Ardanış Kənd İcması Çəmbərək və Karvansara rayonlarının bayram tədbirində iştirak edib - FOTO
Dekabrın 27-də Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək və Şəmşəddil mahalının Karvansara rayon icmalarının təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarrının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə “Ağçiçəyin” restoranında tədbir keçirilib.
Rakus.az xəbər verir ki, “Mədəniyyət və mədəni irsimizi qoruyaq” şüarı altında təşkil olunan tədbirdə hər iki icmanın 2025-ci ilin yekunlarına həsr olunmuş hesabatına dair video-süjet göstərilib.
Vətən yolunda canlarını qurban vermiş mərd mübarizlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycanın Dövlət himni səsləndirilib.
Tədbirdə Karvansara Rayon İcmasının sədri, professor Misir Mərdanov, Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, parlamentin deputatları, hər iki rayon üzrə kəndlərin icma sədrləri, ziyalılar, icma fəalları iştirak ediblər.

Ardanış kəndini icma sədri Məhəmməd Kərimov başda olmaqla İdarə Heyətinin üzvləri Səməd Axundov, Əsgər İbrahimov, Daşdəmir Əliyev, Əlövsət Kərimov, Ədalət İbrahimov və Qoşqar Abduyev təmsil ediblər.
Bir-birindən maraqlı çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycan İcmasının (QAİ) fəaliyyəti hamıda Vətənə qayıdış coşqusu yaratmaqla yanaşı, qürur hissi doğurur: “Möhtərəm Prezident İlham Əliyevin “Qərbi azərbaycanlılar böyük coşqu ilə öz ata-baba torpaqlarına tankla-tüfənglə deyil, avtomobillərlə, sülh şəraitində gedəcəklər” fikri hər bir Qərbi azərbaycanlı üçün xüsusi önəm daşıyır. İnşallah, hər birimiz dövlət başçımızın uzaqgörən siyasəti ilə doğma yurda qayıdacaq, ata-baba yurdumuzu yaşadacağıq”.
Sonda 2025-ci ilin yekunlarına əsasən Çəmbərək və Karvansara rayon kəndləri üzrə icmaların üzvlərinə QAİ üzvülük vəsiqəsi verilib, səmərəli və aktiv fəaliyyətlərinə görə icma üzvləri təltif olunublar.

Çəmbərək Rayon İcmasının sədri professor Əvəz Ələkbərov tərəfindən Ardanış Kənd İcmasının İdarə Heyətinin üzvləri Axundov Səməd Hüseyn oğlu və Əliyev Daşdəmir Oruc oğlunu səmərəli fəaliyyəti Təşəkkürnamə ilə qiymətləndirilib.
Beləliklə, icma üzvlərinin bir araya gələrək bayramlaşması, fəal iştirak edən əməkdaşların təltif olunması birlik və həmrəylik ruhunu əks etdirən ən önəmli mənzərədir.
Xatırladaq ki, tədbirdə Çəmbərək rayonu üzrə Ardanış, Cil, Şorca, Toxluca, Ağbulaq, Gölkənd, Çaykənd, Cıvıxlı, Bəryabad, Əmirxeyir, Yanıqpəyə, Qaraqaya kəndləri, Karvansara rayonundan isə Polad, Salah, Haqqıxlı, Alaçıqqaya, Ağkilsə, Mirteyil kəndlərinin nümayəndələri iştirak ediblər.
















