Qərbi Azərbaycan Həqiqətləri: Daşkörpüdə tapılan qəbiristanlıq hansı həqiqətləri üzə çıxarır? - FOTO - VİDEO
“Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsi çərçivəsində indiki Ermənistanda azərbaycanlıların yaşadığı Daşkörpü kəndinin tarixi haqqında araşdırma dərc olunub.
Rakus.az xəbər verir ki, bu barədə məqalə “Perished civilization”da yayımlanıb.
Çar dövründə – Daşkörpi, Daşkeprı, Daş körpi, Daşkepri, Daş Kerpi, sovet dövründə – Daşkörpi, Daşkerpi, Daşkörpü adlanıb. 1877-1878-ci illər Rus-türk müharibəsi ərəfəsində kəndin ərazisi Osmanlı İmperiyasının Qars sancağının tərkibində olub. Müharibənin nəticələrinə əsasən, Osmanlı İmperiyasının Qarsı, Ərdəhanı və Batumu (indiki Batumini) Rusiyaya güzəştə getməyə məcbur olduğu Berlin müqaviləsi bağlanıb. Çar Rusiyası dövründə kənd Qars vilayətinin Qars dairəsinə aid olub.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər.
1919-1920-ci illərdə erməni silahlı dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Rusiya işğalına qədər Osmanlı imperiyasına məxsus olmuş Qars vilayətində müsəlmanlara qarşı etnik təmizləmə keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, o cümlədən Zəngəzur, Qarabağ və Naxçıvanda baş verib.
Daşkörpü sakinlərinin etnik təmizləməyə məruz qaldıqlarını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
2021-2024-cü illərdə “Yoxa çıxmış sivilizasiya” kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib. Məzar daşlarındakı tarixlər təsdiq edir ki, azərbaycanlıları 1980-ci illərin sonlarınadək bu qəbiristanlıqda dəfn etməyə davam ediblər.
Xatırladaq ki, Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. Nadir elmi-tədqiqat işi olan “Qərbi Azərbaycanın yaddaş yerləri” layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.
“Qərbi Azərbaycanın yaddaş yerləri” “AZfront” və Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə “Yoxa çıxmış sivilizasiya – Gözə dəyməyən fəlakət” tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə yaxın kənd üzrə foto və videomateriallar toplanıb, həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları – qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar kənd-kənd mərhələli şəkildə təqdim edilir.
Bu layihənin videomaterialı oktyabrın 26-də eksklüziv olaraq Baku TV-də yayımlanıb.














