Maykl Ceksonun son günləri: “This Is It”dən faciəyə – RETRO BAKU - VİDEO
Baku Tv-də Müəllif və Yaradıcı Departamentinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın hazırladığı “Retro Baku” verilişinin növbəti buraxılışı efirə gedib.
Rakus.az xəbər verir ki, amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, “Popun kralı” adını qazanan Maykl Ceksonun həyatına həsr olunub.
Qeyd olunur ki, tanınmış amerikalı müğənni Maykl Cekson 2009-cu il martın 5-də Londonda on minlərlə pərəstişkarının qarşısına “This Is It” adlı konsert turu ilə çıxaraq səhnəyə böyük dönüşünü elan etməyə hazırlaşırdı. Tur çərçivəsində cəmi 10 konsert planlaşdırılmışdı. Lakin biletlərə olan görünməmiş tələbat səbəbindən konsertlərin sayı 50-dək artırılır. Heç kim bilmirdi ki, bu möhtəşəm dönüş Ceksonun həyatının son layihəsi olacaq. Konsertlərin başlamasına cəmi bir neçə həftə qalmış Maykl və komandası intensiv məşqlər keçirdi. O, 24 iyun 2009-cu ildə, ölümündən bir neçə saat əvvəl çəkilən görüntülərdə səhnədə enerjili və həvəsli görünürdü. Mahnıları oxuyur, rəqs edir və qarşıdakı möhtəşəm konsertlərə hazırlaşırdı. Həmin gecə hər şey qaydasında görünsə də pərdəarxasında vəziyyət tamam başqa idi.
Bildirilir ki, konsert sayının 50-yə çatdırılmasından sonra Mayklın bu qədər böyük yükə hazır olub-olmaması ilə bağlı ciddi suallar yaranmışdı. Bəzi yaxınları onun yalnız ilkin 10 konsertə hazır olduğunu, 50 konsertlik proqramdan narahatlıq keçirdiyini deyirdilər. Digər tərəfdən, konsertlərin təşkilatçısı AEG şirkəti isə Mayklın əlavə konsert tarixlərinin artırılmasına razılıq verdiyini bildirirdi. Həmin dövrdə “Popun kralı” ciddi maliyyə problemləri yaşayırdı və onun üzərində böyük borc yükü olduğu söylənilirdi. Konsert layihəsinə isə milyonlarla dollar sərmayə qoyulmuşdu. Buna görə də layihədən geri çəkilmək həm Maykl, həm də təşkilatçılar üçün böyük itki demək idi. İyun ayına yaxın onun vəziyyəti daha çox narahatlıq doğurmağa başladı. Maykl bəzi məşqlərə qatılmır, yorğunluq və yuxusuzluqla mübarizə aparırdı. Uzun illər ifa etdiyi mahnıların sözlərini xatırlamaqda çətinlik çəkdiyi və hətta səhnədə teleprompterdən istifadə etmək istədiyi bildirilirdi.
Diqqətə çatdırılır ki, onunla uzun illər çalışan vizajistlərdən biri də Mayklın son dərəcə zəifləyib arıqladığını və səhhətindən narahat olduğunu söyləmişdi. İyunun 19-da vəziyyət daha ciddi görünürdü. O, üşüyür, bəzən çaşqın görünür və məşqləri davam etdirməkdə çətinlik çəkirdi. Rejissor və digər komanda üzvləri onun vəziyyətindən narahat olsalar da, hazırlıqlar davam etdirilirdi. Bu vəziyyətdə Mayklın şəxsi həkimi doktor Konrad Murrey böyük təzyiq altında idi. Onun maaşını Maykl deyil, AEG şirkəti ödəyirdi. Ona görə də şirkət tərəfindən həkimin qarşısına Mayklın konsertlərə hazır vəziyyətdə olmasını təmin etmək vəzifəsi qoyulmuşdu.
Nəhayət, iyunun 19-da Mayklın evində son vəziyyətlə bağlı görüş keçirilir. Doktor Murrey Mayklın sağlamlığına nəzarətin ona aid olduğunu və başqalarının tibbi məsələlərə müdaxilə etməsinə qarşı olduğunu bildirir. O, Mayklın səhnəyə çıxmağa hazır olacağına əminliyini söyləyir. Bundan sonra gözlənilməz dönüş baş verir. Maykl Cekson iyunun 23-də səhnədə olduqca yaxşı çıxış edir. O, təxminən, bir saat yarım davam edən məşq zamanı mahnı oxuyur, rəqs edir və sanki bütün narahatlıqları arxada qoyur. İyunun 24-də də davam edən məşqdən sonra evinə qayıdan dünya şöhrətli ulduz gecə yuxuya getməkdə çətinlik çəkir. Həkimi ona yuxu üçün güclü preparat verdikdən sonra Maykl yuxuya gedir. Lakin bu, onun son yuxusu olur.
Bir saat sonra həkim Murrey onun nəfəs almadığını görür və reanimasiya tədbirləri həyata keçirməyə çalışır. Təcili tibbi yardım çağırıldıqdan sonra həkimlər və xilasedicilər hadisə yerinə gəlirlər. Mayklın vəziyyəti son dərəcə ağırlaşır. Onu xəstəxanaya çatdırmaq üçün bütün mümkün tədbirlər görülsə də heç bir nəticə olmur. Onun 25 iyun 2009-cu il saat 14:26-da dünyasını dəyişdiyi rəsmən elan edilir. Mayklın ölümündən sonra baş verənlər istintaq tərəfindən diqqətlə araşdırılır. İki il sonra həkim Konrad Murrey məhkəmə qarşısına çıxarılır. O, ehtiyatsızlıqdan adamöldürmə ittihamı üzrə təqsirli bilinir və 4 il müddətinə azadlıqdan məhrum edilir.
Sonda vurğulanır ki, 1958-ci il avqustun 29-da ABŞ-nin İndiana ştatının Geri şəhərində anadan olan amerikalı müğənni, bəstəkar, rəqqas, xeyriyyəçi, “Popun kralı” adını qazanan Maykl Ceksonun martın 5-də Londonda başlayan möhtəşəm “This Is It” hekayəsi 112 gün sonra faciə ilə başa çatır, XX əsrin ən görkəmli mədəniyyət xadimlərindən biri kimi əbədiyyətə qovuşur. O, musiqi, rəqs və moda sahəsində gördüyü işlərlə, eləcə də şəxsi həyatı ilə bütün dünyada sevgi ilə anılır. Maykl Cekson həm də həyatının son saatlarında belə tamaşaçı qarşısına çıxmaq istəyən əfsanəvi ifaçı kimi bu gün də xatirələrdə yaşayır.
Veriliş sentyabrın 13-də Baku TV-nin efirində və YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














