Türkiyəyə üz tutan NATO Sammiti – alyansdaxili ziddiyyətlər – TƏHLİL - FOTO
Sovetlər dağıldıqdan sonra Avroatlantik Alyansın (NATO) toplantıları da gərgin keçir. Alyansın növbəti zirvə toplantısı iyulun 7-8-də Ankarada olacaq. Türkiyədə Alyansın sammiti sonuncu dəfə 2004-cü ilin yayında İstanbulda keçirilib.
Əvvəllər hər il sammitin keçirilməsinə ehtiyac duyulmurdu. Onda üzv ölkələr ikitərəfli və çoxtərəfli görüşlər keçirməklə kifayətlənirdilər. 2021-ci ildən başlayaraq NATO-ya üzv ölkələrin liderləri hər il yayda toplanır. Sonuncu toplantı 2025-ci il iyunun 24-25-də Niderlandın Haaqa şəhərində keçirilib. Həmin toplantıda ABŞ-nin təklifi ilə üzv ölkələr 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmaq barədə qərar qəbul ediblər. Sammitin yekun bəyannaməsində Rusiya Avroatlantik təhlükəsizlik üçün uzunmüddətli təhdid kimi təsbit edilmiş, kollektiv müdafiə prinsipinə, 5-ci maddəyə sadiqlik təsdiqlənmişdi.
Blokun Avropa üzvləri hərbi sənayeni gücləndirərək “NATO 3.0” modelinə doğru fəal transformasiyaya başlayıblar. Bu konsepsiyada Avropa ölkələrinin ABŞ ilə qırılmaz nüvə və konvensional əlaqəni qoruyub saxlamaqla yanaşı, özünümüdafiə üçün əhəmiyyətli dərəcədə böyük məsuliyyət payını üzərlərinə götürməsi nəzərdə tutulur. Bura Avropanın hərbi ehtiyaclarının böyük hissəsini müstəqil şəkildə təmin, eyni zamanda, Ukraynaya dəstək, müdafiə sənayesini inkişaf etdirmək daxildir. Döyüş təcrübəsinin inteqrasiyası da bu konsepsiyada yer alıb. Belə ki, blok ölkələri “NATO 3.0″də klassik tərəfdaşlığın hüdudlarından kənara çıxaraq pilotsuz texnologiyalar sahəsində unikal Ukrayna təcrübəsini fəal şəkildə öyrənir və tətbiq edir.
Beynəlxalq və bölgə miqyasında ötən illə müqayisədə fundamental problemlər, münaqişələr hələ də qalır.
2025-ci il iyunun 13-24-də ABŞ-nin dəstəyi ilə İsrailin İrana birgə genişmiqyaslı hücumu olub. Sammit başlayan gün bu əməliyyatlar dayanıb.
Bu il fevralın 28-dən aprelin 8-dək ABŞ və İsrail İrana qarşı birgə əməliyyatlar keçirib. Ondan sonra ara-sıra baş vermiş kiçikmiqyaslı əməliyyatlar nəzərə alınmazsa, indiyədək atəşkəs qüvvədədir. Bu əməliyyatlar nəticəsində İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei öldü. İranın bir çox hərbi və atom obyektləri və s. sıradan çıxarıldı.
Ötən bir illə müqayisədə İran-ABŞ və İsrail münaqişəsi həll edilməmiş qalıb. Bununla belə, münaqişənin həlli istiqamətində atılan addımlar müsbət nəticələr də verir. Artıq ABŞ-İran arasında Qarşılıqlı Anlaşmaya dair memorandum imzalanıb. Tərəflər arasında texniki və diplomatik təmaslar var. Pakistanın vasitəçiliyi ilə növbəti görüşün iyulun 11-də İslamabadda keçirilməsi planlaşdırılır. İslam Respublikasının xarici ölkələrin banklarındakı hesabları açılır, ABŞ onların üzərindən sanksiyaları götürür. Ümumilikdə, tərəflər danışıqların gedişindən ümidlə bəhs edirlər.
Körfəz ölkələri İranın hücumlarından sonra təmir-bərpa işləri görürlər. Tehranın hücum etdiyi ərəb ölkələri ilə münasibəti gərgin olaraq qalır.
Suriyada ötən illə müqayisədə Əhməd əş-Şaraa hakimiyyəti müəyyən uğur əldə edib. Artıq parlament formalaşıb. Qarşıdan gələn ildə prezident seçkisinin keçiriləcəyi gözlənilir. Ölkənin şimalındakı qüvvələrlə inteqrasiya planı təqdim olunub.
İraqda vəziyyət normallaşmaqdadır. Bununla belə, ölkədə mərkəzi hakimiyyətin nəzarətindən kənar müxtəlif silahlı qruplaşmalar hələ mövcuddur. Bu isə regionda gərginliyin yaranmasına təsir göstərə bilər.
İsraillə Livan arasında münasibətlərin normallaşmasına “Hizbullah” hələ də mane olur.
Yəməndə husi qiyamçıları əvvəlki mövqedə qalırlar.
Çin dünya hegemonluğunu nümayiş etdirmək məqsədilə ABŞ-nin iştirak etdiyi münaqişələrdə vasitəçilik edir.
