Xatirə Turnirində 1/4-ə vəsiqə qazanan 8 komanda bəlli oldu
Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın Şəhid Jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 5-ci Ənənəvi Minifutbol Turnirində 6 turdan ibarət qrup oyunları noyabrın 1-də başa çatıb.
Rakus.az xəbər verir ki, sentyabrın 25-də start verilən turnirdə ümumi 24 qrup oyunu keçirilib. Bütün qarşılaşmalar AFFA tərəfindən təyin edilmiş hakimlər tərəfindən idarə edilib. Qapılara 114 qol vurulub və oyunçulara cəmi 2 qırmızı, 6 sarı kart göstərilib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmalara tamaşaçı marağı az olmayıb. Nəhayət, qrup liderliyi üçün tər tökən komandaların adları bəlli olub. Belə ki, A qrupunda Veterenlar, B qrupunda isə Qaraqoyunlu komandaları rəqiblərini məğlub edərək hərəyə 9 xalla qrup lideri kimi 1/4-ə vəsiqə qazanıb. Bu qruplarda ikinci yeri tutan ATV və Əmirxeyir komandalarının hər biri 6 xal toplayaraq, adlarını növbəti mərhələyə yazdırıb. Bu qruplarda AzTv, AZƏRTAC, APA və MEDİA heyətləri əzmkar oyun nümayiş etdirsələr də, turnirə davam etmək şanslarını itiriblər.
C və D qrupunda isə vəziyyət son anadək olduqca həyacanlı keçib. Hər bir komandanın xal durumu növbəti mərhəlyə adlamaq şansı yaratsa da, hər şey son oyunda bəlli olub. C qrupunda Xəzər TV və Ardanış, D qrupunda isə AnewS ilə Vətən daha inamlı oyun nümayiş etdirərək güclü olmaq əzmlərini ortaya qoyublar. Zəfər 44, Baku WS, CBC Sport və Gəncəvi Nedia komandaları isə turnirlə vidalaşıb.
Beləliklə, noyabrın 7-8-də baş tutacaq 1/4 oyunlarında nəticələrə əsasən Veteranlar-ATV, Qaraqoyunlu-Əmirxeyir, Ardanış-Vətən, AnewS ilə Xəzər TV qarşılaşacaq.
Yarımfinal və final oyunları noyabrın 14-15-də keçiriləcək.















