Qaçqınlıq və məcbur köçkünlük – dünya güclərinin toqquşan maraqları – TƏHLİL - FOTO
Dünyanın qaçqınlarsız, məcburi köçkünlərsiz günü olmayıb. Hər gün minlərlə insan münaqişə və təqiblər səbəbindən evlərini tərk etmək məcbiriyyətində qalır.
BMT-nin hesabatına əsasən, 2026-cı ilin əvvəlində dünyada təqiblər və münaqişələr səbəbindən 118 milyon nəfər öz evini tərk etməyə məcbur qalmış şəxs olaraq qeydə alınıb. Hesabat dövründə bəhs etdiyimiz və başqa səbəblərdən sığınacaq istəyənlərin sayı isə təxminən 9 milyon nəfərə çatıb.
Təşkilatın Qaçqınlar üzrə Ali Komissarlığının ötən gün dərc etdiyi sənəddə dünya üzrə 118 milyon insan təqiblər, münaqişələr, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən evlərini tərk etməyə məcbur olduqları əks olunub. Bu o deməkdir ki, hesabat dövrünün nəticələrinə görə, dünya əhalisinin hər 70-ci sakini məcburi köçkündür.
Yuxarıda qeyd olunan köçkünlərin ümumi sayından 35,6 milyon nəfər qaçqın, 68,7 milyon nəfər isə daxili köçkün kimi təsnif edilib. Hesabata görə, ərizələri üzrə qərar gözləyən sığınacaq istəyənlərin sayı təxminən 645 min nəfər artaraq, təxminən 9 milyon nəfərə çatıb.
Yeri gəlmişkən, bu statistikada 2026-cı ilin ilk aylarının miqrasiya axınlarında ABŞ və İsrailin İrana qarşı müharibəsi ilə bağlı köçkünlük nəzərə alınmayıb. Həmçinin təbii fəlakətlər, iqlim dəyişikliyinin nəticələri və ya maliyyə çətinlikləri səbəbindən evlərini tərk edən insanlar da hesabatda nəzərə alınmayıb.

Azərbaycanlıların müasir dövrdə qaçqınlıq və məcburi köçkün düşməsi prosesi Ermənistandan qovulmaqla başlayıb. Həmin illərdə SSRİ rəhbərlərinin yardımı və himayədarlığı ilə 300 min azərbaycanlı doğma yurd-yuvalarını, ev-eşiklərini tərk etməyə məcbur olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etməsi nəticəsində məcburi köçkünlərin öz yurdlarına qayıtması prosesi başlayıb.
Ancaq 300 min Qərbi azərbaycanlının vətəndaşlıq və mülkiyyət hüququ 38 ildir tapdanır.
Son illər bu kimi ziddiyyət Suriya, İraq, İran, Yəmən, Ukrayna, Rusiyada baş verənlər qaçın və məcburi köçkünlərin sayına əhəmiyyətli dərəcədə təsir göstərib.
Pakistanla Əfqanıstan arasında yaşanan silahlı münaqişə hər iki tərəfdə sərhədyanı bölgənin sakinlərini məcburi köçkün halına düşməsinə səbəb olub.
İrana ABŞ və İsrailə hücumları İslam Respublikasında təhlükəsizlik baxımından daxili köçkünlüyün artmasına səbəb olub.
Rusiyanın Ukraynada apardığı müharibə, ərazilərin işğal olunması ukraynalıların ölkəni və yaşadıqları bölgələrdən kütləvi köçə səbəb olub.
Bu günlərdə isə Rusiya Prezidenti Vladimir Putin ölkəni tərk etmiş vətəndaşların “RF-nin maraqlarına zidd fəaliyyətlərinə görə” əmlaklarının müsadirəsinə imkan verən qanunu imzalayıb. Qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Odur ki, münaqişə qaçqınların daşınmaz əmlakı və maliyyə vəsaitlərinin dövlət tərəfindən müsadirə ilə də nəticələnir.
Bu kimi hallar miqrantlara təzyiq, ictimai rəyə təsir vasitəsi sayılır.
Sirr deyil ki, məcburi köçkünlük, qaçqınlıq əsasən, güclərin qarşıdurması nəticəsində meydana gələn humanitar fəlakətdir.
İnsanların öz ev-eşiyini tərk etməsinə bais olanlar, digər tərəfdən miqrasiya siyasətinin sərtləşdirərək, onların dinc, təhlükəsiz yaşamaq hüququnu təmin olunmasına imkan yaratmırlar.
Son illər ABŞ Latın Amerikası ölkələrindən gələn miqrasiyanın qarşısını almaq məqsədi ilə Meksika ilə sərhədində beton divar belə hörüb. Asiya, Şərqi Avropa Afrika ölkələrindən gələn miqrantların qəbuluna çətinliklər, bürokratik maneələr yaradılır. Miqrasiya siyasətinin sərtləşdirilməsi miqrantların qəbulunun azaldılmasına və kvotaların tətbiqinə yönəlib. ABŞ-dən sığınacaq istəyənlər xüsusi mərkəzlərdə aylarla qərar gözləyir və ya üçüncü ölkələrə göndərilir. Bu da öz növbəsində qeyri-müəyyənlik yaradır, insanları zorakılığın hökm sürdüyü bölgələrə qaytarılma riski ilə üz-üzə qoyur.
Rusiya Federasiyası Ukraynada apardığı müharibəyə canlı qüvvə toplamaq üçün əmək miqrantlarına təzyiqlər edir. RF-də qalmaq, işləmək üçün onların vətəndaşlığı qəbul edərək Ukrayna döyüşmələri tələb olunur. Elə bu və başqa belə amillər səbəbində son illərdə RF-də miqrasiya qanunvericiliyi nəzərəçarpacaq dərəcədə sərtləşdirilib.
İran da Əfqanıstandan olan məcburi köçkünlərin geri qaytarılması istiqamətində bir sıra sərt addımlar atıb.
Məcburi köçkünlərə və qaçqınlara qarşı oxşar addımları başqa dövlətlər də atıb.
Aparıcı dövlətlərin miqrasiya siyasətinin sərtləşdirməsi nəticəsində son on ildə köçürülən şəxslərin sayının ilk dəfə ilk dəfə 5,4 milyon nəfər və ya 4% azalıb.
Qlobal və regional münaqişələr, müharibələr, təqiblər, inqilablarla müşahidə edilən hakimiyyət dəyişiklikləri böyük güclərin qarşıdurması, aralarındakı ziddiyyət nəticəsində baş verir. Bu isə çoxmilyonluq miqrantlar ordusunu yaradır.
BMT-nin hesabatına əsasən, hazırda dünyada köçürülən şəxslərin təxminən hər on nəfərdən yeddisi beş il, bir sıra hallarda isə daha artıq müddətə “qaçqın” statusu ilə yaşayırlar. Bəzən bu “ad” ömürlük qalır.
Odur ki, miqrasiya əsasən, böyüklərin qovğasının törəməsidir. Çünki vadar olanadək insanların çoxu öz yurdunu tərk etməyə meyilli deyil. Qərbi Azərbaycanda, bir vaxtlar Qarabağda olduğu kimi.














