Dünya 31.07.2026 17:38

Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO

Sabahdan Türkiyə Hərbi Qüvvələri NATO çərçivəsində dörd ay müddətinə Baltikyanı ölkələrin hava məkanını qoruyacaq. Cümhuriyyət Alyans tarixində Baltikyanı ölkələr üzrə ilk dəfə bu xidməti həyata keçirəcək.

Türkiyə 2026-cı il avqustun 1-dən – noyabrın 30-dək Estoniyada yerləşən Amari Hərbi Hava Bazasında 5 ədəd F-16 döyüş təyyarəsi və 76 nəfərlik heyətlə NATO-nun Baltik Hava Polisliyi vəzifəsini yerinə yetirəcək. Cümhuriyyət hərbçiləri Estoniyada növbəni Portuqaliyadan təhvil alır.

NATO Hava Polisliyi müttəfiqlərin hava məkanının təhlükəsizliyini qorumağı hədəfləyən, sülh şəraitində daimi dövri vəzifəni icra edir. Kollektiv bir vəzifə olan hava polisliyi, mümkün hava məkanı pozuntularına sürətli müdaxilə etməyə hazır döyüş təyyarələri və heyətinin həftənin 7 günü, 24 saat daimi xidmətdə olur.

Bu, Alyansdakı müttəfiqlər arasında həmrəylik göstəricisidir. Xidmət çərçivəsində uyğun döyüş təyyarəsi imkanına sahib ölkələr belə imkana sahib olmayan üzv dövlətlərin hava məkanının təhlükəsizliyinin qorunmasına yardım edirlər.

NATO Hava Polisliyi vəzifəsi ilə 2004-cü ildən Estoniya, Latviya və Litvanın səmasının təhlükəsizliyi ittifaqa üzv ölkələr tərəfindən təmin edilir. Xüsusi qabiliyyətlərə sahib olan Alyans üzvləri NATO-nun Baltik Hava Polisliyi missiyasına könüllü olaraq töhfə verir. Bu xidmət dörd aydan bir növbəli şəkildə həyata keçirilir.

2004-cü ildən bu istiqamətdə fəaliyyət göstərən NATO döyüş təyyarələri Litvadakı Şaulyay Hərbi Hava Bazasına dislokasiya edilirdi. 2014-cü ildən bəri isə Estoniyadakı Amari Hərbi Hava Bazasında da yerləşdirilən Alyansın döyüş təyyarələri 2024-cü ildən Latviyada Lielvarde Hərbi Hava Bazasında xidmət edirlər.

Türkiyə Hərbi Hava Qüvvələri isə NATO Hava Polisliyi vəzifəsi çərçivəsində 2021-ci il iyulun 6-dan sentyabrın 15-dək Polşada, 2023-cü il noyabrın 30-dan 2024-cü il aprelin 2-dək Rumıniyada Təkmilləşdirilmiş Hava Polisliyi vəzifələrinin icrasını uğurla başa vurub.

Türkiyə Hərbi Hava Qüvvələrinin 2026-cı ilin dekabrından 2027-ci ilin martınadək Rumıniyada həyata keçiriləcək Hava Polisliyi vəzifəsini öz üzərinə götürməsi də planlaşdırılıb. Müttəfiq ölkələrin ərazi bütövlüyü və sərhədlərinin qorunmasında fəal iştirak etməsi onun Alyansdakı nüfuzunun göstəricisidir. Çünki Cümhuriyyət NATO daxilində güclü ordulardan biridir. O, həssas geostrateji mövqeyə malikdir. Türkiyə Qara dəniz, Yaxın Şərq və Aralıq dənizinin şərqində NATO və müttəfiqlər üçün başlıca dayaq mövqeyidir.

Türkiyə NATO-ya 1952-ci il fevralın 18-dən üzvdür. Onun ordusu ittifaqda ABŞ-dən sonra ikinci hərbi gücə sahibdir. NATO-nun Quru Qoşunları Komandanlığının qərargahı (LANDCOM) İzmirdə yerləşir. Alyans büdcəsinə və qurumun tədbirlərinə dəstək, töhfə baxımından cümhuriyyət ilk beşlikdə olan üzvdür.

