“Cırıq ayaqqabı ilə lavaş satırdım, sonra səhnələrə çıxdım” – ARZUNUN VAXTI - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Arzu Səfərovanın “Arzunun vaxtı” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, budəfəki buraxılışda 33 yaşlı əlilliyi olan Fərid Əliyev həyatında qarşılaşdığı çətinliklərdən, uşaqlıq illərindən və böyük arzularından danışıb.
Bildirilir ki, Fərid Əliyev 3 aylıq olarkən vurulan peyvənddən sonra serebral iflic xəstəliyinə tutulduğunu və uşaqlıqdan bəri böyük əziyyətlər çəkdiyini bildirib. O, cəmiyyətin əvvəllər ona qarşı olan münasibətini və çətin günlərini belə xatırlayıb:
“Mən səhnələrə, sosial şəbəkələrə çıxana qədər insanlardan fərqli münasibət görürdüm. Demək olar ki, 10 nəfərdən 9-u məni görəndə qulağını çəkirdi. Amma sonradan hər şey dəyişdi. Şükürlər olsun ki, indi mən özüm də blogerəm, modellik edirəm və insanlara göstərirəm ki, bizim digərlərindən daxilən heç bir fərqimiz yoxdur”.
Verilişdə ailəsinin keçmişdə böyük maddi çətinliklər yaşadığını vurğulayan Fərid heç vaxt başqalarına möhtac olmadıqlarını deyib: “Biz elə günlər yaşadıq ki, evdə yeməyə çörəyimiz belə olmadı. Günlərlə ac qalmışıq, amma bir nəfərə də ağız açmamışıq. 2011-ci ildə şaxtalı, qarlı havada cırıq ayaqqabı ilə lavaş satırdım. Anamın bişirdiyi lavaşları satıb ailəmizə çörəkpulu qazanırdım. Sonradan qardaşlarım böyüdü, ailəmizin vəziyyəti düzəldi”.
Veriliş oktyabrın 6-da Baku TV-nin YouTube kanalında yayımlanıb.
Ətraflı videoada tanış ola bilərsiniz:














