“İnternetdə tanış olduq, ailəm dağıldı” – “Arzunun vaxtı” - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, budəfəki buraxılışda əlilliyi olan 32 yaşlı Elvin Əliyev həyat hekayəsindən və xəstəliyinin yaratdığı çətinliklərdən danışıb.
O, uşaqlığında atasını itirdiyini, ana tərəfdən irsi olan miopatiya xəstəliyindən əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, 18 yaşında keçirdiyi velosiped qəzasından sonra vəziyyəti daha da ağırlaşıb: “Əvvəllər belə deyildim. Taksi sürücüsü idim, ailəmi dolandırırdım. İndi ayaqlarımda qıcolmalar olur, qollarım zəifləyir. Onurğamdakı əyrilik daxili orqanlarıma da zərər verir. Vaxtlı-vaxtında müalicəmi etdirə bilmirəm”.
Maddi çətinliklər yaşadığını deyən Elvin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyini və sosial şəbəkələrdə edilən yardımlar hesabına dolandığını söyləyib, yaxın qohumlarının vəziyyətindən xəbərdar olmasına baxmayaraq, ona dəstək göstərməməsindən də gileylənib: “Əmilərim, bibim burada yaşayır, mən isə onların evlərinin yanında kirayədə qalıram. Vəziyyətimdən xəbərləri var, amma qapımı açan yoxdur. Xəstə kimin nəyinə lazımdır?!”
O, ilk ailəsinin dağılmasından və qızından ayrı qalmağın çətinliyindən də danışıb. İkinci dəfə ailə həyatı quran Elvinin hazırda ən böyük arzularından biri yenidən ata olmaqdır.
Veriliş oktyabrın 17-də Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