Rusiyanın Ukrayna cəbhəsində apardığı müharibə bitməyib. Aparıcı güclər, habelə Türkiyə Moskva ilə Kiyev arasında sülh yaratmaq üçün cəhdlər göstərirlər. Rusiya sammit ərəfəsində paytaxt Kiyev də daxil olmaqla Ukraynanın bir neçə şəhərinə kütləvi raket hücumu edib. Bu isə sülh danışıqlarının hələ yetişmədiyini göstərir. Əksinə, Moskva sammit ərəfəsində bu hücumları gücləndirməklə barəsində zəiflədiyinə, gücünün tükənmək üzrə olduğuna dair xəbərləri təkzib etmək niyyətindədir.
Ötən sammitlə müqayisədə ABŞ lideri Donald Tramp Venesuelada hakimiyyət dəyişikliyinə nail olub, habelə, Kubaya təzyiqləri artırıb. Avropadakı müttəfiqlərin toparlanıb güclü olması üçün sərt açıqlamalar verib.
Qitə ölkələri NATO-dan kənar təhlükəsizliyi təkbaşına təmin etmək istiqamətində addımlar atmaq istədiklərini gizlətmirlər. Bu baxımdan, perspektivdə Alyans daxilində parçalanmanın ola biləcəyi ehtimalı artır.
NATO-nun Əfqanıstanda fəaliyyətsizliyi davam edir. Alyans və müttəfiqləri 2015-2021-ci ildə “Qətiyyətli dəstək” planı ilə hökumət qüvvələrinə təlim və yardım göstərmək üzrə döyüşsüz missiya həyata keçiriblər.
2021-ci ilin avqustunda NATO və ABŞ qoşunlarını Əfqanıstandan çıxararaq ölkənin yenidən “Taliban” hərəkatı idarəçiliyinə buraxılmasına şərait yaradıblar. Donald Tramp bu addıma görə ovaxtkı Prezident Cozef Bayden administrasiyası və NATO-nu tənqid edir.
Böyük Britaniya Ukrayna ilə sıx əməkdaşlığı müdafiə edən Avropa ölkələri qrupuna daxil olsa da, Donald Tramp Birləşmiş Krallığın da hərəkətlərindən məyus olduğunu gizlətmir. Bununla belə, ABŞ lideri hesab edir ki, Britaniyanın son illər ərzində Alyansa töhfəsi 90,5 milyard dollar təşkil edib.
Regional və qlobal miqyasda baş verən hadisələr, NATO-nun bir sıra məqamda passiv fəaliyyəti onun gələcəyi ilə bağlı müəyyən ümidsizliklər yaradıb. Əsasən, ABŞ-nin təşəbbüsü ilə keçmiş SSRİ-nin mümkün hücumundan müdafiə məqsədilə yaradılan Alyansda vəziyyət gərginləşib. Çünki onda hədəf bir idi – sovetlər. Ancaq indi onun varisi Rusiya da daxil olmaqla çoxyönlü hədəflər müəyyənləşib.
İlk növbədə, Alyans üzvləri arasında qlobal və regional mövzulara, münaqişələrə yanaşmada fərq yaranıb. Əvvəllər NATO beynəlxalq məsələlərə bir blok olaraq münasibət göstərirdisə, hazırda bu yanaşma fərqlidir. Hətta ABŞ ilə strateji müttəfiqləri arasında ciddi fikir ayrılıqları mövcuddur. Fələstinin tanınmasında, İran məsələsində, Hörmüz boğazının açılmasında, Ukraynada müharibənin davam etməsində, Cənubi Qafqaz, Suriya və İraqda, Mərkəzi Asiya, Pakistan, Əfqanıstan və s. bölgələrdə müttəfiqlər fərqli maraqlardan çıxış edirlər. Bu zaman onlar ABŞ-nin istəklərini nəzərə almırlar. Belə vəziyyət isə NATO daxili münasibətlərə də yansıyır.
NATO daxilindəki ziddiyyətlərə ilk etiraz edənlərdən biri rəsmi Ankara olub. Belə ki, Türkiyənin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini təhdid edən, problem yaradan keçmiş PKK terror qruplaşmasına Alyansın bəzi üzvləri uzun illər silah, sursat, informasiya, təbliğat və başqa sahələrdə köməklik göstəriblər. Onda rəsmi Ankara NATO-dakı strateji müttəfiqlərini bu addımlarına görə tənqid edirdi. Ona görə alyansdaxili maraqların pozulması həmin hadisələr zamanı daha artıq qabarırdı.
Ukrayna müharibəsində Ankaranın tutduğu neytral mövqe Kiyev və Moskva arasında onun vasitəçilik imkanlarını artırdı. Bundan başqa, bu Yaxın Şərq ölkəsi, bölgədə NATO üzvü olaraq aktiv oyunçudur.
Bütün ziddiyyətlərə baxmayaraq, Türkiyə Alyans üçün etibarlıdır. O, Qərblə Şərqin maraqlarını NATO-da birləşdirə bilən yeganə dövlətdir. Odur ki, bu mühüm tədbirin Türkiyədə keçirilməsi də müəyyən mənada alyansdaxili, qlobal ziddiyyətlərin həlli baxımından da simvolik sayıla bilər.
22 ildən sonra yenidən Türkiyəyə üz tutan NATO Sammiti həm də yeni Zirvə toplantısı üçün baza yarada bilər.
Sədrəddin Soltan – “Report”














