Bakı küçələrində növbəti dezinfeksiya işləri aparılır.
Rakus.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 14-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.
İş həcminin çoxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb. Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaq. Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşları pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər həyata keçirilir.