70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi – RETRO BAKU - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın “Retro Baku” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, veriliş Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu Nəsir Sadıqzadənin həyat və yaradıcılığına həsr olunub.
Sənətkarın tələbəsi, aktrisa İlqarə Tosova Nəsir Sadıqzadənin aktyorluq sənətinə yanaşmasından, tələbələrinə verdiyi tövsiyələrdən danışıb: “Deyirdi ki, aktyor olmaq üçün adamın birinci musiqi istedadı olmalıdır. Sonra o, çox zəhmətkeş olmalıdır. Məqsədyönlü fəaliyyəti olmalıdır. Sonra dayanırdı, xeyli gülümsəyirdi, başını qaldırıb deyirdi ki, bunların hamısı boş şeydir, adamın şansı olmalıdır”.
Nəsir Sadıqzadənin tələbəsi, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov isə sənətkarın mənsub olduğu ailənin tarixindən, repressiyaların onun həyatına təsirindən danışıb.
O, Nəsir Sadıqzadənin Qarabağın məşhur bəy nəslindən olduğunu, ailəsinin sovet repressiyalarına məruz qaldığını deyib: “Nəsir müəllim Qarabağ bəylərinin nəslindəndir. Hətta onun Nəsir babasının evi sovetlər vaxtında Ağdamın Quzanlı kəndində peşə məktəbi idi. Mənsub olduğu ailə, bəy nəslindən olması onun həyatında çox böyük faciələr yaratdı. Əvvəlcə atası, Qarabağın məşhur bəylərindən olan Müseyid ağa, sonra anası sürgün edildi. Nəsir müəllim çox çətinliklər yaşadı”.
Veriliş noyabrın 1-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














