Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Fransa müstəmləkə dövlətlərindən biri olub. İndi də dənizaşırı ölkələrdə bu siyasəti davam etdirir. Bu baxımdan, irqi, dini və başqa göstəricilərə görə ayrı-seçkiliyin tətbiq edilməsi onun dövlət siyasəti olub. Ancaq bir sıra hadisələrdə Yelisey sarayı bu əməlləri gizlətmir.
Məsələ özünü üç il öncə baş vermiş bir cinayətdə özünü aşkar şəkildə göstərir. 2023-cü il noyabrın 18-dən 19-na keçən gecə Fransanın Roman-sür-İzer şəhərinin La-Monne məhəlləsindən olan bir qrup gənc Drom departamentinin kiçik şəhəri olan Krepolun ictimai zalındakı rəqsdə dava salıb. Hadisə zamanı 16 yaşlı Tomas Perotto adlı fransız ürəyindən bıçaq yarası alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Fransanın Krepol kəndinin 16 yaşlı sakininin öldürülməsi ilə bağlı istintaqı aparan hakimlər təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlara ağırlaşdırıcı hal olaraq irqçiliklə bağlı maddəni də əlavə ediblər. Yeni ittiham davada iştirak edənlərin “Biz buraya ağları doğramaq üçün gəlmişik!” deyə qışqırdıqlarına dair ifadələr əsasında irəli sürülüb.
Məlumata görə, hadisə kənddə bayramda törədilib. Bayram tədbirinə qonşu şəhərdən olan yeniyetmələrdən ibarət miqrantlar qoşulub. Bildirilib ki, onlar rəqs meydançasına bıçaqla hücum ediblər. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.
Krepolda Tomasın ölümünün araşdırılması gözlənilməz hüquqi dönüş sayılıb. Bu günlərdə məlum olub ki, işi aparan istintaq hakimləri şübhəlilərin əməllərində ağırlaşdırıcı hal kimi irqçiliyi tanıyıblar. Bu qərar mayda istintaqın bağlanmasından dərhal sonra qəbul edilib. Bu ilin iyununda prokurorluq 11 gəncin Drom şəhərinin yetkinlik yaşına çatmayanların işlərinə baxan məhkəməsinə qətl və qətlə cəhd ittihamı ilə həvalə edilməsini tələb edib.
Gənclərin arasında qətlə səbəb olan münaqişənin əsl səbəbi isə hazırda məlum deyil. Heç şübhəsiz ki, baş vermiş hadisənin sosial, siyasi və mədəni səbəbləri var. Belə ehtimal olunur ki, bu məhkəmə prosesi Fransada ictimaiyyətin yeni etirazına səbəb ola bilər. Yeniyetmələr arasında dava-dalaş və onun nəticəsində üç nəfərin yaralanmasına (ağır yaralı sonradan ölüb) heç bir halda haqq qazandırmaq olmaz. Ancaq hadisənin şəraiti, onu yaradan səbəblərə, yeniyetmələri qəzəbləndirən amillərə nəzər yetirilməsi vacibdir.
Bu yaxınlarda Fransanın cənubundakı Aveyron departamentinin Rodez şəhərində yerləşən gecə klubunda səsləndirilən irqçi şüarlar da ölkədə geniş səs-küy doğurub. Həmin tədbirdə bir qrup gənc “Marine ( Milli Cəbhə Partiyasının sədri Marine Le Pen nəzərdə tutulur – müəl.) hakimiyyətə, ərəblər qəssabxanaya!”, “Fransa fransızlarındır!” kimi şüarlar səsləndiriblər.
Videonu çəkənin sözlərinə görə, eşitdiyi irqçi ifadələr və ətrafdakı insanların buna reaksiya verməməsi onu görüntüləri qeydə almağa vadar edib.
Bir neçə il öncə Fransada afroamerikalı nazirlərlə bağlı aparteid hallar qeydə alınmışdı. 2013-cü ilin noyabrında fransız jurnalı “Minute” üz qabığında ədliyyə naziri Kristian Tobiranın şəklini irqçi başlıqla dərc etmişdi: “Meymun kimi zirək: Tobira öz bananını geri alır”. Bu, ali dövlət məmurlarına qarşı ağır afrofobiya və ksenofobiya təzahürü kimi qiymətləndirilmişdi.
İrqi ayrı-seçkilik Fransanın futbol üzrə milli komandasında da mövcuddur. Bununla belə, ölkə rəhbərliyi və partiya liderləri vurğulayırlar ki, milli yığma vahiddir, Fransa isə inklüziv respublikadır, burada dəri rəngi və ya etnik, dini mənşə deyil, şəxsi xidmətlər qiymətləndirilir.
Ölkədə iqri ayrı-seçkilik təkcə miqrantlara qarşı deyil, həm də fransız etnik qrupundan olmayan vətəndaşlara da tətbiq edilir. Yelisey sarayının mahiyyətindəki irqi-ayrı seçkilik siyasəti və davranış keçmiş müstəmləkə ərazilərdə, habelə dənizarxası bölgələrdə daha aydın nəzərə çarpır.
