AİHM Azərbaycanla bağlı qərarını açıqladı
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 26-da Azərbaycanla bağlı 11 şikayət üzrə qərarını açıqlayıb, hökuməti 128 min 500 avro cərimələyib.
Rakus.az xəbər verir ki, məhkəmənin məlumatına görə, bu qərar ərizəçi kimi 2010-2011-ci illərdə etiraz mitinqlərində iştiraka görə inzibati həbsə məruz qalmış 11 müxalifətçi barədədir.
Bundan əlavə, 2011-ci il 2 aprel mitinqində iştiraka görə onlar 1 ildən 3 ilədək mühakimə olunublar.
AİHM onların Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı hüququ), 11-ci (dinc toplaşma hüququ) maddələri üzrə hüquqlarının pozulduğunu müəyyən edib.
Verilən məlumata görə, Müsavat Partiyası başqanı Arif Hacılı və AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının hər birinə 11 min 500 avro ödənməlidir. Bundan başqa, hazırda başqa ittihamlara görə həbsdə olan AXCP fəalı Babək Həsənov və daha 6 nəfər müxalifətçiyə də eyni məbləğdə kompensasiya verilməlidir. Qalan iki müxalifətçiyə də 10 min avro və ondan çox məbləğdə kompensasiya ödənilməli olduğu qeyd edilir.
Hələlik, bu qərara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər bir qayda olaraq ölkədə bütün fundamental azadlıqlar tam təmin edildiyini bəyan edir.