“Heç özümü bağışlamamışam” – Motosiklet qəzasında ölən Zəhranın atası – “Arzunun vaxtı” - VİDEO
Baku TV-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın hazırladığı “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı yayımlanıb.
Rakus.az xəbər verir ki, budəfəki veriliş motosiklet qəzasında həyatını itirən 17 yaşlı Zəhra Mehdiyevanın xatirəsinə həsr olunub.
Verilişdə Zəhranın atası, tanınmış hüquqşünas Fərhad Mehdiyev qızının ölümündən sonra yaşadığı ağır günlərdən, peşmanlıqlarından və övlad-valideyn münasibətlərindən danışıb.
O bildirib ki, qızı əvvəlcə ondan xəbərsiz moped, daha sonra isə motosiklet alıb: “Zəhra əvvəlcə özünə moped almışdı və bunu məndən gizlətmişdi. Mən təxminən iki ay sonra onun mopedi olduğunu öyrəndim. Daha sonra mühərrik həcmi böyük olan motosiklet aldı. Onu öz adına almamışdı, hətta harada saxladığını da bilmirdim. Mən motosiklet sürməsini istəmirdim. Həmişə deyirdim ki, sürət həddini aşma, uzaq məsafələrə getmə”.
Hüquqşünas qızının motosiklet sürməkdən imtina etməyəcəyini sonradan anladığını deyib: “Qadağa qoymaq əvəzinə onun yanında olmalı və hərəkətlərinə daha ciddi nəzarət etməli idim. Əvvəl düşünürdüm ki, kaş ona bu qədər azadlıq verməzdim. İndi isə azadlıq verdiyimə görə deyil, həmin azadlığa kifayət qədər nəzarət etmədiyimə görə peşmanam. Mən onu motosiklet sürməkdən uzaqlaşdıra bilməyəcəkdim. Çünki Zəhra motosiklet sürməyi həddindən artıq çox sevirdi. Gərək onun yanında olaydım, təhlükələri düzgün izah edəydim”.
Veriliş iyulun 27-də YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














