Azərbaycan dövlətinin müstəqillik illərində əldə etdiyi iqtisadi inkişafdan hər bir kəs, hər bir ailə fayda görür – Əli Əhmədov
Bakı. Rakus.az
“Belə çağırışları qəti şəkildə pisləyirəm. Hesab edirəm ki, bu çağırışlar Azərbaycana qarşı bütövlükdə təxribat törətmək niyyətlərindən xəbər verir. Bu çağırışlar ciddi şəkildə konstitusion hüquqların pozulmasıdır, Azərbaycanda konstitusion quruluşa qarşı cəhd göstərilməsi nümunəsidir. Bu çağırışları edənlər digər tərəfdən isə ölkədə qarşıdurma, xaos və anarxiya yaratmaq niyyətlərini ortaya qoymuş olur. Düşünmürəm ki, Azərbaycan cəmiyyətində kimlərsə xaricdə sığınacaq tapmış və hansı maraqlı dairələrə qulluq etdiyi o qədər də bizə məlum olmayan bəzi məsuliyyətsiz insanların bu cür çağırışlarına diqqətlə yanaşır və ya ona əhəmiyyət verir. Bütün bunlara baxmayaraq, mən Azərbaycanda qarşıdurma yaratmağa çağırışları, eyni zamanda polislə, müvafiq hüquq-mühafizə orqanları ilə qarşıdurma yaratmaq çağırışlarını qəti şəkildə pisləyirəm. Azərbaycanın hər bir vətəndaşı ölkəmizdəki sabitliyi, əmin-amanlığı yüksək qiymətləndirir. Bu, Azərbaycan dövlətinin müstəqillik illərində əldə etdiyi ən böyük nemətlərdən biridir. Azərbaycanın hər bir vətəndaşı ölkəmizin həyatının, iqtisadiyyatının böyük dinamika ilə inkişaf etdiyi yüksək qiymətləndirir. Bu inkişafdan hər bir kəs, hər bir ailə fayda görür. Ən böyük fayda isə bayaq dediyim kimi, sabitlik və əmin-amanlıqdır ki, heç də hər bir ölkədə buna nail olmaq mümkün olmur. Ona görə də heç bir Azərbaycan vətəndaşı ölkəmizdəki sabitliyin, əmin-amanlığın pozulmasına razı olmaz və buna imkan verməz.”
Bu fikirləri Baş Nazirin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov APA-nın əməkdaşının “19 oktyabr aksiyasından sonra xarici ölkələrdəki bəzi şəxslərin sosial media üzərindən kütləvi iğtişaşlara, terrora çağırışlarına rast gəlinir, habelə ayrı-ayrı polislər hədəf göstərilir. Bu çağırışlarla bağlı nə deyə bilərsiniz?” sualını şərh edərkən səsləndirmişdir.