Dürdanə Hümbətova yazır: 44 günlük qəhrəmanlıq DASTANI
Vətən, xalq, torpaq və millət anlayışları insanın genetik mənsubluğundan gələn məfhumlar olsa da, aparılan düzgün təbliğat, aşılanan yurd sevgisi bu anlayışları qanımıza, canımıza hopdurur, şüurumuzu və daha vacibi şüuraltını formalaşdırır. Bu müqəddəs missiyanın gənc nəsillə birlikdə yerinə yetirilməsi, onlara vətən, millət sevgisinin aşılanması xalqın tərəqqisi, gələcəyi üçün mühümdür. Çünki Vətənin gələcəyi öz dövrünün nəsli, genetik yaddaşı olan gənclərin ümumbəşəri dəyərlərlə yanaşı, milli-mənəvi ruhda yetişdirilməsi baxımından çox önəmlidir. Hər bir xalq apardığı mübarizələri, döyüş meydanlarında göstərdiyi şücaəti, igidliyi, mərdliyi və qorxmazlığı ilə gələcəyə “hazırlanır”. Buna “özünüyaratma” da desək, yanılmarıq. Necə ki bu xalq 44 günlük Vətən müharibəsində, haqq savaşında həm tarix yazdı, həm də adını tarixə yazdırdı – özünü yenidən yaratdı.
Bu tarix həm də Xalq-Prezident birliyinin, ordu-əsgər birgəliyinin şahidi oldu. Hərb tarixinə yeni döyüş üslubunu, itirilmiş torpaqlarını “ilmə-ilmə geri almağ”ın yolunu, vətən üçün tərəddütsüz, qorxmadan, canı-qanı bahasına irəli atılmağın nə demək olduğunu yazdı bu Xalq.
Hələ müharibədən əvvəl “Vur, komandir, vur” nidası arxasında qığılcımlanan irəli atılmaq istəyi Ali Baş Komandanın bir çağırışı ilə böyük bir alova çevrildi və 30 ilə yaxın özgə torpağını haqsız yerə öz caynağına keçirən düşməni qarsıb kül etdi.
44 günlük savaşın hər günündə bir qəhrəmanlıq dastanı yazıldı. Ölümün gözünə dik baxan Azərbaycan əsgəri “bir ölər, min dirilərik” şüarı ilə illərdir azad olunmağı gözləyən, öz balasına qucağını açan ana təkin gözlərini yollardan ayırmayan doğma torpaqlarımıza ölümün gözünə dik baxaraq yollandılar. Çünki can qoyacaqları torpaq “irəli” əmrini özünün ən ali məramına çevirmiş şəhidlərimizin, qazi və əsgərlərimizin baş qoyacaqları ən müqəddəs məkan idi. Bu darıxmağın içərisində həsrət, sevgi, niskil, qürur, göz yaşı da var idi, intiqam eşqi, düşmənə bitməyən qəzəb, haqqı bərqərar etmək andı da. Bunu şəhadətə yüksəlməyi ən böyük arzusuna çevirmiş şəhidlərimizin hələ müharibədən əvvəl yazdıqları məktubları da sübut edir.
Onlar insan üçün ən əziz olan canlarını bir dəqiqə belə düşünmədən bu vətən, bu torpaq və bu millət üçün fəda etdilər. Bizə “Qalib xalq” statusu qazandırdılar. Artıq ölkə rəhbəri, cənab Prezident regionun əsas söz sahibidir. Daha bütün ölkələr qalib xalqla hesablaşır, yaranmış yeni reallıqları qəbul etməli olur. Artıq Şərqi Zəngəzur iqtisadi zonası və Zəngəzur dəhlizi, Qərbi azərbaycanlıların ata-baba yurduna qayıdışı bir reallıqdır. Suveren dövlətin, öz missiyasını qəhrəmanlıq tarixi yazaraq yerinə yetirən ölkənin sərbəst qərarları, əmin addımları və bu qərarlara haqlı olaraq hörmətlə yanaşılmasını tələb etməsi labüddür.
Açılan yeni səhifədə gənc nəslin keçmişini, kimliyini unutmadan həyata və hadisələrə baxışını formalaşdırmaq, onları bu istiqamətdə tərbiyələndirmək hər birimizin birinci missiyası olmalıdır. Çünki torpaq, uğrunda ölən varsa, Vətəndir!
Dürdanə Hümbətova, dosent















