Moskvanın itən qüdrəti – Rusiya üçün dirilik suyu – TƏHLİL - FOTO
Rusiyanın Ukraynada apardığı müharibə günü-gündən daha şiddətli xarakter alır. Tərəflər keçirdikləri əməliyyatlarda uğurlara dair məlumat yayır.
Rusiya ərazilərinə Ukraynanın dronlarla hücumu sistemli hal alıb. Tək iyunun 18-dəki məlumatına əsasən, Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkənin müxtəlif regionları üzərində ümumilikdə Ukraynanın 555 dronunu zərərsizləşdiriblər. Rusiyanın neft emalı zavodları, neft məhsulları anbarları, yanacaq doldurma məntəqələri Ukrayna silahlı qüvvələrinin hədəfindədir. Kiyevin hədəfi bəllidir – RF-də yanacaq qıtlığına nail olmaq. Bu da nəticə verməkdədir. Dünyanın üçüncü ən böyük neft istehsalçısı və iri yanacaq ixracatçısında benzin qıtlığı yaranıb. O, problemi aradan qaldırmaq üçün iyunda dəniz yolu ilə yanacaq idxal etməyə hazırlaşır.
Rusiya da cavab zərbələri endirir. Apardığı müharibə, qarşılıqlı hücumlar hər gün Ukraynada insanların ölümünə səbəb olur. Bütün müharibələr sülhlə bitdiyi kimi bunun da sonunun eyni olacağı istisna edilmir.
Bu arada Ukrayna və Almaniya ballistik raketlərlə mübarizə üçün yeni hava hücumundan müdafiə sisteminin birgə işlənməsini elan ediblər. Bundan başqa AFR Ukraynaya daha bir IRIS-T sistemi təqdim edəcək, IRIS-T SLS və SLM üçün raketlərin tədarükünü sürətləndirəcək, öz ehtiyatlarından üçrəqəmli sayda “hava-hava” raketləri verəcək, həmçinin “Jumpstart” proqramı çərçivəsində əlavə PAC-3 raketlərinin alınması üçün 200 milyon dollar ayıracaq. Berlin daha 200 milyon dolları ABŞ silahlarının satın alınması üzrə PURL proqramına yönəldəcək.
Böyük Britaniya 2026-cı ilin sonunadək Ukraynada 150 min pilotsuz uçuş aparatının, həmçinin hava hücumundan müdafiə sistemləri və radarlar üçün 350-dən çox raketin istehsalını maliyyələşdirəcəyini elan edib. 752 milyon funt sterlinq dəyərində olan bu paket dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına təqdim ediləcək.
Bütün bu kimi tədbirlər savaşda Ukraynanın güclənməsinə, sülhə nail olmağa hesablanır. Volodimir Zelenskinin sözlərinə görə, Vladimir Putin Rusiya ordusunun evə qayıtmasından ehtiyatlanır. Elə ona görə ehtimal etmək olar ki, bu kimi səbəbdən o, müharibənin qələbəsiz bitməsindən, sülhdən narahatdır.
Ona görə də son zamanlar NATO 3.0 modelindən daha çox bəhs edilir. Bu, Avropanın üzərinə daha çox məsuliyyət götürməsi, Ukraynanın təcrübəsinin isə onun müdafiəsinin bir hissəsinə çevrilməsi modelidir. NATO 3.0-də müdafiənin avropalaşdırılması, ABŞ-nin yeni rolu, qlobal manevrlər nəzərdə tutulur.
Bununla da avropalılar qitədə təhlükəsizliyin əsas təminatçısı statusu ilə çıxış etmək məsuliyyəti daşımağa başlayır.
Belə çıxır ki, Ukrayna ilə bağlı məsələdə, özəlliklə Rusiyaya qarşı müharibədən onun məğlub çıxmamasında Avropa liderləri məsuliyyəti ABŞ ilə bölüşməyə başlayır. Bir sıra hallarda isə Ştatları əvəz etməyə çalışacaqlar.
Vaşinqtonla Tehran arasında razılaşmanın da perspektivdə Rusiya-Ukrayna müharibəsinin gedişatına təsir göstərəcəyi istisna edilmir.
Kiyevlə tərəfdaşlarının davranışı və çıxışlarına əsasən, savaşda Ukraynanın irəliləyiş əldə edəcəyini ehtimal etmək olar.
Ən başlıca məsələ, Rusiya iqtisadiyyatında yaşanan böhrandır. Avropa xüsusi xidmət orqanlarının hesabatına əsasən, hərbi xərclər Rusiya iqtisadiyyatını “partlayış təhlükəsi” vəziyyətinə sürükləyib. Bildirilir ki, bank sektoru gizli borclarla yüklənib, Mərkəzi Bank isə müstəqilliyini itirir.
Rusiyanın maliyyə sektoruna ABŞ və Avropanın tətbiq etdiyi sanksiyalar, neftin qiymətinin son aylar davamlı düşməsi, “kölgə donanması”na qarşı keçirilən əməliyyat, neft və neft məhsullarının qaçaq yolla “qara bazar”a çıxarılması istiqamətində qadağaların güclənməsi iqtisadi sahədə vəziyyətin ağırlaşmasına səbəb olur.
Hesabata əsasən, Kremlin təzyiqi ilə nəhəng maliyyə ehtiyacları olan müdafiə müəssisələrinə güzəştli kreditlər verilir. Bu kimi hallar isə maliyyə sektorunda böhranı dərinləşdirir. Mütəxəssislər qeyd edib ki, Rusiya “dinamik iqtisadiyyat görüntüsünü” saxlasa da, bu artıq “reallığa” uyğun gəlmir. Hökumət rəsmi olaraq ən azı iki illik durğunluğu etiraf edib.
Sahibkarlar borclarını ödəməkdə də çətinliklər çəkirlər. Bu, bankların kredit portfelini pisləşdirir, iqtisadi yavaşlama isə müflisləşməni sürətləndirə bilər. Hakimiyyətin birmənalı olaraq, müdafiə sektorunu dəstəkləməsi mülki müəssisələrin yenidən maliyyələşməsində problemlər yaşadır.
Bütün bunlar göstərir ki, Rusiya müharibə davam etdikcə daha böyük itkilərə məruz qalır.
Moskva regional və qlobal ideyalarının reallaşması üçün Ukraynanı öz yanında tutmağa səy göstərir. Bunun üçün bütün gücü və qüvvəsini sərf edir. Müharibəni davam etdirmək üçün indiki mərhələdə maliyyə sahəsində daxili borcları artır, döyüşmək üçün Şimali Koreyadan canlı qüvvə gətirir, yaxud əmək miqrantlarını hərbi xidmətə cəlb edir. Hər iki hal Rusiyanın müharibə aparmaq üçün potensialının azaldığını göstərir.
Düzdür, o, geniş ərazilərə, yeraltı və yerüstü sərvətlərə malikdir. Ancaq bütün bunlardan istifadəni şərtləndirən ilk növbədə müharibənin bitməsi, sülh bağlanmasıdır. Əks, halda Rusiya əldə etdiklərini də itirər. Müharibə bütün hallarda iqtisadiyyatın başlıca düşmənidir. Ona görə də Moskva onu davam etdirmək üçün qüdrətini itirir. Sülh indiki şəraitdə Rusiya üçün dirilik suyudur…
Sədrəddin Soltan – “Report”














