ATƏT PA-nın iclası keçiriləcək – Kopenhagendə
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti Azay Quliyev qurumun büro iclasında iştirak etmək üçün aprelin 6-da Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfərə gedəcək.
Rakus.az xəbər verir ki, bu barədə arlamentin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, büronun iclasında Assambleyanın siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrinin məruzələri və qətnamə layihələri müzakirə olunacaq.
İclasda ATƏT PA-nın xüsusi nümayəndələrinin fəaliyyəti və seçki müşahidə missiyalarının hesabatları, Assambleyanın baş katibi Roberto Montellanın mandatının ikinci müddətə uzadılması məsələsinə baxılacaq.
Bununla yanaşı, büro ATƏT PA-nın cari ilin iyulun 4-dən 8-dək Lüksemburqda baş tutacaq 28-ci illik və oktyabrın 4-dən 6-dək Mərakeşdə keçiriləcək payız sessiyalarının gündəliyini, müzakirə mövzularını və layihə sənədlərini təsdiq edəcək.
Azay Quliyev büro iclasında müzakirəyə çıxarılan məsələlərə dair fikirlərini və təkliflərini bildirəcək.
Səfər aprelin 9-da başa çatacaq.