Təsadüfi deyil ki, bu gün Türkiyə hərbi, təhlükəsizlik, siyasi, mədəni, ictimai, iqtisadi və başqa sahələr baxımından Avropanın, Qərbin güvənəcəyi əsas müttəfiqlərindəndir. Onun hərbi texnika əldə etməsi və gücü barədə ABŞ Prezidenti Donald Tramp bu günlərdə verdiyi açıqlama ilə ölkənin vəziyyətini daha əhatəli xarakterizə edib. O, İsrail Baş naziri Binyamin Netanyahunun ABŞ-nin Türkiyəyə “F-35” satışına qarşı çıxmasına dair mövzudan danışarkən deyib: “Heç kim mənə kimə nəyi satıb-satmamağımızın lazım olduğunu deyə bilməz. Türkiyə böyük müttəfiqimizdir”.

ABŞ lideri vurğulayıb ki, Türkiyənin möhtəşəm, çox güclü ordusu var: “İnsanlar Türkiyənin hərbi baxımdan nə qədər böyük və güclü bir ölkə olduğunun fərqində deyil. Türkiyə çox güclü bir orduya sahibdir”.

Təhlükəsizlik və müdafiə sahəsində Avropadakı müttəfiqlərini tənqid etdiyi halda Trampın belə dəyərləndirməsi Türkiyəyə NATO daxilində fərqli, müsbət münasibətdir.

NATO-nun Baş katibi Rutte də Ankarada keçirilən NATO sammitində bildirib ki, Türkiyənin nəhəng müdafiə sənayesi bazası var.

Avropa İkinci Dünya Müharibəsindən sonra təhlükəsizliyini daha da gücləndirib. ABŞ-nin liderliyi ilə bu istiqamətdə, ilk növbədə, NATO-ya üstünlük verilib. Bir sıra baxımdan qitənin bəzi dövlətləri təhlükəsizlik və sərhədlərinin qorunması üçün Alyansdakı müttəfiqlərin imkanından yararlanırlar.

Türkiyə də daxil olmaqla NATO üzvləri təhlükəsizliyi və ərazilərini qorumağın məsuliyyətini üzərlərinə götürürlər. Üzv dövlətlərin sərhədlərinin pozulması Şimali Atlatika Alyansının ərazisinə müdaxilədir. Bu, NATO müqaviləsinin 4-cü maddəsi ilə tənzimlənir. Həmin müddəaya əsasən, sərhəd pozulması zamanı müttəfiq Hava Polisi tapşırıqlarını sürətli müdaxilə və lazım gəldikdə kollektiv müdafiə mexanizmlərinin işə salınması ilə həll edir.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra NATO-ya üzv Avropa ölkələrinin təhlükəsizliyi məsələsi aktuallaşdı. Xüsusən Baltikyanı ölkələr – Estoniya, Litva və Latviyada bu təhlükənin mümkün nəticələrinə daha həssaslıqla yanaşılır.

Məlumatlara əsasən, Rusiyaya məxsus dronların 2025-ci ilin əvvəlindən Baltik ölkələrinin hava məkanını davamlı olaraq azı 24 dəfə pozması hadisəsi qeydə alınıb. Ehtimal olunur ki, 2026-cı ilin martında federasiyanın pilotsuz uçuş aparatları Latviyadakı neft bazası daxil olmaqla qonşu Estoniyadakı obyektlərə zərbə endirib. Bir müddət əvvəl isə Estoniya səmasında uçan dron vurulub. 2026-cı ilin iyulundan NATO Baltik ölkələrinin hava məkanının patrul missiyasının statusunu genişləndirib.

Alyansın qırıcı pilotları hava sərhədlərini pozan pilotsuz uçuş aparatlarını vurmaq hüququnu rəsmləşdirdilər.

ABŞ və Baltik ölkələrinin rəhbərliyi Rusiyanın hərəkətlərini açıq şəkildə pisləyərək insidentləri “müharibə həddindən aşağı” təzyiq aləti və Avropa təhlükəsizliyinə qarşı hibrid təhdid kimi qiymətləndirir.

