Finalda (1/16) Məmmədyarov Səfərli ilə görüşəcək
Bir həftə əvvəl Xantı-Mansiyskdə (Rusiya) Dünya Kuboku turnirində mübarizəyə qoşulan 128 şahmatçıdan 96-sı artıq yarış meydanını tərk etmişdir. İndi fəxri mükafata cəmi 32 iddiaçı qalır. Onlardan üçü Azərbaycan şahmat məktəbinin yetirmələri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Eltac Səfərlidir.
Məmmədyarov 1/32 finalda özbəkistanlı Rüstəm Qasımcanovla matçın taleyini “əsas vaxtda”-klassik” görüşlərdə öz xeyrinə həll etmişdir. Rəcəbov və Səfərli isə üçüncü mərhələdə yollarına davam etmək məqsədlərinə tay-breklərdə çatmışlar.Teymur Sənan Syugirova( Rusiya ), Eltac Nihal Sarinə( Hindistan ) qalib gəlmişlər. Hər iki tay-brekdə hesab 1,5:0,5 olmuşdur. Turnirdəki digər təmsilçimiz Nicat Abasov isə klassik görüşlərdə kubalı Lenyer Domingeslə iki heç-heçədən sonra rapiddə uduzub, ( 0:2 ) çıxışlarını başa vurmuşdur.
Bu gün başlanıb üç gün davam edəcək 1/16 finalda Məmmədyarov həmyerlisi Səfərli ilə görüşəcək, Rəcəbov isə Daniil Yuffa ( Rusiya ) ilə qarşılaşacaq.
Oqtay BAYRAMOV