Belə mülahizə edirlər ki, Fransanın xaricdəki ərazilərində bərabərsizlik problemi iqtisadi mütənasibsizliklər, sosial bərabərsizlik və müstəmləkə keçmişi ilə bağlıdır. Fransanın Konstitusiyası bütün vətəndaşlara bərabər hüquqlar təmin və irqi mənsubiyyət haqqında məlumatların toplanmasını qadağan etsə də, bu regionların sakinləri tez-tez sistemli ayrı-seçkilikdən şikayət edirlər.
Xaricdəki departamentlərdə, o cümlədən Qvadelupa, Martinika, Yeni Kaledoniya, Fransız Qvianasında ərzaq məhsullarının və zəruri malların qiymətləri Fransanın Avropa hissəsinə nisbətən xeyli yüksəkdir. Yerli qeyri-Avropa əhalisinin işsizlik göstəriciləri ölkə üzrə orta səviyyədən yuxarı qalır. İqtisadiyyat və idarəetmədə əsas vəzifələri ənənəvi olaraq metropoliyadan gələnlər tutur ki, bu da sosial gərginliyə səbəb olur.
Fransanın Məşğulluq üzrə Elmi-Tədqiqat Mərkəzinin Milli Statistika İnstitutunun məlumatlarına istinadən apardığı tədqiqatlar göstərib ki, Afrikadan olan gənc miqrantların 21%-i əmək sahəsində ayrı-seçkiliyə məruz qalırlar.
18-35 yaş arası miqrantlar arasında keçirilmiş sorğunun nəticələrinə görə, Türkiyədən olan miqrantların 12%-i bununla razılaşıb.
“Human Rights Watch”, “(RE) Claim” və “Maison communautaire pour un développement solidaire” (MCDS) kimi hüquq-müdafiə təşkilatlarının iddiasına görə, Fransa polisi ərəb və Afrika mənşəli gənclərə qarşı ayrı-seçkilik məqsədilə ictimai asayişin xırda pozuntularına görə mütəmadi olaraq cərimələr tətbiq edir.
Sənəddə vurğulanıb ki, cərimələr onsuz da tez-tez sənədlərin yoxlanılması, axtarışlar və polis tərəfindən saxlanılmalarla üzləşən gənclərə qarşı əlavə təzyiq alətinə çevrilib. Hüquq müdafiəçiləri həmçinin bildirirlər ki, mövcud sistem polis əməkdaşlarına məhkəmə nəzarəti olmadan hüquq pozma faktını müstəqil şəkildə müəyyən etməyə imkan verir.
Fransada miqrantların diskriminasiyası kəskin sosial problemdir. Bu özünü əmək, mənzil sahəsində, həmçinin polislə qarşılıqlı münasibətlərdə göstərir. Bu problem Afrika və Yaxın Şərq ölkələrindən gələnləri, o cümlədən müsəlmanları əhatə edir.
Miqrantlar yüksək əməkhaqqı olan iş tapmaqda çətinliklərlə üzləşirlər. Hüquq müdafiəçiləri və beynəlxalq məhkəmələr Fransada miqrantların rənginə, dininə və etnik mənsubiyyətinə görə qərəzli sənəd yoxlanması hallarını vurğulayırlar.
Hakimiyyətin qəbul etdiyi yeni miqrasiya qanunları sosial müavinətlərə və mənzil icarəsinə çıxışı məhdudlaşdırır. Bu da bərabərsizliyi, ayrı-seçkiliyi artırır.
Fransada yeniyetmələrin rəqs meydanında üç il öncə törətdikləri hadisə, təəssüf ki, indi “ağlara qarşı irqçilik” kimi təqdim edilir. Həmin olay cinayət olaraq sayılıb, təqdir edilməsə də, onun ölkədəki sosial, siyasi, mədəni, iqtisadi şərtlərdən doğduğu istisna deyil. Müstəmləkə və işğal etdiyi torpaqların sayəsində güclənən, var-dövlət toplayan Fransa indi həmin ölkələrdən olan, miqrant saydığı insanlara qarşı irqi ayrı-seçkilik aparır. Ölkədə irqçi qruplar məhkəmə və siyasi qüvvələrin bəhs etdiyimiz hadisəni şişirdib, onu “ağlara qarşı irqçilik” kimi nümayiş etdirmək, onu əldə bayraq etməklə rəsmi Paris perspektivdə mühacirlərə qarşı kampaniyaya başlaya bilər. Onsuz da ölkədə son illər ultrasağ və radikal hərəkatlar fəallaşıb.
Hesabatlara və sosioloji araşdırmalara, o cümlədən “Euronews” və “Le Figaro”nun məlumatlarına əsasən, Fransada ksenofobiya, antisemitizm, dini, irqi mənsubiyyətə görə gərginlik səviyyəsi artır. Bu baxımdan, məlum hadisə üzrə cinayət işinə üç ildən sonra irqçiliklə bağlı yeni ittihamın əlavə edilməsi, onun belə təbliği, yaxud ona şərait yaradılması miqrantlara qarşı hücuma da çağırış ola bilər.
Sədrəddin Soltan – “Report”