Türkiyənin bəhs etdiyimiz missiyada iştirakı onun nüfuzunun və gücünü göstəricisi olmaqla yanaşı, həm də döyüş qabiliyyətini, peşəkarlığını artırmaq üçün yeni bir fürsətdir. Rəsmi Ankara NATO-ya üzv olduğu vaxtdan onun aksiyalarının fəal iştirakçılarından olub. Koreya müharibəsindən başlayaraq Əfqanıstan, Liviya, İraq, Suriya, Kosovo, Bosniya və Herseqovinada, habelə başqa ölkələrdə Alyansın missiyası daxilində fəal rol oynayıb. Yuqoslaviya hadisələrində Türkiyənin tutduğu mövqe itkilərin sayının azalmasını təmin edib.

Son illər – Suriyaya İŞİD-in müdaxiləsində, Rusiyanın Ukraynada apardığı müharibədə də cümhuriyyət Avropanın təhlükəsizliyinin təmin edilməsində, qaçqınların yerləşdirilməsində aparıcı olub. İraq, Suriya və regionun başqa ölkələrindən Türkiyəyə milyonlarla insanın axın etməsi zamanı baş verənlər buna bariz nümunədir. Həmin illərdə orada milyonlarla qaçqın sığınacaq almışdı. Bu isə başlamış prosesə hazır olmayan Avropanın təhlükəsizliyinin təmin olunması, humanitar faciənin qarşısının alınmasına töhfə idi.

Bunlarla yanaşı, bəzi hallarda müttəfiqlər belə Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyinə zidd addımlar atıblar. 2024-cü ildə İsveç və Finlandiya NATO-ya üzv olanda bu kimi davranışların bəziləri ifşa edildi. Onda Türkiyə aşağıdakı kimi şərtləri irəli sürmüşdü:

– İsveç PKK, YPG/PYD və FETÖ kimi terror qrupların fəaliyyətlərinə və maliyyələşdirilməsinə icazə verməsin;

– İsveç terrorla mübarizə qanunlarını və konstitusion tənzimləmələrini sərtləşdirərək konkret addımlar atsın, ol xəritəsi təqdim etsin;

– Türkiyənin tələb etdiyi terror şübhəlilərinin təhvil verilməsi məsələsində məhkəmə əməkdaşlığı aparılsın;

– Türkiyəyə qarşı müdafiə ticarəti və investisiyalarında tətbiq olunan bütün embarqo, məhdudiyyət və maneələr aradan qaldırılsın;

– İsveç Türkiyənin Avropa İttifaqına üzvlük prosesinə, Gömrük İttifaqının yenilənməsinə və viza azadlığına fəal dəstək versin və s.

Çünki bu kimi ölkələr Türkiyənin torpaq bütövlüyünü pozan, təhlükəsizliyinin təhdid edən şəxslərə, qrup və təşkilatlara ərazisində sığınacaq verib, onların fəaliyyətinə göz yumub. Ancaq üzv olandan sonra həmin ölkələrin ərazi bütövlüyü və təhlükəsizliyi uğurunda Türkiyə hərbçisi NATO çərçivəsində mübarizə aparıb, həlak belə olub.

Bu kimi məsələləri rəsmi Ankara Alyansdakı müttəfiqləri qarşısında daim təklif olaraq irəli sürür. Son illər o bu istiqamətdə müəyyən irəliləyişə nail olub.

Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır. Onun 76 pilotu sabahdan Baltikyanı ölkələrin səmasında Hava Polisi olaraq vəzifəsinin icrasına başlayacaq. Bu həm də o deməkdir ki, həmin hərbçilər region ölkələrinə öz dövlətləri kimi xidmət edəcəklər. Türk şahinləri dörd ay ərzində Estoniya, Latviya və Litvanın səmasını Rusiya başda olmaqla digər sərhəd pozanlardan qoruyacaq…

Sədrəddin Soltan – “Report” 

