ABŞ-ın gizli xidməti Ağ Ev yaxınlığında baş verən atışmanın təfərrüatını açıqlayıb.
Rakus.az xəbər verir ki, müvafiq açıqlama şöbənin “Twitter” səhifəsində yerləşdirilib.
Binaya hücum edənin 51 yaşlı bir kişi olduğu qeyd olunur.
Həmin şəxs axşam saat 6-da gizli xidmətin əməkdaşına yaxınlaşıb. O, silahlı olduğunu deyib və silahını çıxarmağa macal tapmamış, asayiş keşikçisi cəld tərpənib və naməlum şəxsi yaralayıb.
Daha sonra şübhəli şəxsə tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb.
ABŞ gizli xidmətinin əməkdaşının hərəkətləri ilə bağlı daxili araşdırma aparacağı bildirilir.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirən zaman küçədən atışma səsi eşidilib və mühafizəçi dövlət başçısını zaldan çıxarıb. Şübhəli şəxs zərərsizləşdirildikdən sonra Tramp zala qayıdıb və hadisənin onunla əlaqəsi olmadığını deyərək, konfransı davam etdirib.