AXH mitinq-yürüş üçün icazə istəyir
Azərbaycan Xalq Hərəkatı (AXH) mitinq-yürüş keçirilməsi barədə qərar qəbul edib.
Rakus.az xəbər verir ki, “Qarabağa azadlıq!”, “Azad seçkilər!” şüarı altında aksiyanın iyunun 20-də keçirilməsi nəzərdə tutulur. Yürüşün “Amay” Ticarət Mərkəzindən Xətai rayon İcra hakimiyyətinin binasına qarşısınadək keçirilməsi nəzərdə tutulur.
AXH-nin İdarə Heyətinin üzvü Ağasif Şakiroğlu bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinə aksiya keçirmək niyyəti haqqında bildiriş göndərilib.
İndiyədək hakimiyyət bu ictimai qurumun heç bir kütləvi aksiyasına icazə verməyib. Ümumiyyətlə Bakı meriyası bu il yanvarın 19-da Milli Şuranın mitinqindən sonra müxalifət təşkilatlarının hər hansı kütləvi aksiyasına razılıq verməyib.
AXH 2019-cu il yanvarın 26-da təsis edilib. Keçmiş daxili işlər naziri İsgəndərHəmidovun təşəbbüsü ilə təsis edilmiş quruma Klassik Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli-Demokrat Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (İqbal Ağazadə), Demokrat Partiyası (Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (Əli Əliyev), Ağ Partiya (Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (Elşad Musayev), bir sıra digər kiçik partiyalar, habelə ictimai fəallar və ziyalı nümayəndələri qoşulub. (Amerikanın səsi)