Özünü axmaq və gülünc kimi göstərən Kramarov kim idi? – ARAŞDIRMA – RETRO BAKU - VİDEO
Baku TV-nin Xəbərlər Departamentinin müəllif və yaradıcı bölməsinin təqdimatı ilə müəllif-aparıcı Afaq Hüseynovanın “Retro Baku” verilişinin növbəti buraxılışı hazırlanıb.
Rakus.az xəbər verir ki, veriliş tanınmış sovet və amerikan aktyoru Saveli Kramorovun həyatına həsr olunub.
Süjetdə bildirilir ki, o, 1934-cü il oktyabrın 13-də Moskvada tanınmış vəkil Viktor Kramorovun ailəsində doğulub. Onun dörd yaşı tamam olmamış atası 1938-ci ildə antisovet təbliğatı ittihamı ilə həbs olunaraq 8 il müddətinə QULAQ düşərgələrinə göndərilir və illər sonra dünyasını dəyişir. Saveli anası Benedikta ilə tək qalır, ailə qorxu və yoxsulluq içində yaşayır. Saveli 16 yaşında olanda anası xərçəngdən vəfat edir. Onu dayısı yanına aparır. Saveli dünyada necə sağ qalmağın yollarını axtarırdı. O, xilas yolunu görünməz olmaq və ya təlxəyə çevrilmək olduğunu düşünür, sifətinin, göz qapağındakı qalınlaşmanın qəribə olduğunu fərq edərək bu qüsuru silaha çevirir. Kramorov çəpgöz şəkillərini kinostudiyalara göndərir. Zaman keçdikcə xalqın sevimli komik aktyoruna çevrilir. 1971-ci ildə “Cənablar bəxtəvərdir” filmində çəpgöz rolu yaranır. O, bundan sonra əsas gəlirini filmlərdən yox, “solo konsertlərdən” qazanır. 1970-ci illərin ortalarında gizli milyonçuya çevrilir. Onun şənbə günü çəkilişə çıxmaqdan imtina etməsi sovet sistemi üçün açıq çağırış idi. Artıq o, KQB (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi) üçün zərərsiz komik kimi görünmür, əlaqələri və rəsmi maaşından qat-qat çox gəlirləri izlənilir. Ona Xalq artisti adı verilmir, xarici ölkələrə qastrol səfərləri pozulur və nəhayət, istintaq söhbətlərinə çağırılır. O, İsrailə getmək üçün sənəd verməsinə görə “qara siyahıya” düşür. Teatrdan qovulur, filmlərdən çıxarılır və adı qadağan edilir. Aktyor pul qurtaranda antik kolleksiyasını satmağa başlayır.
KQB onu aclıq və unudulmaqla sındırmaq istəsə də Kramorov geri çəkilmir. Soyuq müharibənin qızğın vaxtında ABŞ Prezidenti Ronald Reyqana dövlət başçısı kimi yox, bir aktyorun digər aktyora müraciəti kimi məktub yazır. Məktub “Amerikanın səsi” radiosunda oxunur, qəzetlərdə dərc edilir. Dünya Sovet İttifaqında sevimli gülüş ustasının girov saxlanıldığını öyrənir. Sovet rejimi seçim qarşısında qalır, onu ya öldürməli, ya həbs etməli, ya da ölkədən çıxarmalı idi. Beynəlxalq qalmaqal yaranmasın deyə, 1981-ci il oktyabrın 31-də Saveli Kramorova Moskvanın Şeremetyevo hava limanından xaricə getməyə icazə verilir. O, ABŞ kinoaktyorları gildiyasına üzv olur., Saveli Kramorov rejissor Uolter Hillin 1988-ci ildə çəkdiyi “Qırmızı istilik” filmində baş rolda oynayan Arnolt Şvartsnegerlə birlikdə rol alır. Aktyor 6 iyun 1995-ci ildə San-Fransiskoda (ABŞ) dünyasını dəyişir.
Süjetd qeyd olunur ki, Saveli Kramarov anasına olan sevgisi ilə də xatırlanır. Belə ki, 1950-ci ildə anasını itirən aktyor bu ayrılığın ağrısını uzun illər qəlbində daşıyırdı. Anası Benedikta Solomonovna Volçekin külü Moskvadakı Donskoy qəbiristanlığının kolumbariumunda saxlanılırdı. ABŞ-yə mühacirət etməzdən əvvəl, Kramarov 1980-ci illərin əvvəllərində anasının külü saxlanılan qabı – urnanı gizlicə oradan götürərək özü ilə xaricə aparır və Amerikada yaşadığı evin yaxınlığında, bir ağacın altında torpağa basdırır. Bu hadisə aktyorun anasına olan dərin bağlılığı əks etdirən təsirli hekayədir.
Sonda vurğulanır ki, Saveli Kramarovun həyat hekayəsində qazandığı sevgi və tənhalıq, gizli milyonlar, imperiyadan qaçış, azadlıq tələsi, ölümsüzlük arzusu və nəhayət ömrü boyu qorxduğu xəstəlik dayanır. Sovet sisteminə nifrət edən, ağrılı-acılı ömür yolu olan tanınmış aktyorla bağlı yadda qalan isə sovet rejimindən sağ qurtulmaq üçün özünə məcbur axmaq maskası taxması, göz qapağındakı qüsuru silaha çevirməsi, 120 yaşına qədər xoşbəxt yaşamaq istəyi və çəkildiyi filmlərdir.
Veriliş oktyabrın 25-də Baku TV-nin YouTube kanalında yayımlanıb.