XƏBƏR LENTİ
Dünya, Təhlil / 31.07.2026 17:38
Türkiyə Avropanın Yaxın Şərqdə həm qalası, həm də müdafiə istehkamıdır – TƏHLİL - FOTO
Elm və təhsil / 30.07.2026 15:25
Azərbaycan dilinə dövlət dili statusu verilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır – MƏQALƏ
Dünya, Mədəni / 29.07.2026 10:57
“Zita və Gita”dan deputatlığa: Hema Malini necə əfsanəyə çevrildi? – RETRO BAKU - VİDEO
Dünya, Təhlil / 28.07.2026 16:50
“Beşinci kolon” yaradan ETTALAAT, Sepah və media orqanları – TƏHLİL - FOTO
Dünya, Təhlil / 27.07.2026 17:03
Berlindəki terror aktı – cinayətkarın dini, milləti olmur – TƏHLİL - FOTO
Elm və təhsil, Maraqlı, Sosial / 27.07.2026 10:51
Azərbaycanı birləşdirən Şah Qacarın meyidi niyə 2 yerə bölündü? - VİDEO
Kriminal, Sosial / 27.07.2026 10:42
“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Sosial / 27.07.2026 10:35
Gözüyaşlı atanın ürəkdağlayan hekayəsi – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.07.2026 17:19
Fransada ksenofobiya – irqi mənsubiyyətə görə artan gərginlik – TƏHLİL - FOTO
Elm və təhsil, Mədəni / 24.07.2026 12:22
Aşıq Alıdan qalan sərvət – Salman Qaralar yazır - FOTO
Elm və təhsil, Sosial / 24.07.2026 11:24
İnsanları halallığa və yüksək əxlaqa çağıran adam – Kərəm Həsənzadənin vəfatının 60 illiyinə
Elm və təhsil, Sosial / 24.07.2026 11:05
Əxlaqı yaradan nədir: Elm, yoxsa hikmət? – AMİN - VİDEO
Dünya, Siyasi, Təhlil / 23.07.2026 10:52
Ermənistan-Rusiya atmosferi – münasibətlərdə AES barometri – TƏHLİL - FOTO
Mətbuat / 22.07.2026 00:01
Bu gün Azərbaycanda Milli Mətbuatın yaranması günüdür
Dünya, Siyasi, Təhlil / 21.07.2026 16:56
Rusiyanın meyvə təzyiqləri İrəvanda etirazlar yaradır – TƏHLİL - FOTO
Maraqlı, Sosial / 21.07.2026 11:22
“Şəfanın məzarının vəziyyətini gördükdə şoka düşdüm” – “Arzunun vaxtı” - VİDEO
Dünya, Siyasi / 20.07.2026 17:35
ABŞ 30 ildən sonra “xarici terrorçuları” ölkədən çıxaracaqmı? – TƏHLİL - FOTO
Elm və təhsil, Texnologiya, Təhlil / 20.07.2026 12:11
Sosial şəbəkələrə qadağa: dünyada nə baş verir? – ARAŞDIRMA - VİDEO
İdman / 20.07.2026 11:22
“Media Kuboku-2026” – yaddaqalan anlar və kadrlar - FOTO - VİDEO
İdman / 19.07.2026 17:31
“Media Kuboku-2026” minifutbol turniri başa çatıb - FOTO
Sosial / 19.07.2026 11:40
300 nəfərlik gizli “WhatsApp” qrupu kəndi necə dəyişir? – KƏNDİNƏ QAYIT - VİDEO
Sosial / 18.07.2026 21:15
Atasını itirdi, 6-cı sinifdə “ana” oldu – “Arzunun vaxtı” - VİDEO
İdman / 18.07.2026 16:57
Qusarda “Media Kuboku – 2026” minifutbol turniri start götürüb - FOTO
Sosial / 18.07.2026 13:33
Tanınmış teleaparıcı özbaşnalıqlara son qoyulmasını tələb edir
Mədəni, Sosial / 18.07.2026 10:22
“Boşanmaq nədir, nəyin çatmır, ay qız?!” – O VAXTLAR - VİDEO
Siyasi, Təhlil / 17.07.2026 16:27
Özünü buraxan PKK niyə başqaları üçün alət olaraq qalır? – TƏHLİL - FOTO