Azərbaycanda bərpa olunan enerji ehtiyatları 30 min MVt səviyyəsindədir – Nazir müavini
Azərbaycanda bərpa olunan enerji ehtiyatlarının həcmi 30 min MVt səviyyəsindədir.
Rakus.az xəbər verir ki, bu barədə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019” tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, ölkədə külək enerjisi ehtiyatları 3 min MVt, günəş enerjisi ehtiyatları isə 23 min MVt həcmində qiymətləndirilir ki, bu göstəricilər Azərbaycan üçün elektrik enerji sahəsində böyük imkanlar açır.
Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda elektrik enerjinin illik istifadəsi 4 min MVt-a yaxındır və bu da o deməkdir ki, ölkə bərpa olunan enerji mənbələrdən istifadə edərək özünü tam təmin edə bilər.
“Alternativ enerji sahəsi hələ bahalı olaraq qalır, buna baxmayaraq, ölkədə bu sahənin inkişafı üzrə işlər aparılır, bir sıra şirkətlərlə danışıqlar gedir. Gələcəkdə alternativ enerjidən istifadəni artırmaqla Azərbaycan elektrik enerji istehsalı üçün istifadə edilən qaza qənaət edib, onu kommersiya məqsədləri üçün istifadə etməyə imkan yaradacaq”, – deyə E. Soltanov qeyd etdi.
Qeyd edək ki, hazırda Azərbaycanın elektrik enerjisinin qoyuluş gücü 7 min MVt təşkil edir.