəti sülh yaratmaq təşəbbüsü adlandırırlar.
Məlumatlara əsasən, nümayəndələr Moskva və Kiyevdə müharibəni dayandırmaqla bağlı təklifləri müzakirə ediblər. Ehtimal edilir ki, razılıq əldə ediləcəyi halda ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaları yumşaldacağını boyun olub.
Trampın nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmələri Moskva və Kiyevin təkliflərə münasibətinin göstəricisi olsa da, müsbət nəticənin olacağı ehtimalı azdır.
ABŞ lideri nümayəndələrinin səfərindən öncə bildirmişdi ki, Uitkoff və Kuşner Ukraynada müharibəyə son qoymaq təklifi ilə Moskva və Kiyevə yollanırlar: “Onlar özləri ilə müharibəni dayandırma təklifi aparırlar. Biz onları ora nəyə isə nail olmaq üçün göndərdik. Uğur əldə etmək üçün yaxşı şanslarımız var”.
Bu səfər tərəflər arasında sabitləşməyə doğru addım sayılır. Hesab edilir ki, bununla tərəflər arasında gərginliyin azaldılmasına, habelə ABŞ, Ukrayna və Rusiya arasında kommunikasiya kanallarının qurulmasına cəhd edilir.
Köməkçinin sözlərinə görə, ABŞ nümayəndələri nizamlamanın mümkün yolları barədə bir sıra mülahizələr irəli sürüblər.
Amerikalı nümayəndələrin Moskvaya səfəri zamanı Ukrayna Rusiyanın hava limanlarına atəş açmayıb. Ancaq onların Kiyevə səfəri ərəfəsində sentyabrın 5-də Rusiya Ukraynanın Julian və Borispol beynəlxalq hava limanlarına zərbə endirib. Volodimir Zelenski bunu ABŞ elçilərinin səfəri öncəsi hücuma hazırlıq kimi qiymətləndirib.
Bundan başqa, Rusiya ordusu sentyabrın 5-nə keçən gecə Ukraynaya zərbələr endirməyə davam edib. RF Müdafiə Nazirliyindən bildirilib ki, Dnepropetrovsk vilayətindəki iki metallurgiya müəssisəsinə, Nikolayev və Odessa vilayətlərində isə logistik mərkəzlərə zərbələr endiriblər.
Məlum səfər ərəfəsində Rusiya hərbi qüvvələrinin Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidməti rəisinin kabinetinə də zərbə endiriblər.
Əsas sual budur: Donald Trampın elçilərinin səfərindən sonra Rusiya və Ukrayna arasında atəşkəs olacaqmı?
Qeyd edək ki, Ukraynanın ərazisinin təxminən 19,25%-i (təqribən 116 165 kvadrat kilometr) RF-nin işğalı altındadır. 2025-ci il ərzində RF-nin tutduğu ərazinin artımı təxminən 0,72% (təqribən 4300–5000 kv. km) təşkil edib.
Görüş ərəfəsində baş vermiş hadisələr Moskvanın qonaqların ictimaiyyət üçün məlum olmayan təkliflərinə cavab da sayıla bilər. Çünki Moskva dünyanın aparıcı güclərindən olduğunu nümayiş etdirmək üçün zəif görünmək istəmir. Son zamanlar Rusiyada səfərbərliyə dair neqativ məlumatlar yayılır.
Federasiyada raket və dron çatışmazlığının mövcudluğu da vurğulanır. Bildirilir ki, Şimali Koreya ilk dəfə Rusiyaya “Hwasong-11C (“Yanar ulduz” -KN-30)” ağır ballistik raket verib. Buna qədər RF bu ölkədən “KN-23” və “KN-24” raketləri alıb. Onlara xidmət etmək üçün 90 şimali koreyalı Rusiyanın Voronej vilayətinə ezam olunub.
Rusiyanın hərbi qüdrətinin zəifləməsi ilə bağlı yayılan xəbərləri ört-basdır etmək məqsədilə amerikalıların görüşü ərəfəsində belə Ukrayna ərazilərinə hücumları davam etdirib. Belə görünür ki, Moskva Trampın sülh təkliflərini qəbul etməkdə maraqlı görünmür. RF işğal etdiyi Krım, Donetsk və Luqanskın onun ərazisi olaraq tanınmasını, qismən işğal etdiyi Xerson və Zaporojye vilayətlərinin də ona verilməsini istəyir.
Başqa sözlə, Moskvanın “3+2” formulunun reallaşması qarşılığında sülhə razılıq verəcəyi görünür, o bunu gizlətmir. Rəsmi Kiyev isə Moskvanın bu iddiasının təmin olunması ilə razılaşmır. Ona görə də Kreml rəsmiləri Ukrayna ilə danışıqlar prosesinin, faktiki olaraq, dondurulduğunu, yeni heç bir ideyanın olmadığını vurğulayırlar.
Bişkekdəki Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində mətbuat konfransında Vladimir Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların faktiki olaraq dondurulduğunu vurğulayaraq Uitkoff və Kuşnerin “Moskva üçün həmişə arzuolunan qonaqlar” olduğunu qeyd edib. Bu da Trampın elçilərinin cəhdlərinin uğursuz olacağını ehtimal etməyə əsas verən amillərdən sayıla bilər.
Uitkoff və Kuşner birlikdə iki dəfə 2025-ci ilin dekabr ayının əvvəlində və 2026-cı ilin yanvar ayının sonunda Moskvada səfərdə olublar. Kiyevi isə onlar birlikdə ilk dəfə ziyarət ediblər. Bəzi mənbələr bu səfərdən öncə bildirmişdilər ki, Moskva Uitkoff və Kuşnerin Kiyevə səfərinə qarşı çıxıb. Məlumata görə, Rusiya onların Ukraynaya ziyarət etmələrini istəməyib və planlarını dəyişdirməyə məcbur etməyə çalışıblar. Ancaq buna nail olmayıblar.
Belə ehtimal etmək olar ki, Moskva bununla RF-Ukrayna müharibəsində əsas söz sahibi olduğunu, danışıqların onunla aparılmasını, razılıqların da onunla əldə edilməsini istəyib. Ancaq səfərin marşrutu dəyişdirilmədi. Vaşinqton bununla Moskvaya qlobal miqyasda tutduğu mövqeyi göstərib.
Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə görüşün yaxın zamanlarda elan olunması mümkündür. Çıxışlar, açıqlamalar bu səfərin də Ukraynaya sülh gətirməyəcəyi qənaətinə gəlməyə əsas verir. Çünki Rusiya postsovet məkanını hələ özünün nüfuz dairəsi sayır…
Sədrəddin Soltan – “Report”














