“Hər dəfə 15 kq ət alırıq” – 10 uşaqlı ailənin bir günü necə keçir? – “Arzunun vaxtı” - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, verilişdə Kürdəmirdə yaşayan və 10 övlad böyüdən Dadaşovlar ailəsindən bəhs edilib.
Bildirilir ki, 44 yaşlı Rasim Dadaşovla 42 yaşlı həyat yoldaşı Əfsanə xanımın 6 qız, 4 oğlan övladı var. Valideynlər uşaqlarını sevgi və qayğı ilə böyütdüklərini, onların heç nədən korluq çəkməməsi üçün əllərindən gələni etdiklərini deyiblər.
Bazarda mühafizəçi işləyən Rasim Dadaşov aylıq 350 manat əməkhaqqı alır. Bununla yanaşı, ailə 10 uşağa görə dövlətdən 2300 manat sosial müavinət aldığını da qeyd edib.
Ailənin gündəlik məişətindən danışan R.Dadaşov xərclərin çox olduğunu vurğulayıb: “Ayda təxminən 15 kiloqram ət alırıq, 5 kiloqram ət bizə cəmi 2 gün çatır. Gün ərzində 2 böyük qazan yemək bişiririk. Ay ərzində isə 60 kiloqram kartof, 3 kisə un sərf olunur”.
Ailə başçısı çoxuşaqlı olmaqdan heç vaxt peşman olmadıqlarını deyib: “Allah veribsə, biz də baxacağıq. 20 uşaq olsa, yenə baxaram. Niyə baxmayaq ki? Allaha şükür”.
Veriliş noyabrın 24-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














