Bala Məzrə kənd məktəbinin tarixini əks etdirən kitabın təqdimatı olub - FOTO
Noyabrın 19-da Qərbi Azərbaycan İcmasının (QAİ) Ziyalılar Şurasının üzvü, ssenarist, rejissor və televiziya işçisi Füzuli Sabiroğlunun müəllifi olduğu “Göyçə mahalı Molla Pənah Vaqif adına Bala Məzrə kənd orta məktəbi: Bir əsrin salnaməsi” kitabının təqdimat mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, tədbirdə Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Milli Məclisin deputatları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, ziyalılar, məktəbin məzunları və digər qonaqlar iştirak ediblər.
Tədbir əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin açılış nitqi ilə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli çıxış edib. O, Bala Məzrə kənd orta məktəbinin bir əsrlik tarixinin, burada yetişən ziyalıların və görkəmli şəxsiyyətlərin həyat yolunun sənədləşdirilməsini milli yaddaşın qorunması baxımından mühüm hadisə kimi dəyərləndirib. Bala Məzrə kəndində və bütövlükdə Qərbi Azərbaycanda maarifçilik mühitinin hər zaman xüsusi əhəmiyyət daşıdığını xatırladan Əziz Ələkbərli belə nəşrlərin tarixi-mədəni irsimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından vacibliyini vurğulayıb.
Daha sonra söz Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızına verilib. O, çıxışında kitabın yalnız bir təhsil müəssisəsinin tarixini deyil, bütövlükdə Bala Məzrə kəndinin maarifçilik ənənələrini, mənəvi dəyərlərini və nəsillər arasında varislik əlaqəsini əks etdirdiyini bildirib. Məktəblərin milli yaddaşın qorunmasında və cəmiyyətin formalaşmasında roluna toxunan Məlahət İbrahimqızı bu cür nəşrlərin tarixi irsimizin yaşadılması baxımından əhəmiyyətini qeyd edib.
Təqdimat mərasimində növbəti çıxış edən Qərbi Azərbaycan İcması Ziyalılar Şurası sədrinin müavini, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov nəşrin elmi və maarifçilik əhəmiyyətindən danışıb. O, arxiv sənədlərinin, tarixi faktların və xatirələrin sistemli şəkildə toplanmasının əsərin dəyərini artırdığını bildirib. Qərbi Azərbaycanda təhsilə hər zaman böyük önəm verildiyini diqqətə çatdıran professor Bala Məzrə məktəbinin bir əsrlik fəaliyyət tarixinin araşdırılmasını Azərbaycan təhsil tarixinin öyrənilməsinə mühüm töhfə kimi qiymətləndirib.
Ardınca söz fizika-riyaziyyat elmləri namizədi, məktəbin müəllimi Nizami Abbasova verilib. O, Bala Məzrə kənd orta məktəbinin keçdiyi inkişaf yolundan, müxtəlif dövrlərdə burada çalışan müəllimlərin fəaliyyətindən və məktəbin kəndin ictimai həyatındakı rolundan danışıb. Nizami Abbasov müəllimlərin zəhmətinin, formalaşmış təhsil ənənələrinin və məktəbin yetirmələrinin uğurlarının bu təhsil ocağının tarixində xüsusi yer tutduğunu bildirib.
Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxış edərək kitabı xalqımızın tarixi yaddaşını yaşadan yaddaş abidəsi kimi səciyyələndirib. O, nəşrdə əksini tapan faktların Qərbi Azərbaycana qayıdış ideyasının tarixi əsaslarının öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bala Məzrədə və bütövlükdə Qərbi Azərbaycanda təhsilə hər zaman xüsusi önəm verildiyini qeyd edən Nazim Mustafa bu irsin qorunmasının vacibliyinə diqqət çəkib.
Tədbirdə növbəti olaraq Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı Sahib Alıyevə söz verilib. Bala Məzrə kəndi ilə bağlı xatirələrini bölüşən deputat məktəbin müəllimlərinin yüksək savad və peşəkarlığa malik olduğunu diqqətə çatdırıb. O, məzunların müxtəlif sahələrdə qazandıqları uğurları bu təhsil ocağının zəngin ənənələrinin göstəricisi kimi səciyyələndirib. Sahib Alıyev belə nəşrlərin hazırlanması missiyasının bir məktəblə məhdudlaşmamalı, Qərbi Azərbaycanın digər məktəblərinin tarixini əhatə edən silsilə nəşrlərlə davam etdirilməli olduğunu bildirib. Bala Məzrənin bu gün doğma yurd yerlərimizdən uzaqda qalmasına baxmayaraq, onun təhsil ənənələrinin və maarifçilik işığının hələ də yolumuzu aydınlatdığını vurğulayıb.
Ardınca QAİ Ziyalılar Şurasının üzvü, VI çağırış Milli Məclisin deputatı Emin Hacıyev çıxış edərək Böyük Məzrə kəndindən və Qərbi Azərbaycanda formalaşmış zəngin təhsil mühitindən söz açıb. O, həmin məktəblərdə təhsil almış gənclərin bu gün müxtəlif ixtisas və fəaliyyət sahələrində öz xalqına, Vətəninə xidmət etdiklərini diqqətə çatdırıb. Qərbi Azərbaycan məktəblərinin tarixinin araşdırılmasının və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Təqdimat mərasimində sonrakı çıxış Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor İbrahim Bayramova məxsus olub. O, Bala Məzrə məktəbini elmlər akademiyası səviyyəsində bir təhsil ocağı kimi xarakterizə edib, məktəbin yetirmələrinin uğurlarından və burada təhsilə verilən yüksək önəmdən danışıb. Professor Qərbi Azərbaycana qayıdış yolunda tarixi-mədəni və təhsil irsinin qorunmasının mühüm vasitə olduğunu vurğulayıb.
Tədbirin sonunda QAİ Ziyalılar Şurasının üzvü, kitabın müəllifi Füzuli Sabiroğlu çıxış edərək nəşrin hazırlanma prosesi, araşdırmalar zamanı istifadə etdiyi arxiv sənədləri və topladığı xatirələr barədə məlumat verib. O, kitab üzərində işləyərkən məktəbin müxtəlif dövrlərdəki fəaliyyətini, müəllim və məzunların həyat yolunu, Bala Məzrə kəndinin maarifçilik tarixini mümkün qədər dolğun əhatə etməyə çalışdığını bildirib. Müəllif nəşrin ərsəyə gəlməsində əməyi olan şəxslərə təşəkkürünü bildirib.
Ümumiyyətlə, Füzuli Sabiroğlunun “Göyçə mahalı Molla Pənah Vaqif adına Bala Məzrə kənd orta məktəbi: Bir əsrin salnaməsi” kitabı 2026-cı ildə “Elm və təhsil” nəşriyyatında çap olunub. 360 səhifəlik nəşrdə Göyçə mahalının qədim kəndlərindən biri olan Bala Məzrənin qısa tarixinə nəzər salınır, məktəbin bir əsrlik fəaliyyəti, burada təhsil almış nəsillər, müəllim heyəti və maarifçilik ənənələri arxiv sənədləri və xatirələr əsasında təqdim edilir.
Kitabda, həmçinin məktəbin məzunu olan alimlərin və görkəmli şəxsiyyətlərin, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin və iştirakçılarının həyat yolu öz əksini tapıb.
Nəşrin elmi məsləhətçiləri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov, elmi redaktoru isə Əməkdar müəllim Fazil Ellazovdur.


































