ABŞ “Taliban”ın atəşkəs razılığı imzalayacağına inanır
ABŞ-ın müdafiə naziri Mark Esper bazar ertəsi bildirib ki, bundan sonra qoşunların Əfqanıstandan geri çəkilməsi “mütləq deyil ki” “Taliban”la razılaşma ilə əlaqədar olsun.
Rakus.az xəbər verir ki, M.Esperin Reuters-ə müsahibəsində etdiyi bu şərhlər Prezident Donald Trampın ötən həftə Əfqanıstana səfərindən bir neçə gün sonraya təsadüf edib. Orada o, qoşunların sayının mümkün azaldılmasından bəhs edib və deyib ki, “Taliban” qiyamçılarının atəşkəs razılığı imzalayacaqlarına inanır.
Əgər tərəflərin hər biri atəşkəsə əməl etsə, nəticədə zorakılıqlar əhəmiyyətli dərəcədə azala bilər. Lakin ABŞ ordusunun komandirləri yenə də diqqətlərini Əfqanıstandakı digər iki militant qrup, İslam Dövləti və Əl-Qaidənin yaratdığı təhlükələrə yönəldəcək.
Esper deyib ki, Tramp administrasiyası bir neçə müddətdir həm ölkə daxilində, həm də ABŞ müttəfiqləri ilə qoşunların sayının azaldılmasını müzakirə edir.
“Mən əminəm ki, biz Əfqanıstanda qoşunların sayını azalda, eyni zamanda isə ərazinin Birləşmiş Ştatlara hücum etmək istəyən terrorçular üçün təhlükəsizlik sığınacağına çevrilməyəcəyini təmin edə bilərik. Müttəfiqlərimiz də bizimlə razılaşır”, -Esper bildirib.
O əlavə məluma t paylaşmayıb.
Hazırda Əfqanıstanda 13 min ABŞ qoşunu, minlərlə digər NATO ölkələrinin qoşunları var. ABŞ rəsmiləri Amerika qoşunlarının sayının 8600-ə qədər azalacağını və onların effektiv anti-terror missiyasını həyata keçirməyə davam edəcəklərini bildirib.
Sentyabrda hazırlanan ilk atəşkəs layihəsinə əsasən minlərlə Amerika əsgərinin Əfqanıstanın militantların Birləşmiş Ştatlar və müttəfiqlərinə qarşı hücumlar üçün baza kimi istifadə olunmayacağına dair zəmanətlər müqabilində geri çəkilməsi nəzərdə tutulurdu.
Lakin bir çox ABŞ rəsmisi hələ də Əl-Qaidənin Əfqanıstan torpağından Birləşmiş Ştatlara qarşı hücumlar planlaşdırmasının qarşısını almaq məqsədilə “Taliban”a etibar etməyə tərəddüdlə yanaşır.