Paşinyanın müxalifəti təmizləmək işi – TƏHLİL - FOTO
Parlament seçkilərindən sonra Ermənistanda ictimai-siyasi vəziyyətdə müəyyən gərginlik yaranıb. Ölkədə rusiyayönlü müxalifət təmsilçilərinə qarşı cinayət işləri başlayıb. Bununla yanaşı, hakim Vətəndaş Müqaviləsi Partiyasında da sanki yüngül maqnitudalı zəlzələ baş verib.
Parlamentin fəaliyyətdə olan sədri Alen Simonyan bu vəzifəyə yenidən seçilmədi. Ali qanunverici orqanın yeni sədri Ruben Rubinyan olacaq. O, hakim Vətəndaş Müqaviləsi Partiyasında keçirilən gizli səsvermədə parlamentin fəaliyyətdə olan sədri Alen Simonyanı qabaqlayıb. Hayk Koncoryanın da bu posta yiyələnmək istəyi reallaşmayıb.
Yeri gəlmişkən, parlamentin fəaliyyətdə olan sədr müavini Ruben Rubinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi olub, Ankara ilə aparılan birbaşa danışıqlarda ölkəsini təmsil edib.
“Hraparak” qəzeti Rubinyanın namizəd göstərilməsini “xarici amillərlə” əlaqələndirib. Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç Rubinyanın sədr postuna partiyasından namizəd olaraq irəli sürülməsini sosial şəbəkədə təbrik edib. Bu isə Ermənistan mediasında sovetlərin dövründən qalma “türk casusu” şantaj alətinin gündəliyə gəlməsinə bəhanə olub. Antitürk, anti-Türkiyə ünsürlər Ruben Rubinyanın təhsil aldığı illərdə Türkiyədəki fəaliyyətinin öyrənilməsi iddiası ilə də çıxış ediblər.
Müxalifət Rubinyanın 2017–2018-ci illərdə İstanbul Siyasət Mərkəzində araşdırma apardığına xüsusi eyham vurur. Qeyd edilib ki, Hrant Dink Fondunun Ermənistan–Türkiyə təcrübə mübadiləsi proqramı çərçivəsində Rubinyan orada tədqiqat aparıb. Müxalifət onu “yumşaq gücün” nümayəndəsi olaraq təqdim edir.
Namizədliyi baş tutmayandan sonra fəaliyyətdə olan sədr deyib ki, rəhbərliyin qərarına tabe olur və sədri postuna namizdəliyini parlamentdə irəli sürməyəcək. O, partiyasının qərarından incimədiyini, müəyyən mərhələdə başqa keyfiyyətdə ölkəyə və partiyaya faydalı ola biləcəyini düşündüyünü vurğulayıb.
Simonyan deputat mandatı almayacağını, parlamentdə deputat qismində iştirak etməyəcəyini, bunu Baş nazir Nikol Paşinyanla müzakirə etdiyini də bildirib. O, şəxsi həyatını tam qaydaya salmaq istədiyini söyləyib. Qeyd edək ki, 2025-ci ilin yayında o, həyat yoldaşı Mariam Marqaryanla boşanıb. Buna səbəb Alenin gənc model Aneliey Qubryanla “məhəbbət macəraları” göstərilir. Bununla belə, Simonyan gələcək karyerasını Nikol Paşinyanla müzakirə etmədiyini, eləcə də aktiv siyasətdən getmədiyini də bildirib.
O, yaxın gələcəkdə Ermənistanın prezidenti postunu tuta biləcəyi barədə yayılan fikirləri də “absurd” adlandırıb: “Ermənistanda prezident var, onu çox sevirəm və hörmət edirəm”. Alen bu və buna bənzər məsələləri, o cümlədən baş nazirin müavini, səfir vəzifəsini müzakirə etmədiyini də vurğulayıb. O, özünü Nikol Paşinyansız heç bir siyasi prosesdə görmədiyini qeyd edib.
Vaaqn Xaçaturyan 2022-ci il martın 13-dən prezident vəzifəsini tutur. Ermənistanda prezidenti 7 illik müddətə parlament seçir.
Alen Simonyan 2021-ci il avqustun 2-də ölkənin 8-ci çağırış parlamentinin sədri seçilib. Bu vəzifədəki səlahiyyət müddəti 2026-cı il iyunun 7-də yeni parlament seçkilərindən sonra başa çatır.
Paşinyan hakimiyyətə gələndən indiyədək dövlət qurumlarında müəyyən “təmizlik” edir. Müharibədən sonra o bu prosesə güc strukturlarından – silahlı qüvvələr, polis və təhlükəsizlik xidmətindən başlayıb. Bir müddət sonra bu qurumları “beşinci kolon”dan təmizlədiklərini bildirmişdi. Bunun ardınca bələdiyyələrə seçkilərdə uğursuzluq işləri çətinləşdirdi.
Bu günlərdə İrəvanın sabiq meri Qaqik Beqlaryan barəsindəki həbs qətimkan tədbirini iki ay müddətinə uzadılması “təmizliyin” növbəti dalğasının davam etdiyini isbatlayır. Parlament seçkilərindən sonra Çiçəklənən Ermənistan Partiyasının başçısı, 2018-ci ilin mayında hakimiyyət dəyişikliklərində Nikol Paşinyanla eyni mövqedə duran Qagik Tsarukyana qarşı parlament seçkiləri başa çatandan az qala dərhal sonra cinayət işi başlanılıb. O, külli miqdarda vergidən yayınmaqda ittiham olunur. Tsarukyanın ölkədən çıxışına qadağa qoyulub. Parlament seçkiləri ərəfəsində Nikol Paşinyan onu 300 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham etmişdi.
