Dünya 07.09.2026 16:37

ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO

ABŞ Prezidenti Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin Rusiya və Ukraynaya səfəri başa çatıb. Onlar sentyabrın 5-6-da bu ölkələrin rəsmilərilə görüşüblər.

Trampın elçilərinin Moskva və Kiyevə səfərləri münaqişənin həlli üzrə birbaşa danışıqları yenidən başlatmaq, atəşkəslə bağlı Ağ Evin təkliflərini müzakirə etmək məqsədi daşıyıb. Bu səfəri ABŞ Prezidentinin tərəflər arasında növbəti sülh yaratmaq təşəbbüsü adlandırırlar.

Məlumatlara əsasən, nümayəndələr Moskva və Kiyevdə müharibəni dayandırmaqla bağlı təklifləri müzakirə ediblər. Ehtimal edilir ki, razılıq əldə ediləcəyi halda ABŞ Rusiyaya tətbiq etdiyi sanksiyaları yumşaldacağını boyun olub.

Trampın nümayəndələrinin Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmələri Moskva və Kiyevin təkliflərə münasibətinin göstəricisi olsa da, müsbət nəticənin olacağı ehtimalı azdır.

ABŞ lideri nümayəndələrinin səfərindən öncə bildirmişdi ki, Uitkoff və Kuşner Ukraynada müharibəyə son qoymaq təklifi ilə Moskva və Kiyevə yollanırlar: “Onlar özləri ilə müharibəni dayandırma təklifi aparırlar. Biz onları ora nəyə isə nail olmaq üçün göndərdik. Uğur əldə etmək üçün yaxşı şanslarımız var”.

Bu səfər tərəflər arasında sabitləşməyə doğru addım sayılır. Hesab edilir ki, bununla tərəflər arasında gərginliyin azaldılmasına, habelə ABŞ, Ukrayna və Rusiya arasında kommunikasiya kanallarının qurulmasına cəhd edilir.

Vladimir Putinlə Uitkoff və Kuşner arasında görüşün təxminən 3 saat davam etdiyi bildirilib. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov görüşün məzmunlu, konstruktiv və səmimi keçdiyini qeyd edərək, Moskvanın döyüş meydanındakı vəziyyətə “aydın və əhatəli qiymətlər” verdiyini, müharibənin bütün əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Köməkçinin sözlərinə görə, ABŞ nümayəndələri nizamlamanın mümkün yolları barədə bir sıra mülahizələr irəli sürüblər.

Amerikalı nümayəndələrin Moskvaya səfəri zamanı Ukrayna Rusiyanın hava limanlarına atəş açmayıb. Ancaq onların Kiyevə səfəri ərəfəsində sentyabrın 5-də Rusiya Ukraynanın Julian və Borispol beynəlxalq hava limanlarına zərbə endirib. Volodimir Zelenski bunu ABŞ elçilərinin səfəri öncəsi hücuma hazırlıq kimi qiymətləndirib.

Bundan başqa, Rusiya ordusu sentyabrın 5-nə keçən gecə Ukraynaya zərbələr endirməyə davam edib. RF Müdafiə Nazirliyindən bildirilib ki, Dnepropetrovsk vilayətindəki iki metallurgiya müəssisəsinə, Nikolayev və Odessa vilayətlərində isə logistik mərkəzlərə zərbələr endiriblər.

Rusiya Ukraynanın “İzmail” limanını da vurub. Eləcə də “Çornomorsk” limanında hərbi əmlak daşıyan yük gəmisi, Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinin patrul katerinə zərbə endirilib. RF Müdafiə Nazirliyi Donetsk vilayətindəki Kurtovka kəndini nəzarət altına aldıqlarını da görüş ərəfəsində bəyan edib.

Məlum səfər ərəfəsində Rusiya hərbi qüvvələrinin Kiyevin mərkəzində Ukrayna Təhlükəsizlik Xidməti rəisinin kabinetinə də zərbə endiriblər.

Əsas sual budur: Donald Trampın elçilərinin səfərindən sonra Rusiya və Ukrayna arasında atəşkəs olacaqmı?

Ötən illərlə müqayisədə 2026-cı ildə tərəflər arasında, xüsusən Rusiyanın hücumunun azaldığı müşahidə olunur. Ukraynanın sərhəd rayonlarında və şərqində kiçik yaşayış məntəqələrinin mütəmadi olaraq əldən-ələ keçməsinə dair tərəflər açıqlama verir. Məsələn, RF rəsmiləri Ukraynanın Konstantinovka yaşayış məntəqəsini ələ keçirdiklərini bildirsələr də, qarşı tərəf bunun əksini təsdiqləyən fakt irəli sürür.

Qeyd edək ki, Ukraynanın ərazisinin təxminən 19,25%-i (təqribən 116 165 kvadrat kilometr) RF-nin işğalı altındadır. 2025-ci il ərzində RF-nin tutduğu ərazinin artımı təxminən 0,72% (təqribən 4300–5000 kv. km) təşkil edib.

