Bu kənddə adamlar niyə yoxa çıxır? – KƏNDİNƏ QAYIT - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Kəmalə Bədəlovanın hazırladığı “Kəndinə qayıt” verilişinin növbəti buraxılışı efirə gedib.
Rakus.az xəbər verir ki, yeni buraxılışda Şamaxı rayonunun qədim Dəmirçi kəndindən bəhs edilir.
Bildirilir ki, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən kəndin tarixi XV əsrə gedib çıxır. Kənd öz adını vaxtilə burada geniş yayılmış dəmirçilik sənətindən alıb. Sovet dövründə 15-16 dəmirçi dükanının fəaliyyət göstərdiyi Dəmirçidə bu gün qədim sənəti yaşadan cəmi bir neçə usta qalıb.
Kəndin sosial həyatında və sakinlərin taleyində əsas problemlərdən biri əhalinin tədricən şəhərlərə köçməsi və kəndin boşalmasıdır. Yaşlı sakinlər gənclərin iş və daha yaxşı yaşayış şəraiti axtarışı ilə Bakıya və digər şəhərlərə üz tutduğunu bildirirlər.
Kənd sakini Mikayıl Şükürov vəziyyətin səbəblərini belə izah edib: “Son vaxtlar burada 50 qoyununu satıb gedib Bakıda hamballıq edənlər var. Ürəyim partlayır, bir adam tapa bilmirəm ki, söhbət edim. Elə bil ki, kənd camaatı əriyib gedir.
Bakıda toy edirlər, məni də çağırırlar. Gəlib 10 manat pul vermişdin, oturdun, yeyib-içdin. Mən durub elə Bakıya gedib-gəlməyə 100 manat yolpulu verirəm. Deməli, xalq imkansız deyil, daha rahat yaşamaq istəyir. Düşünürəm ki, bunun da səbəbkarı qadınlardır. Onlar aldıqları paltarları kənddə kimə göstərsinlər?! Buna görə də şəhərə köçürlər”.
Veriliş noyabrın 1-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














