Qərbi Azərbaycan həqiqətləri: Kəndin keçmişi hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Rakus.az xəbər verir ki, növbəti material tarixi Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunda yerləşən, sonradan adı dəyişdirilərək Canəhməd, Günəşli və Kutakan adlandırılan qədim Azərbaycan kəndi olan Sultanəli qışlağı haqqındadır.
Kənd 1995-ci ildən Ermənistan Respublikasının Geğarkunik vilayətinin tərkibindədir.
XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi İrəvan xanlığının Göyçə mahalının tərkibində olub.
1827-ci ildə Rusiya İrəvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Novo-Bayazid qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, kənd Rusiya-İran müharibəsi nəticəsində zərər çəkdiyi ehtimal edilən dağılmış kəndlər siyahısına daxil olub. XIX əsrin ikinci yarısına aid mənbələrdə kənd yenidən azərbaycanlıların əcdadlarının məskunlaşdığı yer kimi qeyd edilir.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Qafqaz haqqında məlumat toplusu:
1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 245 nəfər yaşayıb.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 348 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 442 nəfər yaşayıb.
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 422 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 440 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 523 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Arxiv sənədlərinə əsasən, 1919-cu ilin aprelində kənd erməni qoşunları tərəfindən dağıdılıb. Sakinlərin böyük hissəsi öldürülüb, qalanlar isə kəndi tərk etməyə məcbur olublar.
Etnik təmizləmənin nəticələri əvvəlki illərdə kəndin türk əhalisinin sayını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması məlumatlarındakı sayı ilə müqayisə etdikdə görünür.

Korkotyan Z. – Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 194 nəfər yaşayıb.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.
Kənd sovet dövründə Basarkeçər rayonunun tərkibində olub, rayon sonradan Vardenis adlandırılıb.
Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində yalnız azərbaycanlılar yaşayıblar.

Korkotyan Z. – Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 335 nəfər yaşayıb.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 383 nəfər yaşayıb.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistanın və ətraf vilayətlərin toponimlər lüğəti:
1959-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 337 nəfər yaşayıb.
1979-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 589 nəfər yaşayıb.
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla 13 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyənləşdirilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir neçə məzar daşının salamat qaldığı azərbaycanlı qəbiristanlığı aşkarlanıb.

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:
Yuxarıdakı məlumatların əsaslandırılması üçün 26 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın “The Republic of Armenia” əsəri və digər sənədlər var. Bundan əlavə, İnqala kəndi ilə bağlı 20 vizual material yerləşdirilib.
Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.
XIX əsrə və XX əsrin ilk üçdə birinə aid Rusiya imperiyasının sənədlərində və digər yazılı mənbələrdə müasir zərbaycanlıların əcdadları müxtəlif terminlərlə qeyd edilib: “tatarlar”, “qafqaz tatarları”, “türklər” və ya “müsəlmanlar”. Layihənin hazırlanmasında istifadə edilmiş bəzi mənbələrdə “türklər”, “türk-tatarlar”, “islamlar” və ya “məhəmmədilər”, adlarına da rast gəlinir. Bundan sonra şərti olaraq, 1920-ci ilə qədərki dövrlə bağlı “azərbaycanlıların əcdadları”, daha sonrakı dövr üçün isə “azərbaycanlılar” termini istifadə olunur.
Bu layihənin videomaterialı noyabrın 26-da eksklüziv olaraq Baku TV-də yayımlanıb.