Ukrayna isə qarşı tərəfin neft emalı, neft bazaları və yanacaqdoldurma məntəqələrini vurmaqla Federasiya ərazisində yanacaq qıtlığının, böhranın yaranmasına nail olub.

Görüş ərəfəsində baş vermiş hadisələr Moskvanın qonaqların ictimaiyyət üçün məlum olmayan təkliflərinə cavab da sayıla bilər. Çünki Moskva dünyanın aparıcı güclərindən olduğunu nümayiş etdirmək üçün zəif görünmək istəmir. Son zamanlar Rusiyada səfərbərliyə dair neqativ məlumatlar yayılır.

Federasiyada raket və dron çatışmazlığının mövcudluğu da vurğulanır. Bildirilir ki, Şimali Koreya ilk dəfə Rusiyaya “Hwasong-11C (“Yanar ulduz” -KN-30)” ağır ballistik raket verib. Buna qədər RF bu ölkədən “KN-23” və “KN-24” raketləri alıb. Onlara xidmət etmək üçün 90 şimali koreyalı Rusiyanın Voronej vilayətinə ezam olunub.

Rusiyanın hərbi qüdrətinin zəifləməsi ilə bağlı yayılan xəbərləri ört-basdır etmək məqsədilə amerikalıların görüşü ərəfəsində belə Ukrayna ərazilərinə hücumları davam etdirib. Belə görünür ki, Moskva Trampın sülh təkliflərini qəbul etməkdə maraqlı görünmür. RF işğal etdiyi Krım, Donetsk və Luqanskın onun ərazisi olaraq tanınmasını, qismən işğal etdiyi Xerson və Zaporojye vilayətlərinin də ona verilməsini istəyir.

Başqa sözlə, Moskvanın “3+2” formulunun reallaşması qarşılığında sülhə razılıq verəcəyi görünür, o bunu gizlətmir. Rəsmi Kiyev isə Moskvanın bu iddiasının təmin olunması ilə razılaşmır. Ona görə də Kreml rəsmiləri Ukrayna ilə danışıqlar prosesinin, faktiki olaraq, dondurulduğunu, yeni heç bir ideyanın olmadığını vurğulayırlar.

Bişkekdəki Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində mətbuat konfransında Vladimir Putin Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqların faktiki olaraq dondurulduğunu vurğulayaraq Uitkoff və Kuşnerin “Moskva üçün həmişə arzuolunan qonaqlar” olduğunu qeyd edib. Bu da Trampın elçilərinin cəhdlərinin uğursuz olacağını ehtimal etməyə əsas verən amillərdən sayıla bilər.

Daha bir məqama diqqət edək. Avqustun sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya gizli səfər etdi. Bildirildi ki, səfər işgüzar xarakter daşıyıb. Direktorun keçirdiyi görüşlərdə beynəlxalq təhlükəsizlik məsələləri, sülh danışıqlarına çağırışlar və münaqişələrin kəskinləşməsi ilə bağlı xəbərdarlıqlar müzakirə olunub. O da qeyd edilib ki, Rusiya rəsmi şəxsləri ilə bir sıra təmaslar planlaşdırılıbmış. Ancaq görüşlərin bir hissəsi proses zamanı dəyişikliyə məruz qalıb.

Uitkoff və Kuşner birlikdə iki dəfə 2025-ci ilin dekabr ayının əvvəlində və 2026-cı ilin yanvar ayının sonunda Moskvada səfərdə olublar. Kiyevi isə onlar birlikdə ilk dəfə ziyarət ediblər. Bəzi mənbələr bu səfərdən öncə bildirmişdilər ki, Moskva Uitkoff və Kuşnerin Kiyevə səfərinə qarşı çıxıb. Məlumata görə, Rusiya onların Ukraynaya ziyarət etmələrini istəməyib və planlarını dəyişdirməyə məcbur etməyə çalışıblar. Ancaq buna nail olmayıblar.

Belə ehtimal etmək olar ki, Moskva bununla RF-Ukrayna müharibəsində əsas söz sahibi olduğunu, danışıqların onunla aparılmasını, razılıqların da onunla əldə edilməsini istəyib. Ancaq səfərin marşrutu dəyişdirilmədi. Vaşinqton bununla Moskvaya qlobal miqyasda tutduğu mövqeyi göstərib.

Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə görüşün yaxın zamanlarda elan olunması mümkündür. Çıxışlar, açıqlamalar bu səfərin də Ukraynaya sülh gətirməyəcəyi qənaətinə gəlməyə əsas verir. Çünki Rusiya postsovet məkanını hələ özünün nüfuz dairəsi sayır…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Dünya, Siyasi, Təhlil / 07.09.2026 16:37
ABŞ-Rusiya görüşü Ukraynaya sülh gətirəcəkmi? – TƏHLİL - FOTO
Elm və təhsil / 01.08.2026 08:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO