Brexit də baş verdi, Britaniya da dağılmadı – TƏHLİL - FOTO
Avropa İttifaqı (Aİ) haqqında dağılmazlıq düşüncəsi artıq ehkam deyil. 2016-cı il iyunun 23-də Böyük Britaniyanın ittifaqdan çıxması haqqında referendum (Brexit) keçirilib. Nəticədə Böyük Britaniya milli suverenliyi tam bərpa etmək, miqrasiya axınlarını nəzarətdə saxlamaq, bir sıra hallarda qarşısını almaq, maliyyə-büdcə məhdudiyyətlərindən qurtulmaq istəyi səbəbindən Avropa İttifaqını tərk edib.
Məlumatlara əsasən, Brexit tərəfdarları Aİ ölkələrindən sərbəst miqrasiyanın məhdudlaşdırılmasını tələb edir, giriş qaydaları və əmək miqrantlarının bölüşdürülməsini müstəqil şəkildə müəyyən etmək istəyirdilər. Birləşmiş Krallığın əhalisinin əhəmiyyətli bir hissəsi hesab edirdi ki, Brüssel ittifaq daxilində həddən çox daxili qanun diktə edir. Rəsmi Londonun qənaətincə, bu, Britaniya parlamenti və məhkəmələrinin müstəqilliyini məhdudlaşdırır.
Bundan başqa, vətəndaşlar Böyük Britaniyanın xalis donor olmasından, yəni Aİ büdcəsinə müxtəlif subsidiyalar şəklində geri aldığından qat-qat çox vəsait ödəməsindən narazı idilər. Habelə, Böyük Britaniyada hesab edirdilər ki, Birləşmiş Krallığın öz ticarət siyasəti olmalıdır. Onların qənaətincə, ittifaqın ümumi bazarı tərəfindən tətbiq edilən standartlar üzərində nəzarətin olmaması milli biznesin inkişafını ləngidir.
Birləşmiş Krallığın müstəqillik və suverenliyini qorumaq, Aİ-dən asılılıqdan qurtulmaq üçün də bu addımı atdığı iddia olunur.
Referendumda yüksək seçici fəallığı olub. Seçicilərin 72,2%-nin bu siyasi kampaniyada iştirakı Böyük Britaniyada ümummilli səsvermələrdə ən yüksək göstəricilərdən biri sayılır. Siyasi kampaniyada seçicilərin 51,89%-i ölkənin Aİ-dəki üzvlüyünə son qoyulmasının, 48,11%-i isə ittifaqda qalmağın lehinə səs verib.
Referendum ovaxtkı Baş nazir Devid Kemeronun dövrünə təsadüf etdi. Səsvermənin nəticələri elan edildikdən sonra o istefa verib. Aİ üzvlüyündən çıxma ideyasını heç də bütün Krallıq dəstəkləmirdi. Belə ki, İngiltərə və Uelsdəki seçicilərin çoxu ittifaqdan çıxmağın lehinə, Şotlandiya, Şimali İrlandiyada elektoratın çoxu isə ittifaqın tərkibində qalmağın tərəfdarı idi. Maraqlıdır ki, İngiltərənin özündə belə fikirlər eyni deyildi. Belə ki, paytaxtda olan seçicilərin əksəriyyəti Aİ-də qalmağın lehinə idilər.
Böyük Britaniya Avropa İttifaqına 1973-cü il yanvarın 1-də daxil olub. 2020-ci il yanvarın 31-də Avropa İttifaqını qəti şəkildə tərk edib. Bununla da Birləşmiş Krallıq vahid Avropa ailəsinə qayıtmaq üçün heç bir yol qoymayıb.
“YouGov”un bu ilin iyununda keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, britaniyalıların təxminən 60%-i Brexit-in səhv olduğuna əminliklərini bildiriblər. Respondentlərin 55%-i əvvəlki istisna şərtlərlə Krallığın Avropa ailəsinə qayıtmasını dəstəkləyiblər. Yeri gəlmişkən, bu sosioloji rəy öyrənmə təşkilatının hesabatlarından dünyanın bir çox aparıcı xəbər agentlikləri, o cümlədən “CBS News”, “The Economist”, “The Times”, “Sky News UK”, “DPA Germany”, “Sky News Australia” istifadə edir.
Brexit-dən əvvəl Britaniya Aİ-nin iki prinsipial tələbindən azad idi: avroya keçid və Şengen zonasına daxil olmaq. Bununla yanaşı, Krallıq üzvlük haqlarını endirimli ödəyirdi.
Aİ-dən çıxdıqdan sonra Krallıq sakinləri pərakəndə qiymətlərdə fərqi hiss etdilər. Məsələn, pərakəndə satışlarda qiymətlər 2016-cı ilin iyunu ilə müqayisədə iyulda 1,4 % artdı. Halbuki bu rəqəm 0,2 % proqnozlaşdırılırdı. Saat və zərgərlik məmulatlarının satışlarında isə 16,6 % artım müşahidə olunmuşdu.
Miqrasiya sahəsində də Britaniya elə ciddi uğura nail olmadı. 67 milyonluq ölkədə 2022-ci ildən 2024-cü ilə qədər miqrantların sayı iki milyon nəfər artdı. Brexit-dən sonra Krallığı tərk edən avropalıların yerini başqa ölkələrin vətəndaşları tutdu.
Statistikaya əsasən, başqa sahələrdə də müəyyən geriləmələr müşahidə edilib. 2016-cı il iyunun 23-dək, referendumdan əvvəl Böyük Britaniyanın iqtisadiyyatı artım mərhələsində olub. Ölkənin Ümumi Daxili Məhsulun (ÜDM) həcmi təxminən 2,65 trilyon dollar təşkil edirdi. 2000-2016-cı illər arasında Britaniyanın ÜDM artım templəri Fransa, İtaliya və İspaniyanın göstəricilərini üstələyirdi.
Referendumdan sonra bu tempin iki dəfə azaldığı qeydə alınıb. Bildirilib ki, Avropa İttifaqından çıxış Krallığın iqtisadiyyatına potensial göstəricilərdən əhəmiyyətli geriləmə baxımından baha başa gəlmişdi. ABŞ-nin Milli İqtisadi Araşdırmalar Bürosunun araşdırmasına əsasən, ölkə Aİ tərkibində qalsaydı, hazırda Britaniyanın ÜDM-i 6-8% daha yüksək ola bilərdi.
Krallıqda investisiya qoyuluşunda da geriləmə müşahidə olunub. Bu istiqamətdə azalma 12-18 faiz göstərilib.
Böyük Britaniya Aİ-dən çıxandan sonra nəzəri hesablama ilə müqayisədə ÜDM-in məcmu olaraq 2%-dən 6%-ə qədər itirilməsinə səbəb olduğu bildirilib.
Böyük Britaniyanın Aİ-yə ümumi ixrac həcmi təxminən 12 faiz, idxalı isə təxminən 16 faiz azalıb. Məsələn, Brexit-dən sonra Birləşmiş Krallığın Aİ-yə kimyəvi maddələr və əczaçılıq preparatlarının tədarükü 21 faiz, ərzaq ixracı isə 29 faiz azalıb.
İqtisadi fakt və arqumentlərə əsasən, demək olar ki, ittifaqdan çıxmaq Krallığın iqtisadiyyatına mənfi təsir göstərib. Bu baxımdan, Brexit-i Böyük Britaniya üçün uğursuz saymaq olar.
Belə düşünmək olar ki, Aİ-dən çıxmaq ölkənin siyasi həyatına da mənfi təsirini göstərib. Ötən 10 il ərzində Böyük Britaniyada altı baş nazir dəyişib. Bunu o sayda hökumət böhranı da adlandırmaq olar. Sanki hökumətdə sabitlik Brexit-lə sona çatıb.
Devid Kemeron istefa verdikdən sonra onu Tereza Mey əvəzlədi. Bəziləri belə zənn edirdilər ki, o, Marqaret Tetçerdən sonra ikinci “dəmir ledi” olacaq. Çünki bu dönəm Böyük Britaniya üçün iqtisadi-ticarət, mədəni, siyasi və başqa baxımlardan çətin, qarışıq dövr idi. O, Brexit-i parlamentdə qəbul etdirə bilmədiyi üçün üç il sonra istefa verdi.
Boris Consonun baş nazirlik dövrü koronavirus pandemiyası dövrünə təsadüf edirdi. O, seçkiöncəsi təbliğat-təşviqat kampaniyasında Aİ-dən çıxma ideyalarını həyata keçirəcəyini bildirirdi. Seçkiləri böyük səs çoxluğu ilə qazandı. Onu 2022-ci ildə Liz Trass əvəzlədi. Ancaq o, hökumətə 49 gün başçılıq etdi.
Rusiyanın Ukraynada apardığı müharibədə Britaniya birmənalı olaraq Kiyevin mövqeyini dəstəkləyir. Avropadakı müttəfiqlərinin ona yardımı artırmağı təşviq edir.
Beləliklə, ittifaqdan çıxandan sonra iqtisadi sahədə uğursuzluqlar Böyük Britaniyanın suverenliyini qorumaq bahasına başa gəldiyini düşünmək olar.
Krallığın Brexit-inin dərsləri də var – suverenliyin qorunması, maliyyə sahəsində olsa belə milli dəyərlərinə hörmət, müstəqil xarici siyasət yürütmək, beynəlxalq təşkilatın maraqlarını ölkədə qəbul etdirmək məsuliyyətindən qurtulmaq, Britaniyanın qüdrətli nüfuzunu qaytarmaq.
Bir zamanlar “SSRİ dağılsa, necə yaşayarıq?” fikri sovet adamlarında hakim idi. Bu kommunist rejim dağıldı. Qırmızı ordunun törətdiyi cinayətlər və siyasi rəhbərliyin ikiüzlülüyü nəticəsində itkilər oldu. Odur ki, Brexit də baş verdi, Britaniya da dağılmadı.
Sədrəddin Soltan – “Report”














