65 ilin işığı – pöhrələnən ağaclar…
İnsanın ömür yolu yalnız yaşadığı illərin sayı ilə ölçülmür. Əsl ömür yolu onun insanlarla qurduğu münasibətlərdə, gördüyü işlərdə, qazandığı etimadda, el-oba insanlarının, dostların yaddaşında və cəmiyyətə bəxş etdiyi mənəvi dəyərlərdə öz əksini tapır. Bu baxımdan 65 illik həyat yolu bir insanın keçdiyi zaman məsafəsindən daha çox, onun şəxsiyyət kimi formalaşmasının, insanlara münasibətinin və həyat fəlsəfəsinin salnaməsidir.
Aqil Kərimov 1961-ci il sentyabrın 27-də Göyçə mahalının, Çəmbərək rayonunun Ardanış kəndində anadan olub. 1979-cu ildə Ardanış kənd orta məktəbini, 1984-cü ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Hazırda AKA şirkətinin rəhbəridir. Onun 65 illik ömür yoluna nəzər salanda ilk diqqəti çəkən xüsusiyyətlərdən biri insanlara hörmət və səmimi münasibətdir. O, insanı tutduğu vəzifə, mövqeyi və imkanları ilə deyil, ilk növbədə, şəxsiyyəti ilə dəyərləndirməyi bacaran simalardandır. Böyük-kiçik demədən hər kəslə mehriban ünsiyyət qurmaq, qarşısındakı insanı dinləmək, onun fikrinə hörmətlə yanaşmaq onun xarakterinin seçilən cəhətlərindəndir. Həyatda elə insanlar var ki, onların yanında özünü rahat hiss edirsən. Çünki onların münasibətində süni rəsmiyyət yox, səmimiyyət, diqqət və insani istilik var. Aqil Kərimov da məhz belə insanlardan biridir. Onunla ünsiyyətdə olanlar yaxşı bilirlər ki, səmimi söhbətin, bir xoş sözün, vaxtında göstərilən mənəvi dəstəyin insan həyatında nə qədər böyük əhəmiyyət daşıdığını qiymətləndirir. Dostluq isə onun həyatında ayrıca bir dəyərdir. O, dostluğun yalnız xoş günləri bölüşməkdən ibarət olmadığını yaxşı bilir. Əsl dostluq çətin gündə sınanır, məsuliyyətli məqamda özünü göstərir. Aqil Kərimov üçün də dostluq məhz belə bir sərvətdir — qorunmalı, qiymətləndirilməli və sədaqətlə yaşadılmalı…

65 il – insan ömrünün mühüm bir mərhələsidir. Bu illərin hər biri özündə ayrı-ayrı xatirələri, sevincləri, çətinlikləri, uğurları və həyat dərslərini yaşadır. Zaman insanı dəyişdirdiyi kimi, ona həyatın ən böyük həqiqətlərini də öyrədir. Bu həqiqətlərdən biri də insanın həyatda qazandığı ən qiymətli dəyərin etibar və xoş xatirə olmasıdır. Aqil Kərimovun həyat fəlsəfəsində insan amilinin xüsusi yer tutması təsadüfi deyil. İnsanlara yaxşı münasibət göstərmək, ehtiyac duyulan anda kömək əlini uzatmaq, dostun sevincinə şərik olmaq, çətinliyində yanında dayanmaq – bütün bunlar gündəlik həyatın sadə görünən, amma böyük mənəvi dəyər daşıyan davranışlarıdır. Belə insanların keçdiyi ömür yolu təkcə şəxsi bioqrafiya deyil. Bu yol həm də onları tanıyan insanların xatirələrində yaşayır. Kiminsə yadında səmimi söhbət, kiminsə yaddaşında göstərilən qayğı, başqasının xatirəsində bir dostluq nümunəsi kimi qalır. İllər keçdikcə məhz bu xatirələr insanın mənəvi portretini formalaşdırır. Aqil Kərimovun 65 illik ömür yolu da məhz bu dəyərlərin işığında mənalanır: insana hörmət, dosta sədaqət, həyata bağlılıq və yaxşılıq etməyə həmişə hazır olmaq. Çünki insan ömrünün hər mərhələsi öz gözəlliyi, öz dəyəri və öz xatirələri ilə seçilir. 65 yaş isə keçilən yolun mənalı bir hesabatı, qazanılan dostluqların, görülən işlərin və həyatda qoyulan izlərin ən gözəl göstəricilərindən biridir.
