Qiyas Mustafayevin – Ağır həyat yolundan şeirə uzanan ömür - FOTO - VİDEO
İnsan var, ömrünü yaşayır, dünyadan köçür. İnsan da var ki, yaşadığı ömür, çəkdiyi əzablar, qəlbində daşıdığı nisgil və yaratdığı sözlər onu zamanın yaddaşında yaşadır. Belə insanlardan biri də Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Gölkənd kəndində dünyaya göz açmış el şairi Qiyas Allahverdi oğlu Mustafayevdir. Elə bu amalla mərhum Qiyas Mustafayevin 100 illik yubileyi və əziz xatirəsi üçün yazı qələmə almağı özümə borc bildim.
1926-cı ildə dünyaya gələn Qiyas Mustafayevin uşaqlıq və gənclik illəri həyatın ağır sınaqları ilə keçib. O, hələ kiçik yaşlarında ata-anasını itirərək valideyn qayğısından məhrum qalıb. Həyatın sərt üzü ilə erkən yaşlarında qarşılaşan Qiyas Gölkənd orta məktəbində yalnız beşinci sinfə qədər təhsil ala bilib. Müharibə illərinin ağır güzəranı, ailənin dolanışıq qayğıları onun təhsilini yarımçıq qoymasına səbəb olub. O, kitab-dəftərdən uzaq düşsə də, həyat məktəbindən heç vaxt ayrılmayıb. Ömrünün sonuna qədər çobanlıq edib, qoyun-quzu otarıb. Bəlkə də elə bu çoban ömrü onun ruhuna təbiətin saflığını, dağların əzəmətini, elin-obanın dərdini, insan talelərinin ağrı-acısını hopdurub. O, həyatın kitabını oxuyaraq insanları, hadisələri, haqsızlıqları müşahidə edib, gördüklərini yaddaşına köçürüb.

Qiyas Mustafayevin təhsili yarımçıq qalsa da, onun fitri istedadının qarşısını heç bir çətinlik ala bilməyib. 1960-cı illərin ortalarından başlayaraq şeir yazmağa üz tutub. Bu, sadəcə, qələm götürüb misralar düzmək deyildi. Bu, illərlə ürəyində yığılıb qalmış sözlərin, yaşadığı ağrıların, gördüyü haqsızlıqların kağıza köçməsi idi. Onun şeirlərində həyatın özü danışırdı. O, gördüklərini olduğu kimi qələmə almağa, haqqa və ədalətə söykənməyə çalışırdı. Haqsızlıq, böhtan, yalan, insanların bir-birinə qarşı ədalətsiz münasibəti onun şair qəlbini incidən, düşüncələrini hərəkətə gətirən əsas mövzulardan idi. Susmağı bacarmayan, haqsızlıq qarşısında biganə qala bilməyən bir insan kimi, o, qələmində sözün gücünə inanır, şeiri həqiqətin ifadə vasitəsi hesab edirdi. Onun üçün şair olmaq yalnız gözəl misralar yaratmaq deyildi. Şair olmaq həm də insanın dərdini duymaq, elin-obanın səsini eşitmək, haqqı nahaqqa qurban verməmək idi. Bəlkə də onun yaradıcılığının ən qiymətli cəhəti məhz bu səmimiyyət və həyat həqiqətlərinə bağlılıq idi. Çünki həyatın ağır yollarından keçmiş, yoxsulluğu, valideyn həsrətini, zəhmətin ağrısını öz taleyində yaşamış bir insanın sözündə saxtakarlığa yer ola bilməzdi. O, həyatın içindən gəlirdi və elə həyatın özündən yazırdı.

Təəssüf ki, Q.Mustafayevin ömrü uzun sürmədi, 1974-cü ildə avtomobil qəzası nəticəsində dünyasını dəyişdi. Bu vaxtsız vəfat ailəsi, yaxınları, doğmaları və onu tanıyanlar üçün ağır itki oldu. Həyatın çox çətinliklərini dəf etmiş, söz dünyasında özünəməxsus iz qoymağa başlayan bir insanın ömrü yarıda qırıldı. Lakin insanın ömrü yalnız yaşadığı illərlə ölçülmür. Qoyub getdiyi iz, yaddaşlarda yaşayan xatirəsi, söylədiyi sözlər və yazdığı şeirlər onun ömrünün davamıdır. Təbii ki, o, ali təhsil almadı, böyük ədəbi məclislərin iştirakçısı olmadı, ömrünün böyük hissəsini el-obanın qayğıları içərisində, çobanlıqla keçirdi. Ancaq bunların heç biri onun daxilindəki şairlik istedadını kölgədə qoya bilmədi. O sübut etdi ki, əsl şairlik insanın qəlbində, duyğularında, həyata baxışında və sözə münasibətində yaşayır.

Bu il həm də onun anadan olmasının 100 ili tamam olur. Bir əsrlik zaman məsafəsindən geriyə baxanda Qiyas Mustafayevin həyat yolu bizə bir daha xatırladır ki, istedadın qarşısını çətinliklər ala bilməz. İnsan bəzən ömrü boyu çobanlıq edə bilər, amma ruhunda böyük bir söz dünyası yaşada bilər. Bəzən məktəb illəri yarımçıq qalar, amma həyatın özü insana elə dərslər öyrədər ki, həmin dərslərdən poeziya yaranar. Təbii ki, Qərbi Azərbaycanın Gölkənd kəndi onun doğulduğu, uşaqlıq xatirələrinin yaşadığı müqəddəs yurd yeridir. Bu yurdun dağları, düzləri, insanları və taleləri onun həyatının ayrılmaz bir parçası olub. Bu gün həmin kənddən uzaqlarda yaşayanlar, el-obanın tarixini və mənəvi yaddaşını qoruyanlar üçün Qiyas Mustafayevin adı da unudulmamalı dəyərlərdəndir.
Noyabrın 28-i onun əziz xatirəsini ehtiramla yad etdiyimiz anım günüdür. Bu tarix həm də bir ömür hekayəsini yenidən vərəqləmək, ağır həyat şəraitində belə sözə, həqiqətə və ədalətə bağlı qalmış bir insanı xatırlamaq fürsətidir. Qiyas kişinin 100 illik yaşında onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Kaş ki, ömrü bir az da uzun olaydı, qəlbindəki sözləri daha çox misraya çevirə biləydi. Amma tale ona uzun ömür nəsib etməsə də, şair ömrünün mənasını yaşadığı illərin sayında deyil, qəlbində daşıdığı sözün dəyərində axtardı.
Unudulmur o insanlar ki, ömürləri qısa olsa da, xatirələri uzun olur.
Ruhu şad, məkanı cənnət olsun!
Əsgər İbrahimov


