Müxalifətdə olan Samvel Karapetyan, Robert Koçaryan və başqaları barədə də cinayət işi başlanıb.
Kilsədə təmizlik cəhdlərindən sonra bunu Paşinyanın müxalifət sıralarına “əl gəzdirməsi” kimi də dəyərlənmək olar.
Ona görə ehtimal etmək olar ki, Alen Simonyanın namizəd kimi partiyada səs toplaya bilməməsi də təsadüfi deyil. Bununla bağlı bir neçə ehtimal irəli sürmək olar.
Birincisi, fəaliyyətdə olan sədrin ailə məsələsi, yəni onun evli olduğu halda modellə aşiq-məşuq həyatı yaşamasıdır. Görünür, sorğular Paşinyan komandasının cəmiyyətdəki nüfuzuna bu məsələnin mənfi təsir göstərdiyini aşkarlayıb. Bu baxımdan, həm partiya, həm də rəhbərlik ona etimad göstərməyib.
Üçüncü ehtimal isə Alen Simonyanın biznes strukturları ilə bağlılığıdır. Ermənistanda “Arqavand kauyk” MMC adlı şirkət fəaliyyət göstərir. 2018-ci ilə qədər dövlətin cəmi 3 müqaviləsini reallaşdırıb. 2018-ci ildən sonra bu müqavilələrin sayı gözlənilmədən 150-yə çatıb. Məlum olub ki, şirkətin sahibi Vahan Naribekyan Alen Simonyanın yaxın dostudur. Onun himayədarlığı nəticəsində rəqəm bu qədər sürətlə artıb. Şirkətin sahibi parlamentin Aparat rəhbəridir. Onun müəssisəsi dövlət qurumlarını mebellə təchiz edir.
Simonyanın biznes sektoru ilə yaxınlığını təsdiqləyən başqa bir hadisə də var. Məlum olub ki, onun qardaşı Karlen Simonyan həyat yoldaşı Ani Gevorqyanın “Synergy” şirkətində çalışıb və layihələrin direktoru olub. O, “Synergy” şirkətində korrupsiya, sui-istifadə halları ilə bağlı əməllərdə ittiham olunur. 2025-ci ildə Alen Simonyan bildirmişdi ki, Ani Gevorkyandan zor gücü ilə etiraf alınıb. Bütün hallarda onun qardaşının yoldaşı bir neçə ay həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılıb. Düzdür, bu kimi hadisələrdə iştirakı ilə bağlı Alenin adı hallanmır, ancaq cəmiyyətdə belə hallardan hakimiyyətə qarşı arqument olaraq istifadə olunur.
Dördüncü, Rusiya amildir. Parlament sədri olduğu dövrdə o, Moskvaya qarşı sərt çıxışları ilə seçilib. Çıxışlarından birində vurğulamışdı ki, İrəvanın siyasəti Rusiyaya qarşı yönəlməyib, ancaq ölkəsi artıq Kremlə tabe vəziyyətdə olmaq niyyətində deyil: “Keçmişdə ikitərəfli münasibətlər bərabərsizlik üzərində qurulmuşdu. Onda respublika Rusiya qarşısında “dizüstə” idi, indi Ermənistan öz dövlət maraqlarını müdafiə edir”.
Beləliklə, ehtimal etmək olar ki, prezident, güc strukturları, kilsə, bələdiyyə, biznes dairəsi, elm və təhsil, tarix kitabından sonra növbə parlamentə çatıb. Hakimiyyətin nüfuzuna zərbə vuran siyasilər uzaqlaşdırılır.
Alen Simonyana hakimiyyətdə ictimai rəyə az təsir edəcək, yaxud başqa ölkələrlə münasibətlərə problem yaratması mümkün olmayan vəzifə də verilə bilər. O, baş nazir postuna Nikol Paşinyandan sonra real namizəd sayılır. Bu baxımdan, ehtimal etmək olar ki, komanda onu parlament sədrliyindən uzaqlaşdırmaqla potensial alternativi neytrallaşdırıb.
Regional və qlobal hadisələrdən hələ ki Paşinyan faydalana bilir.
Yaxın gələcəkdə indiki müxalifətin də parlamentə düşmə ehtimalı az olacaq. Bunu regionda baş vermiş hadisələr isbatlayıb. Odur ki, Alen Simonyan qərbyönlü yeni müxalif qüvvələrə lider ola bilər. Onun üçün hökumətdə yer görünmür. Siyasi fəaliyyəti isə ona etimad göstərməyən partiyadaşlarla birlikdə davam etdirmək uyğun sayılmır. Bu baxımdan, belə düşünmək olar ki, Alen Simonyan Ermənistanda yaranacaq yeni siyasi müxalifətə başçılıq edəcək. Bununla da Paşinyanın müxalifət düşərgəsində həyata keçirmək istədiyi təmizlik başa çatar.