Aqil Kərimov haqqında danışarkən, ilk növbədə, onun insani keyfiyyətləri yada düşür. İnsanlara hörmətlə yanaşmaq, səmimiyyət və xoş münasibət onun xarakterinin ayrılmaz cəhətlərindəndir. Məhz bu xüsusiyyətlər onu ətrafındakı insanlar üçün sevimli və dəyərli bir şəxsə çevirib. 65 illik ömür yolu, hər şeydən əvvəl, zəngin həyat təcrübəsi deməkdir. Bu illər ərzində yaşanan sevinclər, çətinliklər, qazanılan uğurlar, qurulan dostluqlar və yaddaşlarda qalan gözəl anlar insan həyatının ən qiymətli sərvətidir. Aqil müəllimin də keçdiyi bu yol onun şəxsiyyətini formalaşdıran, onu tanıyan insanların hörmət və sevgisini qazandıran bir həyat yoludur. Təbii ki, belə yubileylər həm də insanın geriyə baxaraq keçdiyi yola nəzər salması üçün gözəl bir fürsətdir. Lakin 65 yaş həyat yolunun sonu deyil, əksinə, qarşıda daha neçə-neçə gözəl illərin başlanğıcıdır. 65 il – zəngin həyat təcrübəsi, gözəl xatirələr və dəyərli insanların sevgisi ilə dolu böyük bir ömür yoludur…

İnsanlıq, hörmət, dostluq, sədaqət simvolu
İnsan həyatında elə dəyərlər var ki, zaman keçdikcə öz əhəmiyyətini itirmir. Aqil müəllimin həyatında hörmət, sədaqət, etibar və dostluq belə mənəvi dəyərlərdəndir. İnsanlarla münasibətdə göstərdiyi hörmət bu adamın daxili mədəniyyətini, dostluğa sədaqətini, xarakterini və mənəvi zənginliyini göstərir. Onun üçün hörmət yalnız böyüyə ehtiram göstərməkdən ibarət deyil, qarşısındakı insanın fikrinə, hisslərinə, zəhmətinə və şəxsiyyətinə dəyər verməkdir. O, başqasına hörmət etdikcə özü də hörmət qazanır, ucalır. Çünki gözəl münasibət qarşılıqlı anlayış və səmimiyyət üzərində qurulur. Yubilyar əsl dost kimi, yalnız xoş günlərdə deyil, çətin anlarda insanın yanında olur. Sevincini bölüşür, dərdinə şərik olur, ehtiyac duyulduqda dəstəyini əsirgəmir. Əməli, davranışı, sədaqəti ilə etimadını qoruyur, verdiyi sözün arxasında dayanır. Çünki, o, səmimidir, anlayışlıdır və dürüst davranışa sahibdir. Ona görə də həyatda insanın qazandığı ən böyük sərvətlərdən biri onun haqqında insanların qəlbində formalaşan xoş xatirə və etimaddır. Maddi imkanlar zamanla dəyişə bilər, lakin göstərilən hörmət, edilən yaxşılıq və dürüstlük uzun illər yaddaşlarda yaşayır. Nəticə etibarilə, Aqil müəllimin insanlara hörməti, dostluğa sədaqəti, sadəcə gözəl xüsusiyyətlər deyil, insanı ucaldan mənəvi dəyərlərdir. Bu dəyərləri qoruyan insan həm öz həyatında sağlam münasibətlər qurur, həm də ətrafındakı insanların həyatına müsbət təsir göstərir. Əsl insanlıq başqalarına hörmət etməkdə, dostluğa sahib çıxmaqda və etibarı heç vaxt itirməməkdə özünü göstərir. Məhz Aqil müəllim bütün bu keyfiyyətləri özündə cəmləşdirən dəyərli, xeyirxah eloğlu, vətənpərvər vətandaşdır.

Xeyirxahlıq ünvanı, unudulmayan yaxşılıqlar
İnsan həyatında elə anlar olur ki, bir xoş söz, səmimi münasibət və ya kiçik bir yaxşılıq uzun illər yaddaşdan silinmir. Xeyirxahlıq məhz belə bir mənəvi dəyərdir. Onun ölçüsü nə maddi imkanla, nə də görülən işin böyüklüyü ilə müəyyənləşir. Bəzən sadəcə ehtiyacı olan bir insana əl uzatmaq, onu dinləmək və çətin günündə yanında olmaq böyük bir yaxşılığa çevrilir.
Aqil müəllimin xeyirxahlığının ünvanı onun qəlbidir. Çünki, o, yaxşılıq edən insan kimi, qarşılığında heç nə gözləmədən başqasının həyatına işıq saçır. Səmimi şəkildə etdiyi hər bir yaxşılıq mehribanlıq, etibar, həmrəylik yaradır. Aydındır ki, genetikadan gələn yaxşılıqlar ailədə cəmləşir və özünü göstərir. Aqil müəllimin ailə dəyərləri məhz onun insanlara nümunə olmaq bacarığını ortaya qoyur. Bu insani davranışlar təkcə Aqil müəllimdə cəmləşməyib, digər ailə üzvlərinə də yayılıb və beləcə xeyirxahlıq bir mənbədən, bir ürəkdən ötürülərək minlərlə insanın sevincinə nur ələyib. Təbii ki, Ulu Göyçənin Ardanış kəndinin təhsilli mühitində, atası Abbasəli Kərimovun (Allah qəni-qəni rəhmət etsin) təlim-tərbiyəsi altında böyümək Aqil müəllim üçün yaxşı taledir. Kərimovlar ailəsində mənəvi dəyər olan böyüyə hörmət, kiçiyə qayğı, ehtiyacı olana yardım etmək və dar gündə insanın yanında olmaq həmişə xüsusi yer tutub. Bu dəyərlər nəsildən-nəslə ötürülərək elimizin, obamızın mənəvi dayağına çevrilib. Məhz “Yaxşılıq et at dəryaya, balıq bilməsə də, XALİQ bilər” atalar sözünü şüar edən bu ailə ona görə sevilir ki, onlar əsl yaxşılığı minnət və qarşılıq gözləmədən edirlər. Unudulmayan bu yaxşılıqlar insanların yaddaşında xüsusi iz buraxır. İllər keçsə də, bizə dəstək olmuş, çətin anımızda əlimizdən tutmuş insanları xatırlamağa borcluyuq. Bəzən həmin insanın dediyi bir cümlə, göstərdiyi kiçik bir diqqət belə həyatımızın müəyyən bir məqamını dəyişir. Buna görə yaxşılığın böyüyü-kiçiyi yoxdur, onun dəyəri insanın qəlbində yaratdığı hisslə ölçülür. Xeyirxahlıq həm də insanı mənəvi cəhətdən zənginləşdirir. Başqasının sevincinə səbəb olmaq, bir dərdin azalmasına kömək etmək insana daxili rahatlıq verir. İnkişaf yalnız maddi nailiyyətlərlə deyil, insanların bir-birinə münasibəti ilə də ölçülür. Bu baxımdan, Aqil müəllim, mehriban, mərhəmətli və yardımsevər əməlləri ilə gələcəyimizi daha da sağlam və güvənli edir. Onun yaxşılıqları özünün açdığı cığır olmaqla yanaşı, ardınca qoyduğu ən gözəl izdir. Maddi sərvətlər zamanla itə, bəzi xatirələr unudula bilər. Lakin səmimi şəkildə edilən yaxşılıq insan qəlbində yaşayır. Xeyirxahlığın əsl ünvanı da elə Aqil müəllimin gözəl qəlbidir…

Böyük zəhmətlə yoğrulan 65 illik ömür
Aqil Kərimov üçün zəhmətlə yoğrulan 65 illik yubiley öz ömür yoluna nəzər salmaq, keçmiş illərin qiymətini vermək və qarşıdakı illərə xoş arzularla baxmaq baxımından gözəl fürsətdir. Aydındır ki, 65 yaş həyatın yekunu deyil. Əksinə, insanın qazandığı təcrübəni, müdrikliyi və həyatın sınaqlarından çıxardığı nəticələri yeni nəsillə bölüşə biləcəyi yetkinlik dövrüdür. Bu əlamətdar yaşda Aqil Kərimova ən böyük arzu möhkəm cansağlığı, ailə səadəti, könül rahatlığı və doğmalarının əhatəsində uzun ömürdür. Qoy illər onun üçün yalnız təqvimdə dəyişən rəqəmlər deyil, yeni gözəl xatirələrin başlanğıcı olsun. Qoy insanlara göstərdiyi hörmət, dostlarına bəslədiyi sədaqət və həyatında qazandığı xoş münasibətlər bundan sonra da onun yoluna işıq salsın. Çünki insanın əsl sərvəti nə topladığı maddi nemətlər, nə də keçdiyi vəzifə pillələridir. Əsl sərvət onun arxada qoyduğu xoş iz, insanların qəlbində qazandığı hörmət və illər sonra böyük sevgi ilə xatırlanmasıdır. Onu tanıyan hər kəs üçün doğma, səmimi və sevilən bir insan olmaq Aqil Kərimovun ən böyük dəyərlərindəndir. Çünki, o, xeyirxahlığın, insanlara hörmətin simvolu olmaqla yanaşı, 11 yaş kiçik olmağıma baxmayaraq, mənim üçün də dostdur və sədaqət, mədəniyyət və nəzakət nümunəsidir.
Hörmətli Aqil müəllim, hər kəs yaxşı bilir ki, hər ağac öz kökləri ilə möhkəmlənir, hər gələcək isə keçmişin zəhməti və təcrübəsi üzərində qurulur. Sizin 65 ilinizin işığı da məhz belə bir yolun rəmzidir. Pöhrələnən ağaclar isə gələcəyin simvoludur. Onlar yeniliyi, inkişafı, gəncliyi və davamlılığı ifadə edir. Hər yeni pöhrə sabaha atılan bir addım, hər böyüyən ağac isə gələcək nəsillərə ötürülən bir mirasdır. 65 il ərzində yandırılan işıq bu gün yeni üfüqləri aydınladır. Möhkəm köklər üzərində böyüyən hər ağac kimi, böyük dəyərlər üzərində qurulan gələcək də daim pöhrələnir, çiçəklənir və yeni bəhrələr verir. Məhz bu gələcəkdə, bu pöhrədə, bu çiçəkdə, bu bəhrədə Sizin böyük payınız var. Çünki 65 ilin işığında təkcə özünüz yox, yaxşılıq etdiyiniz minlərlə insan, gənclərimiz sevinib, Sizlərə duaçı olub. Bütün bunlara görə təşəkkür edir, qarşıdakı illərinizin sağlamlıq, firavanlıq, ailə istiliyi, dost məclisləri, xoş xəbərlər və nəcib əməllərlə zəngin olmasını arzulayıram.
Bir daha 65 illik yubileyiniz mübarək olsun!
Əsgər Əlioğlu















